Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Haqqımızda / Şöbələr / Müasir geodinamika və kosmik geodeziya şöbəsi
Müasir geodinamika və kosmik geodeziya şöbəsi
Şöbə rəhbəri: AMEA-nın akademiki, geologiya-mineralogiya elmləri doktoru, professor Qədirov Fəxrəddin Əbülfət oğlu
Telefon: (+99412) 4392193
Faks: (+99412) 5372285
E-mail: kadirovf@gmail.com
Şöbə seysmologiya və qravimetriya şöbələri əsasında yaradılıb. Şöbədə qravimetriya, seysmologiya və geodinamika sahələrində tədqiqatlar aparılır.
Elmi istiqamət:
Elmi istiqamət:
- GPS monitorinqi, Qafqaz-Xəzər regionunun müasir kinematikası və Yer qabığının gərginlik və deformasiya vəziyyətinin öyrənilməsi;
- karbohidrogen yataqlarının geodinamik monitorinqi və qravitasiya qeyri-sabitlik proseslərinin modelləşdirilməsi;
- Yerin qravitasiya sahəsinin paylanmasının zaman-məkan qanunauyğunluqları, onların təbiəti və interpretasiyası: Yer qabığı strukturunun öyrənilməsi, Yerin qravitasiya sahəsinin qabarma variasiyalarının tədqiqi;
- kiçikdərinlikli geofizika: sürüşmələrin, karst proseslərinin, binaların və qurğuların təməlinin vəziyyətinin öyrənilməsi;
- seysmik təhlükə, mikroseysmik rayonlaşdırma və seysmik riskin qiymətləndirilməsi;
- seysmik hadisələrin başvermə qaydasının müəyyənləşdirilməsi, onların riyazi-statistik və klaster analizi.
Azərbaycanın müasir geodinamikası sahəsində tədqiqatlar Massaçusets Texnologiya Institutu (ABŞ) ilə birlikdə 1998-ci ildən başlanmışdır. Elmi tədqiqatlara informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə edən yeni kosmik geodeziya GPS stansiyaları qoşulmuşdur.
Hal-hazırda Azərbaycanda 46 GPS stansiyasından ibarət geodinamiki şəbəkə yaradılıb, onun koməyi ilə yer səthinin üfüqi hərəkətlərinin sürət variasiyalarının monitorinqi aparılır.
Əsas fundamental nəticələr:
- Kosmik geodeziya GPS üsulu ilə yer qabığının horizontal hərəkətlərinin monitorinqi əsasında Ərəbistan plitəsinin Azərbaycan ərazisində geodinamik və seysmik şəraitə təsiri öyrənilib və deformasiya sürətlər sahəsi hesablanmışdır.
- Azərbaycan ərazisinin yer qabığının səthində üfüqi hərəkətlərin sürətlərinin paylanması müəyyən edilib, onların göstəriciləri qiymətləndirilmiş və deformasiya sürətlər sahəsi hesablanmışdır.
- Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modeli verilmiş, Qafqaz plitəsinin saat əqrəbinin əksi istiqamətində dönərək Azərbaycan ərazisini cənub-şimal-şərq istiqamətində deformasiyaya uğratdığı müəyyənləşdirilmişdir.
- GPS, seysmik və qravimetrik məlumatlar əsasında Azərbaycanın əsas neft və qaz resurslarını özündə cəmləşdirən Mərkəzi Xəzər seysmik zonasının tektonik vəziyyəti müəyyən edilib.
Seysmologiya sahəsində tədqiqatlar
Azərbaycanda seysmoloji problemlərin həlli ilə N.V.Malinovski, E.İ.Byus, Ş.S. Rəhimov, F.T.Quliyev, R.A.Ağamirzəyev, V.P.Kuznetsov, Z.Z.Soltanova, Ə.B.Ağalarova, A.H.Həsənov, İ.H.Kərimov, O.B.Babazadə, E.M.Quliyeva, B.M.Pənahi, A.T.İsmayılzadə, R.İ.Həsənov, S.T.Ağayeva, Q.R.Babayev və digərləri məşğul olmuşlar.
Əsas nəticələr:
- CASMO metodikası ilə Azərbaycan ərazisi üçün maksimal üfüqi gərginliklər xəritəsi tərtib edilib.
- Abşeron-Balxanyanı astanasının seysmik hadisələrinin ardıcıllığının dinamikası tədqiq olunub və bu zonada zəlzələlərin paylanmasının qeyri-puasson xarakteri müəyyən olunub.
- Uzaq, yaxın və yerli ssenar zəlzələlər üçün bütün amilləri seysmik riskin ümumi dəyərində birləşdirən riyazi modellər qurulub.
- 25 noyabr 2000-ci ildə Xəzər dənizində baş verən zəlzələdən sonra Şamaxı-Qobustan zonasının palçıq vulkanlarında yaranan gərginlik şəraiti aşkar olunmuşdur.
- Mikrotremor ölçülərinin nəticələri əsasında Bakı şəhəri üçün mikroseysmik rayonlaşdırma, rəqslərin amplitudalarının artmasının paylanması və qruntların rezonans tezliklərinin xəritələri tərtib edilmişdir.
Qravimetriya sahəsində tədqiqatlar
Azərbaycanda bu tədqiqat istiqamətinin banilərindən biri g.-m.e.d., professor R.M.Hacıyev olmuşdur. Əsas tədqiqatlar “Yuxarı mantiya” və “Geodinamiki layihə” beynəlxalq layihələri çərçivəsində aparılmışdır.
Şöbədə:
- Xartli çevrilməsinin qravitasiya sahəsinə tətbiqi ilə qravimetrik məlumatların ədədi analiz və dərinlik quruluşunun qravitasiya modelləşdirməsinin metodları işlənib hazırlanmışdır.
- Litosferin struktur xüsusiyyətləri tədqiq olunub, qravitasiya anomaliyalarının təbiəti təhlil edilib, güc spektri vasitəsi ilə həyəcanlanmaya gətirən kütlələrin yatım dərinliyi müəyyən edilib. Geostruktur elementlərin sərhəd analizi aparılıb.
Şöbənin əsas elmi nailiyyətləri:
- Qravitasiya sahəsinin zaman-məkan anomaliyalarının paylanma qanunauyğunluqları müəyyənləşdirilmişdir.
- Palçıq vulkanları kraterinin altında sıxlığı az olan zona təyin edilmişdir.
- Azərbaycanın dərinlik quruluşunun 2D və 3D qravitasiya modelləri yaradılıb.
- Ağırlıq qüvvəsinin qabarmayan variasiyalarının qanunauyğunluqları öyrənilib.
- Üst mantiya qatlarında Kelvin-Helmholts daxili dalğalarının generasiyasının mümkünlüyü müəyyənləşdirilib.
- Azərbaycanın neft və qaz regionlarının çökmə qatlarında qravitasiya qeyri-sabitlik prosesləri öyrənilib.
- Neft və qaz rayonlarının çökmə qatlarında konveksiya hərəkətlərinin mövcudluğu sübut olunmuş və karbohidrogen miqrasiyasının konveksiya modeli təklif edilmişdir.
Kompleks tədqiqatlar nəticəsində Moxo sərhədinin altında yerləşən sıx süxurların təsiri hesabına və kontinental tipli plitənin sürətli çökməsi nəticəsində formalaşmış Cənubi Xəzər çökəkliyinin (CXÇ) qravitasiya anomaliyasının kompensasiya konsepsiyası təklif edilmişdir.
Şöbənin alimləri müxtəlif tektonik zonaların qravitasiya sahələrinin qabarma variasiyalarının tədqiqini aparırlar. Kolliziya zonasında yerləşən Şəki stansiyasının qravitasiya sahəsi haqqında məlumatlarının təhlili seysmik proseslərlə bağlı olan sutkalıq və yarımsutkalıq qabarmaları və anomaliyaları müəyyən etməyə imkan yaradıb.
Şöbənin əməkdaşları müxtəlif geoloji və mühəndisi məsələlərin həlli məqsədi ilə regional və mikroqravimetrik ölçmə işlərini yerinə yetirirlər.
Pedaqoji fəaliyyət
Şöbə BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının AMEA Geologiya və Geofizika İnistitutu nəzdində yaradılmış baza kafedrasına rəhbərlik edir.
Şöbədə aşağıda göstərilən beynəlxalq laboratoriyalar fəaliyyət göstərir:
- “Zəlzələlərin zaman-məkan xüsusiyyətlərinin analizi və seysmik təhlükənin qiymətləndirilməsi” – İtaliyanın Elm üzrə Milli Şuranın Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutu ilə birlikdə.
- “Yer qabığının müasir hərəkətləri və geodinamiki təhlükələr” – Massaçusets Texnologiya İnstututu (ABŞ) ilə birlikdə.
- “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilə Təşkilatının Beynəlxalq Məlumatlar Mərkəzi” – qlobal monitorinq şəbəkəsinə daxil olan “Azərbaycanın Milli Məlumatlar Mərkəzi”.
İnnovasiya və tətbiqi fəaliyyət
Mühəndis-geofiziki tədqiqatlar: lokal geodinamik və sürüşmə proseslərinin, karst sahələrinin, binaların və qurğuların təməllərinin vəziyyətinin monitorinqi, tikinti meydançalarında tədqiqatlar, mikroseysmik rayonlaşdırma.
Beynəlxalq əməkdaşlıq
Şöbə Massaçusets Texnologiyalar İnstitutu (ABŞ), Fridrix Şiller Universiteti (Almaniya), Pyer və Mariya Küri Universiteti (Fransa), Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu, Moskva Dövlət Universiteti, İtaliya Elm üzrə Milli Şuranın Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutu, İtaliya Bikoko Universiteti ilə əməkdaşlıq edir.
2011-ci ildən başlayaraq şöbə Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ-İUGG) yanında Milli Komitə qismində BGGİ ilə fəal əməkdaşlıq edir (Milli Komitənin baş katibi – g.-m.e.n., dosent Q.R.Babayev, BGGİ-nin milli nümayəndəsi – akademik F.Ə.Qədirov).
Qrantlar:
Tədqiqatların böyük hissəsini şöbə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, SOCAR, CRDF, CNR, NSF, İNTAS, STCU təşkilatlarının qrant dəstəyi ilə həyata keçirib.
1 ferval 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Səfərov Rafiq Tofiq oğlu Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.