Avtoreferatlar
Qərbi və Şərqi Azərbaycan ərazisində maykop çöküntülərinin toplanma şəraiti və karbohidrogen rezervuarlarının xüsusiyyətləri (Orta Kür və Şamaxi-Qobustan çökəklikləri timsalında)
İddiaçı: Kəmalə Hüseyn qızı Səfərli
İxtisas: 2521.01- Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı
Elmi sahəsi: Yer elmləri
Mövzunun aktuallığı və işlənmə dərəcəsi
Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında neft-qaz sənayesinin inkişafı xüsusi rol oynayır. Hazırda dünya bazarlarına yüksək keyfiyyətli Azərbaycan nefti çıxarılır və nəticədə ölkəyə investisiya axını təmin edilir. Bu isə, öz növbəsində, neftlilik-qazlılıq cəhətdən perspektivli sahələrdə axtarış və kəşfiyyat tempini artırmağa və yeni yataqların kəşfinə imkan yaradır. Azərbaycanın quru ərazisinin neft-qaz perspektivliyi böyük qalınlıqlı süxur qatına, yaxşı neft-qaztörədici lay dəstələrinə və rezervuarlara malik Maykop çöküntüləri aid edilir. Bu çöküntülərin sedmentasiyahözəsininlitologiyası, stratiqrafiyası, mikrofaunası və digər geoloji məsələlər uzun illər müddətində bir çox görkəmli tədqiqatçılar tərəfindən öyrənilmişdir. Bu tədqiqatçılardan V.H.Abixi, İ.M.Qubkini, B.E.Xaini, V.V.Boqaçovu, C.M.Xəlilovu, D.A.Ağalarovanı, H.Ə.Əhmədovu, Ə.Ə.Əlizadəni, S.H.Salayevi, Ş.F.Mehdiyevi, İ.S.Quliyevi, Ə.Ə. Feyzullayevi, M.B.Xeyirovu, T.N.Kəngərlini, V.Ş.Qurbanovu, H-M.Ə.Əliyevi, E.H-M.Əliyevanı, D.A.Hüseynovu, F.S.Cəfərovu, E.Ş.Şıxəlibəylini, M.N.Məmmədovu, E.M.Şəkinskini, Ş.A.Əzizbəyovu, A.A.Əlizadəni, R.İ.Rüstəmovu, Ş.Ə.M.Süleymanovu, Ş.S.Köçərlini, A.B.Məmmədovu, X.M.Yusifovu, Ə.M.Salmanovu, B.İ.Məhərrəmovu, R.R. Rəhmanovu, B.Ə.Bağırovu, M.A.Bəkirovu, A.Q.Əhmədovu, Ç.Ə.Tahirovu, Y.N.Qənbərovu, A.A.Babayevanı, M.Klostermanı və b. göstərmək olar.
Maykop çöküntüləri Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında, xüsusilə Orta Kür çökəkliyi və Şamaxı-Qobustan rayonlarında təbii çıxışlarla yer səthində və eyni zamanda dərin yatan strukturların geoloji quruluşunda geniş yayılmışdır. Tədqiqat işində faktiki materiallardan başqa, dərc olunmuş elmi əsərlərdən və geoloji hesabatların məlumatlarından və eyni zamanda çöl tədqiqat işlərinin nəticələrindən geniş istifadə edilmiş və bəzi tədqiqatçı alimlərin elmi araşdırmalarına istinad edilərək müqayisəli təhlillər aparılmışdır. Bu məlumatlara əsasən Maykop çöküntüləri demək olar ki, əsasən terrigen gilli fassiyada yayılıblar. Aparılan tədqiqatlar bu çökəkliklərdə neft-qazlılıq üçün əlverişli paleocoğrafi şəraitin olduğunu göstərir. Odur ki, bu sahəyə diqqətin artırılması və geoloji tədqiqatların bu istiqamətdə genişləndirilməsi məqsədəuyğundur. Cənubi Xəzər hövzəsinin qərb cinahını (Şamaxı-Qobustan çökəkliyi) və Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb və şimal-şərq qanadlarını əhatə edən Gəncə və Muradxanlı neftli-qazlı rayonunda və Kür-Qabırrı çaylararası sahələrdə Maykop çöküntülərinin stratiqrafiyası, litologiyası, geoloji inkişaf tarixi, petroqrafik və litofasial xüsusiyyətlərinin öyrənilməsi, eləcədə litostratiqrafik kəslişlərin qurulması, kollektorluq xassələrinin geniş tədqiq olunması gələcəkdə axtarış-kəşfiyyat işlərinin düzgün istiqamətləndirilməsinə imkan verəcəkdir. Bu məqsədlə, Maykop çöküntülərinin toplama şəraiti və litofasiyanın paylanması təhlil edilmiş, karbohidrogen rezervuarlarının xüsusiyyətləri müəyyənləşdirilmişdir.
Tədqiqatın obyekti və predmeti
Tədqiqatın obyekti Orta Kür və Şamaxı-Qobustan çökəklikləri, predmeti isə Azərbaycanın Maykop çöküntülərinin flüid akkumulyasiya xüsusiyyətinin aşkar olunması və kollektorluq keyfiyyıtinə görə dərinlik və sahə üzrə onların ranqlaşdırılması.
Tədqiqatın metodları
Tədqiqatın məqsədi və vəzifələri
- Qərbi və Şərqi Azərbaycan ərazisində Maykop süxurlarının litofasial xüsusiyyətlərinin təhlili və bunun əsasında sahə və kəsiliş üzrə onların litofasiyal xassələrinin dəyişmə qanunauyğunluğunun müəyyən edilməsi;
- Maykop yaşlı süxurların təbii çıxış və kern məlumatlarına əsasən kollektor xassələrinin öyrənilməsi və yaxşı süzülmə-tutum xüsusiyyətinə malik intervalların aşkar olunması;
- Orta Kür və Şamaxı-Qobustan çökəklikləri üzrə Maykop çöküntülərinin kollektor xüsusiyyətlərinin müqayisəsi;
- Kollektorların keyfiyyətinə fasial şəraitin və mineraloji tərkibin təsiri.
- Maykop süxurlarının kollektorluq keyfiyyətinə görə tədqiqat rayonlarının ranqlaşdırılması.
Tədqiqatın metodları
Qarşıya qoyulan məsələlərin həlli kern və yerüstü kəsilişlərdən götürülmüş süxur nümunələrin Geco Hazard Permeameter və Helium Porosimeter analitik PVT laboratoriya kompleksi ilə tədqiq olunmuşdur.
Müdafiəyə çıxarılan əsas müddəalar
- Orta Kür və Şamaxı-Qobustan çökəkliklərində Maykop hövzəsinin litofasiyal qeyri-bircinsliyi.
- Tədqiqat rayonlarında Maykop süxurlarının kollektor xassələrinin kəsiliş və sahə üzrə dəyişməsi, onların süzülmə-tutum keyfiyyətinə görə rayonlaşdırılması
- Orta Kür və Şamaxı-Qobustan çökəkliklərində Maykop süxurlarının kollektor xassələrinə fasial-mineraloji amillərin təsiri.
Tədqiqatın elmi yeniliyi
- İlk dəfə Orta Kür və Şamaxı-Qobustan çökəkliklərinin Maykop çöküntülərinin litofasial xassələrinin müqayisəli təhlili verilmişdir;
- İlk dəfə Orta Kür çökəkliyinin Maykop çöküntülərinin süzülmə-tutum xüsusiyyətləri müfəssəl tədqiq olunmuş və onların lokal və regional paylanma qanunauyğunları müəyyən edilmişdir (Kiçik Qafqaz ön çökəkliyi, Yevlax-Ağcabədi, Ceyrançöl çökəklikləri və Çatma antiklinoriumu);
- Orta Kür çökəkliyində Maykop süxurlarının fluid akkumulyasiya xüsusiyyətlərinə fasial və mineraloji amillərin təsiri müəyyən olunmuşdur;
- Orta Kür çökəkliyinin Maykop kəsilişi üzrə kollektorluq keyfiyyəti baxımından ən perspektivli intervallar müəyyən olunmuşdur;
- Şamaxı-Qobustan çökəkliyində Maykop çöküntüləri üzrə təbii çıxışlardan və quyulardan götürülmüş süxur nümünələrinin süzülmə-tutum xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə fərqli olduğu müəyyən edilmişdir;
- Orta Kür çökəkliyində Maykop süxurlarının kollektor keyfinə görə rayonlaşdırılmışdır.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti
Tədqiqatın nəzəri əhəmiyyəti – Orta Kür çökəkliyində Maykop çöküntülərinin toplanma şəraiti və kollektor xüsusiyyətlərinə təsir edən amillər öyrənilməsidir. Tədqiqatın praktiki əhəmiyyəti – çökəkliklərin litofasiyal və kollektor parametrlərinin paylanma xəritəsi əlverişli kollektor xüsusiyyətləri malik olan kəsiliş və sahələri izlənilməsinə və müxtəlif təyinatlı quyuların (axtarış-kəşfiyyat, istismar və b.) effektiv layihələndirilməsi üçün optimal şəraitlərin təyin olunmasına və neft-qaz yataqlarının kəşfiyyat və işlənmə parametrlərinin müəyyən edilməsinə imkan yaradır.
Avtoreferatı yüklə
Avtoreferatı yüklə