Ana Səhifə / Haqqımızda / Ümumi məlumat

Ümumi məlumat

Geologiya İnstitutunun yaranma tarixi
Geologiya İnstitutunun yaranma tarixi
 
1926-cı ildə Azərbaycanın öyrənilməsi və tədqiqi cəmiyyəti yaradılmışdır (geologiya və coğrafiya sahəsində tədqiqatlar).
 
1932-ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq SSRİ-nin Elmlər Akademiyasının Qafqazyanı filialının Azərbaycan bölməsi (AzOZFAN) (Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi). 1935-ci ildə AzOZFAN bir sıra institutlar ilə və o cümlədən Geologiya sektoru ilə birlikdə SSRİ-in Azərbaycan filialına çevrildi. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri: Ş.A.Əzizbəyov, M.A.Qaşqay, Ə.A.Yaqubovun təklifi ilə (SSRİ EA-nın Prezidiumumun dəstəyi ilə) geologiya sektoru əvəzinə müstəqil elmi-tədqiqat idarəsi Geologiya İnstitutuna çevrilib. İnstitutun yaranması və inkşafı Azərbaycanda neft və qaz sənayesinin sürətli inkşafı ilə eyni vaxta düşdü. İnstitutun qurulmasında və inkişafında məşhur rus alimləri: İ.M. Qubkin, D.B.Qolubyatnikov, V.V.Boqaçyov, N.B.Vasseviç, V.V.Veber, A.V.Vinaqradov, S.A.Kovalevskiy, D.V.Nalivkin, E.F.Savarenskiy, J.V.Rizniçenko, M.A.Sadovskiy, V.V.Tixamirov, B.S.Sokolov, V.E.Xain və s. köməyi çox olub. Elmi işçilərin hazırlanmasında gürcü həmkarları L.Ş.Davitaşvili, Q.S. Dzosenidze, İ.V.Kaçarova, M.S.Eristavi, A.A.Saqareli, E.A.Djibladze, və s. daim diqqət yetiriblər.
 
Azərbaycanın bir sıra məşhur alimləri-akademiklər Əzizbəyov Ş.A, Əliyev M.M, Əlizadə A.A, Əlizadə K.A, Əhmədov Q.A, Qaşqay M.A, Məmmədov A.B, Məmmədov Ş.N, Mehdiyev Ş.R, Səmədov S.Q, Sultanov K.M, Əfəndiyev Q.X, elmlər doktorları Hacıyev R.M, İsmayılzadə T.A. və s. öz istedadları və əməkləri ilə Azərbaycanın geologiya elmini inkişaf etdiriblər.
 
Nəsildən nəsilə ötürülən elmi müvəffəqiyyətlərinin estafedi nəticəsində Geologiya İnstitutu AMEA-da görkəmli yer tutur və Yer elmləri sahəsində bütünlüklə fundamental və tədbiqi işlər ilə məşğul olur. Geologiya İnstitutunun yarandığı müddətdən indiyə qədər bir sıra rəhbərləri olub: professor M.T.Ağabəyov (1938-1943), akademik K.A.Əlizadə (1943-1945), akademik A.D.Süleymanov (1945-1949), müxbir üzvü A.Q.Əliyev (1949-1951), g.m.-e.n. A.S.Bayramov (1951-1954), akademik Ş.F.Mehdiyev (1954-1958), akademik A.D.Sultanov (1958-1970), prof. E.N.Əlixanov (1970-1976). 1976-cı ildən bu günə kimi AMEA-ın akademiki Ak.A.Əlizadə AMEA Geologiya İnstitutunun direktoru vəzifəsində çalışır.
 
2003-cü ildə Geologiya İnstitutunun və Dərin Neft-qaz yataqlarının problemləri institutlarının bazası üstündə AMEA Geologiya İnstitutu yarandı.

2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə (№ 104, 15 aprel 2014-cü il) Geologiya İnstitutu AMEA-nın Geologiya və Geofizika İnstitutu adlandırıldı.

İnstitutun strukturasına 24 elmi-tədqiqat şöbəsi, Ümumdünya nüvə sınaqlarının aparılmasının ləğvi haqqında Preparativ Komitə Təşkilatının təşəbbüsü ilə 2003-cü ildə yaranan Azərbaycan Milli Məlumatlar Mərkəzi, Elmi cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi, H. Zərdabi adına Təbiət-Tarix Muzeyi daxildir. İnstitutda 108 elmi işçi işləyir ki, onlardan 5 nəfər AMEA-ın akademiki (1 nəfər PEA-ın müxbir üzvü), 4 nəfər AMEA-ın müxbir üzvü, 17 nəfər elmlər doktoru, 62 nəfər elmlər namizədidir.
 
Əsas fəaliyyət istiqamətləri:
  • Çökmə hövzələrinin təkamülü;
  • karbohidrogenlərin formalaşması (o cümlədən böyük dərinliklərdə);
  • təbii və texnogen mənşəli proseslərin öyrənilməsi;
  • geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması;
  • təbiətdən səmərəli istifadənin elmi əsaslarının işlənib hazırlanması;
  • ətraf mühitin mühafizəsi;
  • Yerin fiziki sahələrinin öyrənilməsi.

Əsas elmi nəticələr:

Üçölçülü modelləşmə əsasında istilik rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanca rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza halları qiymətləndirilmişdir. Cənubi Xəzər çökəkliyinin geoloji şəraiti, karbohidrogenlərin ontogenezinin tam tsiklini əhatə edən, onların müxtəlif formalı miqrasiya xüsusiyyətləri tədqiq edilmişdir.

Neft əmələgətirən süxurlardan karbohidrogenlərin miqrasiya şəraitinin məkan baxımından qeyri-bərabərliyi müəyyən edilmiş, aşağı qatda yatan (yaşca qədim) çöküntülərdən geoloji strukturu karbohidrogenlərlə qidalandıran ocaqların mövcudluğu aşkar olunmuş, neft və qazın subşaquli miqrasiyası qiymətləndirilmişdir.

Azərbaycanın depresion zonalarının pliosen-dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə qiymətləndirilməsi verilmiş və onların istifadəsi üçün ilkin obyektlər ayrılmışdır. GPS monitorinqi və seysmogeodinamik tədqiqatlarla deformasiya prosesləri haqqında yeni məlumatlar əldə edilmişdir.

GURALP seysmik sistemindən istifadə etməklə, aparılmış mikrotremor ölçmələr nəticəsində rezonans tezliklərin paylanması, qruntun yüklənmə əmsalı, güclü zəlzələ üçün intensivliyin dəyişmələri müəyyən edilmişdir.

Dünya palçıq vulkanlarının Atlası tərtib olunmuşdur.