Ana Səhifə / Fəaliyyət / Naftalan tipli neftlərin balneoloji fenomeninin geoloji təbiəti: geokimyəvi və flüidodinamik aspektlər

Avtoreferatlar

Naftalan tipli neftlərin balneoloji fenomeninin geoloji təbiəti: geokimyəvi və flüidodinamik aspektlər

İddiaçı: Samir Qadir oğlu Zeynalov

İxtisas:  2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Elm sahəsi: Yer elmləri

 


Mövzunun aktuallığı və işlənmə dərəcəsi:


Naftalan nefti dünyanın nadir və balneoloji baxımdan unikal təbii resurslarından biridir. Onun müalicəvi xüsusiyyətləri Nizami Gəncəvi və Marko Polonun yazılarına əsasən qədim dövrlərdən məlum idi. Naftalan nefti kimyəvi və fiziki xassələri baxımından müxtəlif tədqiqatçıların diqqətini cəlb etmiş, onun müalicəvi təsirləri barədə çoxsaylı nəticələr əldə olunmuşdur. Lakin bu neftin geoloji təbiətini, həmçinin müalicə fenomenini müəyyən etmək məqsədilə biomarker tərkibinə əsaslanan sistemli geokimyəvi araşdırmalar aparıl­­mamışdır. Halbuki, triterpanlar, hopanlar, steranlar və adaman­tanlar üzrə biomarker analizi Naftalan neftlərinin digər neftlərlə müqayisədə unikal geokimyəvi xüsusiyyətlərə malik olduğu və müalicə effektində bu biomarkerlərin iştirakı məlum olmuşdur.


Naftalan neftinin mənşəyi barədə alimlər tərəfindən geniş tədqi­qatlar aparılmış və müxtəlif fərziyyələr irəli sürülsə də bu məsələ açıq olaraq qalmaqdır. Dissertasiya işində yerinə yetirilən geoloji-geokimyəvi tədqiqatlar Naftalan neftinin mənşəyi haqqında daha dəqiq fikir yürütməyə imkan verir.


Naftalan yatağında yerləşən müalicəvi neftin unikal tərkibinin geoloji təbiətini müəyyənləşdirmək, Azərbaycanın digər neft-qazlı rayonları ərazisində oxşar geoloji şəraitdə formalaşan yataqların neft­lərinin geokimyəvi tədqiqatı vasitəsilə onların müalicəvi xassələrinin aşkar olunmasına da yeni imkanlar aça bilər.


Xüsusilə qeyd etmək lazımdır ki, prezident İlham Əliyev 28 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan neftinin hasilatı, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, onun istifa­də­sinin və ondan hazırlanan dərmanların genişləndirilməsi, o cümlədən Naftalan şəhərinin dünyada sağlamlıq turizmi şəhəri kimi tanınması məqsədi ilə sərəncam imzalayıb.


Beləliklə, Naftalan neftinin balneoloji fenomeninin biomarker analizi əsasında öyrənilməsi və bu nəticələrin yatağın geodinamik inkişafı və flüidodinamik şəraiti ilə əlaqələndirilməsi həm fundamen­tal elmin inkişafı baxımından, həm də Azərbaycanın unikal müalicəvi resurslarının elmi əsaslarla izahı və beynəlxalq səviyyədə tanıdılması baxımından aktual tədqiqat istiqamətidir.

 

Tədqiqatın obyekti və predmeti.


Dissertasiya işinin tədqiqat obyekti Orta Kür çökəkliyinin Gəncə neftli vilayətinə aid olan Kiçikqafqazönü çökəklik daxilində yerləşən Naftalan yatağıdır. Yataqdan geokimyəvi tədqiqatlar aparmaq məqsədilə müalicəvi, yanacaq və 1 il müalicəvi məqsədlər üçün istifadə olunmuş neft nümunələri götürülmüşdür.


Kiçikqafqazönü çökəklikdə əsas neftli rezervuar hesab olunan Maykop yaşlı süxurların ana süxur potensialını öyrənmək məqsədilə çökəklik ərazisindən  21 kern və 47 təbii çıxış nümunəsi əldə olunmuş və pirolitik tədqiqatlar aparılmışdır.


Dissertasiya işinin predmeti Naftalan yatağının müalicəvi neftlərinin biomarker tərkibinə əsaslanan sistemli geokimyəvi araşdırmalar aparılması və onların unikal tərkibinin geoloji təbiətini müəyyənləşdirməsindən ibarətdir.

 

Tədqiqatın məqsədi və vəzifələri.


Dissertasiya işinin məqsədi kompleks geoloji, geokimyəvi və flüidodinamik tədqiqatlar əsasında müalicəvi Naftalan neftinin geoloji təbiətinin öyrənilməsindən ibarətdir.


Bu məqsədə çatmaq üçün dissertasiya işinin əsas vəzifələri aşağıdakılardır:

  1. Kiçikqafqazönü çökəkliyin və Naftalan yatağının geoloji quruluşu, geodinamik inkişafı və qırılma tektonikasının tədqiqi
  2. Kiçikqafqazönü çökəklikdə Maykop yaşlı süxurların ana süxur potensialının pirolitik tədqiqatlar vasitəsilə öyrənilməsi
  3. Naftalan müalicəvi və yanacaq neftlərinin karbohidrogen, fraksiya, mikroelement və biomarker tərkibinin tədqiqi
  4. Naftalan müalicəvi və yanacaq neftlərinin biomarker-geo­kim­yəvi parametrlər əsasında müqayisəli təhlili
  5. Naftalan yatağının termobarik şəraitinin tədqiqi
  6. Yatağın hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi
  7. Neftlərin və lay sularının geokimyəvi göstəricilərinin məkan­da paylanması qanunauyğunluqlarının tədqiqi
  8. Naftalan neftinin müalicəvi xüsusiyyətlərinin yaranmasında yatağın flüidodinamik proseslərinin rolunun öyrənilməsi

 

Tədqiqat metodları.


Dissertasiya işinin yerinə yetirilməsi zamanı müasir cihazlar vasitəsilə müxtəlif metodlardan istifadə olunmuşdur. Kiçikqafqazönü çökəklikdə Maykop yaşlı çöküntülərin gene­ra­siya potensialı Rock-Eval 6 analitik cihazında süxur nümunə­lərinin piroliz üsulu ilə vasitəsilə tədqiqatı nəticəsində  öyrənilmişdir.


Naftalan müalicəvi və yanacaq neftlərinin biomarker anzalizinin aparılması və karbohidrogen tərkibinin təyini yüksək effektivlikli Shimadzu Nexis GC-2030 cihazında  xromatoqrafiya-mass spektro­metriya (GC-MS) üsulu ilə aparılmışdır.


Neft nümunələrinin potensial fraksiya tərkibinin təyini STA 6000 sinxron termiki analizato­run­dan istifadə etməklə aparılmışdır.


Neft nümunələrinin mikroelementlərinin təhlili NexION 300D induktiv birləşmiş plazma (ICP-MS) mass spektrometri vasitəsilə təyin olunmuşdur.


Alınmış nəticələrin emalı standart kompüter proqramın istifa­dəsi ilə aparılmışdı.

 

Dissertasiya işinin müdafiə olunan müddəaları:

  1. Kiçikqafqazönü çökəklikdə kompleks geoloji, Maykop yaşlı çöküntülərin və neftlərin biomarker-geokimyəvi tədqiqatı nəticəsində Naftalan yatağı neftlərinin Maykopaqədər (üst Təbaşir-Eosen) strati­qrafik komplekslərdə əmələ gəlməsi və miqrasiya təbiətli olması.
  2. Naftalan neftinin müalicəvi xüsusiyyətlərinin flüidodinamik və ekzogen proseslərin qarşılıqlı təsiri nəticəsində formalaşması

 

Tədqiqatın elmi yeniliyi:

  1. Kiçikqafqazönü çökəklikdə kompleks geoloji, süxurlar və neftlərin biomarker-geokimyəvi tədqiqatları əsasında Naftalan yatağı neftlərinin Maykopaqədərki (üst Təbaşir-Eosen) stratiqrafik çöküntü­lərdə əmələ gələrək Maykop yaşlı rezervuarlara miqrasiya etməsi müəyyən edilmişdir.
  2. Naftalan müalicəvi və yanacaq neftlərinin geoloji təbiətini öyrənmək məqsədilə, neftlərdə biomarkerlərin təyini tədqiqatı aparıl­mışdır. Hesablanmış biomarker-geokimyəvi parametrlərin müqayisəli tədqiqi nəticəsində müalicəvi və yanacaq neftlərinin eyni mənşəyə malik olduğu müəyyən olunmuşdur.
  3. Naftalan neftlərinin biomarker tərkibi və mikrobioloji xassə­lərinin müqayisəsi zamanı müalicə effektində triterpan, hopan, adaman­toid karbohidrogenlərinin və arxeylərin mövcudluğunun əsas rol oynadığı aşkar edilmişdir.
  4. Kompleks geokimyəvi və hidrokimyəvi tədqiqatlar nəticəsin­də müəyyən edilmişdir ki, flüidodinamik və infiltrasiya prosesləri üst horizontlarda yatan Naftalan neftinin oksidləmə-biodeqradasiyasına və beləcə, neftlərin unikal geokimyəvi-mikrobioloji və müalicəvi xassələrinin yaranmasına səbəb olub.

 

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti.


Dünyada müalicəvi nefti, o cümlədən eyni yataqda iki fərqli tip neftin olması ilə tanınan  Naftalan nefti bir çox tədqiqatçılar tərəfindən öyrənilmişdir və neftin unikal xüsusiyyətləri barədə fərqli fikirlər yürüdülmüşdür. Buna baxmayaraq, Naftalan yatağından hasil olunan, geokimyəvi aspektdə bir-birindən seçilən müalicəvi və yanacaq neftlərinin müasir geokim­yəvi metodlarla tədqiqinə çox az rast gəlinir. Həmçinin qeyd etmək zəruridir ki, Naftalan neftinin balneoloji effektinin yaranmasında yataqda gedən geoloji proseslərin rolunun nədən ibarət olduğu açıq olaraq qalır.


Bunları nəzərə alaraq, Naftalan müalicəvi və yanacaq neftlərinin mənşəyinin öyrənilməsi və neftin balneoloji effektinin müəyyən olunması üçün biomarker-geokimyəvi metodlarla müqayisəli tədqiqatı mühüm əhəmiyyət kəsb edir. Müalicəvi Naftalan neftinin unikal xüsusiyyətlərinin yaranmasında yatağın geoloji və flüiododinamik proseslərinin iştirakının müəyyən edilməsi Azərbaycan, o cümlədən dünya miqyasında oxşar geoloji şəraitdə yerləşən yataqların neftləri­nin balneoloji xassələrinin tədqiq edilməsinə yol aça bilər. Bu isə öz növbəsində ölkəmizdə müalicə turizminin inkişafına təkan verəcəkdir. Dissertasiya işi çərçivəsində aparılan tədqiqatlar və alınan nəticələr Naftalan neftinin istifadəsinin genişlənməsinə böyük töhfə verə bilər.


Avtoreferatı yüklə