Avtoreferatlar
Qızılbulaq yatağının mis-qızıl filizlərinin formalaşmasının geoloji-struktur xüsusiyyətləri və yerləşmə qanunauyğunluqları
Məmmədov Zakir İ.
(2005)
Dissertasiya işi Qızılbulaq yatağının mis-qızıl filizlərinin formalaşmasının struktur xüsusiyyətlərinə və yerləşmə qanunauyğunluğlarına həsr edilmişdir.
Elmi işdə Qızılbulaq yatağının Kiçik Qafqazın Löh-Qarabağ struktur formasiya zonasında geoloji-tektonik mövqeyi və bayosun kontrast bazalt-riolit formasiyasının filizsaxlayan süxur komplekslərinin petrokimyəvi xüsusiyyətləri araşdırılmış, yatağın formalaşmasının struktur xüsusiyyətlərinin səciyyəsi verilmiş, filiz kütlələrinin morfologiyası, filizin mineral tərkibi, qızıllılığı, mineral əmələgəlmə mərhələləri,metasomatitlər, filiz daxili şaquli və lateralzonallıq, filiz komponentlərinin paylanma xüsusiyyətləri ətraflı öyrənilmiş, mis-qızıl filizinin formalaşmasına və yerləşməsinə nəzarət edən amillər tədqiq edilmişdir.
Müəyyən edilmişdir ki, Qızılbulaq yatağı Drombon və Qızılbulaq həlqəvi strukturlarının və eyni adlı submeridional istiqamətli dərinlik qırılmasının qovuşma sahəsində yerləşmişdir. Yataqda mis-qızıl filizləşməsi bayosun kontrast bazalt-riolit formasiyasının süxurları ilə məkan və paragenetik əlaqələri təşkil edir. Yatağın formalaşması üst bayos mərtəbəsinin sonunda başa çatmışdır. Yataq bir birindən tektonik parçalanmalarla ayrılmış mürəkkəb və qeyri düzgün formalı üç filiz kütləsindən ibarətdir. Metasomatitlərin yerləşməsində və başlıca filiz komponentlərinin paylanmasında lateral və şaquli zonallıq müşahidə edilir, zəngin filizləşmə ən çox kvars-serisit və kvars-serisit-xlorit tipli törəmə kvarsitlərdə inkişaf tapmışdır. Filizəmələgəlmə prosesinin uzun müddətli və çox mərhələli olması müəyyən edilmişdir, filizləşmə iki mərhələdə beş mineral assosiasiyası əmələ gətirmişdir, onlardan ən məhsuldarı xalkopirit-pirit və kvars-pirit-xalkopiritdir,qızıl sərbəstvə əlaqəli şəkildə rast gəlir, görünən qızıl xalkopiritlə, piritlə və qismən də kvarsla assosiasiya təşkil edir, qızılın əsas daşıyıcısı xalkopiritdir.
Elmi işdə Qızılbulaq tipli yataqların formalaşmasının mümkün geoloji-genetik modeli verilmişdir.