Ana Səhifə / Fəaliyyət / Böyük Qafqazın Şərq seqmentinin stratiform kolçedan yataqlarının geokimyası

Avtoreferatlar

Böyük Qafqazın Şərq seqmentinin stratiform kolçedan yataqlarının geokimyası

Novruzov Novruz Ə.

(2011)

Şərqi Qafqazın kolçedan yataqlarının tekstur-mineraloji filiz tipləri, sulfid mineralları, oksidləşmə zonaları və filizyerləşən qumlu-gilli çöküntülərində nadir, nəcib (Au, Ag) və digər müşayiətedici elementlərin paylanma qanunauyğunluqları müəyyən edilmişdir. Filizlərdə komponentlər arasında qarşılıqlı əlaqələr və sulfid minerallarının nadir elementlərlə zənginləşmə dərəcəsi aşkar edilmişdir. Qurğuşun və sulfoduzların yüksək rolu olduğu kolçedan-polimetal yatımlarında müşayiətedici nadirmetal filizləşmənin daha böyük inkişafa malik olması Filizçay yatağı timsalında göstərilmişdir. Yataqlarda mineraloji-geokimyəvi zonallıq filiz tipləri və mineral assosiasiyaların məkanca yerləşməsi ilə sıx əlaqədardır. Əsas filizəmələgətirən və qatışıq komponentlərin konsentrasiyalarının və indikator nisbətlərinin qanunauyğun dəyişməsi ilə ifadə olunan ilkin geokimyəvi zonallıq Filizçay yatağında zonallıq göstəricisinin ölçüsü ilə daha parlaq şəkildə özünü göstərir. Filiz yatımı və filizətrafı məkanda əsas və qatışıq elementlərin paylanmasının ümumi qanunauyğunluğu cinahlarda və dərin horizontlarda kolçedan filizləşməsinin proqnozu üçün istifadə oluna bilər. Filizyerləşən qatda bəzi komponentlərin (Tl, Ag, Hg, Sn, həmçinin Mo, Bi və s.) paylanma xüsusiyyətləri onların “gizli” filiz yığıntılarının aşkarlanma indikatorlarına aid edilməsinə imkan verir.


Kolçedan filizlərdə və sulfid minerallarında element-qatışıqların paylanma parametrləri filizəmələgəlmə prosesinin fiziki-kimyəvi şəraitlərinin geokimyəvi kriteriləri qismində, həmçinin filiz maddəsinin mənbəyi məsələlərinin aydınlaşdırılmasında istifadə edilmişdir. Filizçay, Katex və Kasdağ yataqlarının kolçedan-polimetal filizlərdə qızıl və gümüşün mütləq miqdarlarının Ag/Au ölçüsünün meteorit standartında müvafiq qiymətlərlə müqayisəli təhlili qızıl-gümüş minerallaşmasının assimilyasıyası qabıq mənbəsi ilə əlaqəsini dolayısı ilə göstərir.

 
Geokimyəvi spektrlərin müqayisəsi ilə regionun kolçedan yataqlarının oxşarlığı və fərqi aşkarlanmışdır. Onların klassik kolçedan daşıyan əyalətlərlə müqayisəsində müəyyən edilmişdir ki, nadir elementlərin, qızıl və gümüşün konsentrasiya səviyyəsinə görə Şərqi Qafqazın kolçedan-polimetal yataqları Filizli Altaydakılara nisbətən ümumiyyətlə aşağı, Uralın mis-sink-kolçedan yataqlarına yaxın, Şimali Pribaykalye və Qərbi Zabaykalyenin stratiform yataqlarından mühüm dərəcədə üstündür.