Avtoreferatlar
Muradxanlı və Zərdab sahələrində üst təbaşir çöküntülərinin geoloji quruluşunun öyrənilməsi məqsədilə seysmik kəşfiyyat məlumatlarının təhlili və interpretasiyası
Şıxməmmədova Telli N.
(2007)
Muradxanlı və Zərdab sahələrinin geoloji-geofiziki xarakteristikası barədə məlumatlar, həmçinin burada tətbiq edilmiş seysmik kəşfiyyat üsullarının nəticələri təhlil edilmiş və ümumiləşdirilmişdir.
VÜDN sürətinin qiymətlərinin Paleogen-Miosen və üst Təbaşir çöküntüləri üçün tətqiq olunmuş sahələrdə seysmik profillərin istiqamətindən asılılığının əyriləri hesablanmış və qurulmuşdur. Bundan başqa, dərin quyuların seysmokarotaj məlumatlarından istifadə etməklə hımin çöküntülər üşün seysmik sürətlərin anizotropiya əmsalları müəyyən edilmişdir.
Geofiziki üsullarla əvvəllər öyrənilməmiş Bozqobu-Çılpaq Yarğan gölü-Muradxanlı bataqlıq sahəsi üçün çoxqatlı qeyri-uzununa seysmik profilləmə və qazma məlumatları əsasında dizyunktiv pozğunluqları nəzərə almaqla üst Təbaşir və Maykop çöküntülərinin səthi üzrə struktur xəritələr qurulmuşdur. Bu xəritələri “Azərneftgeofizika” trestinin (indiki “Kəşfiyyatgeofizika” İdarəsi) Kür çayının şimalında yerləşən sahələr üçün tərtib etmiş xəritələrə bağlamaqla həmin çöküntülər üçün vahid struktur xəritələr qurulmuşdur. Bu xəritələr əsasında aydınlaşdırılmış və Təbaşirin səthi ilə Maykop lay dəstəsinin tavanı arasında yerləşmiş süxurların bərabər qalınlıqlar xəritəsi tərtib edilmişdir. Alınmış geoloji nəticələr asasında Muradxanlı sahəsinin qərb hissəsinin neftlilik-qazlılıq perspektivliyi qiymətləndirilmiş və burada üst Təbaşir çöküntülərində yeni neft-qaz yataqlarının aşkar edilməsi məqsədilə axtarış-kəşfiyyat quyularının qazılması tövsiyə olunmuşdur. Dərin qazma üçün seçilmiş sahələrin perspektivliyi neft-qaz yataqlarının sınan dalğalarla birbaşa axtarışı üsulu ilə aşkar edilmiş “yataq-tipli” anomaliyalarla təstiq olunur.
“Azərneftgeofizika” tresti və Geofizika Elmi Tətqiqat İnstitutu tərəfindən Zərdab sahəsində alınmış ÜDN zaman kəsilişləri interpretasiya olunmuşdur. Bu məlumatlar üzrə dərinlik seysmik kəsilişləri qurulmuş, onların əsasında isə ilk dəfə olaraq Təbaşir çöküntülərinin daxili geoloji quruluşunu əks etdirən struktur xəritə tərtib edilmişdir.