Avtoreferatlar
Azərbaycanın qaz təchizatı problemlərinin həlli yolları ilə əlaqədar yeraltı qaz anbarlarının yaradılmasının geoloji əsasları
Aslanov Vaqif D.
(2003)
İşin məqsədi, qaz təchizatının problemlərinin həlli yolları ilə əlaqədar, eksperimental, nəzəri və mədən tədqiqatları əsasında, vahid texnoloji layihə çərçivəsində yeraltı qaz anbarlarının yaradılmasının və ağır karbohidrogenlərin çıxarılmasının geoloji əsaslarının işlənib hazırlanmasından ibarətdir.
Yaxın illərdə Azərbaycan böyük həcmdə yerli və tranzit qazını ixrac edəcəkdir. Bu şəraitdə ölkədə fəaliyyət göstərən YQA hətta rekonstruksiya və genişləndirildikdən sonra qaz nəqli sistemini etibarlı tənzimləyə bilməyəcəkdir. YQA-ın yaradılmasının müxtəlif üsullarının olmasına baxmayaraq, daha effektli metodların işlənib hazırlanmasına ehtiyac vardır. Qaz represiyası prosesi ilə əhatə olunmuş aşağı keçiricilikli neft laylarında YQA-ın yaradılması təklif olunur. Yüksək təzyiq altında neftli laya vurulan qazın nefti sıxışdırıb çıxarması nəticəsində əmələ gələn süni qaz zonasında “pik” və “bazis” tipli YQA-nın yaradılması iqtisadi cəhətdən səmərəli ola bilər. Tam tükənməmiş və tükənmiş neft layında tektogen proseslər nəticəsində əmələ gələ biləcək “qaz papaqlarında” YQA-nın yaradılmasının geoloji əsasları təhlil edilmişdir. YQA-ın yaradılması və laydan ağır karbohidrogenlərin çıxarılmasının səmərəli metodları, qazkondensat yatağının neft zolağına yüksək təzyiq altında qaz vurmaqla neftin çıxarılması metodu işlənib hazırlanmışdır. Sayklinq-prosesinin yeni modifikasiyası və neft zolaqlı tükənmiş qazkondensat yatağının bazasında yaradılmaqda olan YQA-da retroqrad kondensatının çıxarılması məqsədilə yüngül karbohidrogenlərin geniş fraksiyasının obyektə vurulması metodu, duz yatağı bazasında təbii qaz saxlamaq üçün geotexnoloji üsulla yeraltı kameraların yaradılması təklif edilir.
Tədqiqatlar göstərir ki, qazkondensat (Qalmaz, Qaradağ), neft (Qoyt-Kort, Samqori-Patardzeuli, Qarabağlı, Kürsəngə), qaz-neft (Qara-bulak-Açaluki, Lökbatan) yataqları bazasında YQA-nın yaradılmasında əsas kriteriyalar tektonik və litoloji faktorlar, etibarlı gil “qalxanı”, karbohidrogen ehtiyatlarının tükənmə dərəcəsi, “tələnin” geoloji və texnogen hermetikliyi, məsamələrin maksimal qazdoyma həcmləri, işlənmə rejimləri və s. mühüm rol oynaya bilərlər.