Ana Səhifə / Fəaliyyət / Cənub-şərqi Qafqazin yer qabığının dərinlik quruluşunun qravitasiya modeli və geodinamiki xüsusiyyətləri

Avtoreferatlar

Cənub-şərqi Qafqazin yer qabığının dərinlik quruluşunun qravitasiya modeli və geodinamiki xüsusiyyətləri

İddiaçı: Günel Rafael qızı Sadıqova

İxtisas: 2507.01-Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Elmi sahəsi: Yer elmləri

Mövzunun aktuallığı və işlənmə dərəcəsi:
Qravitasiya sahəsinin anomaliyaları və onun transformasiyaları yer təkinin geoloji quruluşunun öyrənilməsində mühüm rol oynayır və digər geofiziki metodlardan (seysmik kəşfiyyat, elektrik kəşfiyyatı, maqnit kəşfiyyatı və s.) əldə edilən nəticələrlə birlikdə təhlili geoloji struktur və tektonik quruluş haqqında prinsipial olaraq yeni məlumatlar əldə etməyə imkan verir.

XX əsrin sonlarında başlayaraq geopotensial sahələrin interpetasiyası məsələləri üçün sürətlə rəqəmsal üsullar tətbiq olunmağa başlanmışdır. Bu sahədə V.İ.Aronov, Y.Q.Bulax, R.J.Blakely, R.W.Simpson, F.Ə.Qədirov, A.K.Maloviçko, T.S.Əmiraslanov, S.A.Serkerov, V.Ə.Qədirov, V.O.Mixaylov, V.İ.Starostenko, İ.E.Stepanova, V.N.Straxov, A.V.Tsirulskiy, S.A.Tixotskiy və digər alimlərin işlərini qeyd etmək olar.

Son onillikdə qravitasiya anomaliyalarının interpretasiyasının riyazi nəzəriyyəsinin yaradılması əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Hal-hazırda qravitasiya sahəsi məlumatlarının rəqəmsal təhlili potensial sahələrin şərh nəzəriyyəsində bir istiqamət kimi formalaşmış hesab edilməkdədir. Qravitasiya sahəsinin transformasiya metodlarının hər hansı bir ərazinin geoloji quruluşundakı sıxlıq sərhədlərinin müəyyənləşdirilməsi məqsədi ilə işlənib hazırlanması və tətbiqi olduqca aktualdır. Qravitasiya sahəsinin transformasiyalarının hesablanması üçün yeni alqoritmlərin yaradılması və praktik istifadəsi geoloji problemlərin həllində təhlil imkanlarını genişləndirir.

Dissertasiya işində, Cənub-şərqi Qafqazın (CŞQ) (Xəzəryanı-Quba zonası) qravitasiya sahə məlumatlarının rəqəmsal modelləşdirilməsi məsələlərinə baxılmışdır. Azərbaycan ərazisi Ərəbistan və Avrasiya plitələrinin fəal qarşılıqlı təsir zonasında yerləşmişdir (Mckenzie, 1972, Philip et al., 1989). Bu plitələrin qarşılıqlı təsiri 10-30 milyon il əvvəl başlamış və hal-hazırda da davam edir (Robertson, 2000, Allen et al., 2004). Plitələrın uzun müddətli qarşılıqlı təsiri ərazinin geodinamik şəraitini təyin edir və yerin geoloji quruluşundakı sıxlıq sərhədlərinin formalaşmasında əhəmiyyətli rola sahibdir. Bunu diqqətə alaraq CŞQ-da əldə edilmiş rəqəmsal qravitasiya modelləri tədqiqat sahəsinin geodinamik şəraitini xarakterizə edən parametrlərlə (seysmik tomoqrafiya, yer səthinin üfüqi və şaquli hərəkət sürətləri, gərginlik və deformasiyalar) birlikdə kompleks şərh edilmişdir.

Dissertasiya işində kosmik geodeziya GPS (Global Positioning System-Global Mövqe Sistemi) üsulunun tədqiqat ərazisi üçün əldə edilən nəticələri istifadə edilərək geodinamik şərait və kinematic xüsusiyyətlər öyrənilmiş və qravitasiya modelləri ilə müqayisə edilmişdir. Eyni zamanda, institutda mövcud yeni ZLS BURRİS qravimetri və müasir geodeziya alətləri (GPS Trimble 5700, Level Pentax-AFL320, LEİCA total station TS06) ilə aparılan ölçmələrin nəticələri seçilmiş Samur-Bakı profili üzrə qravitasiya sahəsi və müasir hərəkətlər haqqında yeni məlumatlar əldə etməyə və yeni interpretasiyaların aparılmasına imkan vermişdir.

Qeyd etmək lazımdır ki, ərazidə dərinlik quruluşunun rəqəmsal qravimetrik modelləri və geodinamik şəraiti xarakterizə edən yeni kinematik parametrlər arasındakı korrelyasiya bu günə qədər lazımı səviyyədə araşdırılmamışdır. Bu problemin öyrənilməsi elmi və təcrübi cəhətdən mühüm əhəmiyyət kəsb edir və tədqiqat ərazisi olan CŞQ-da aparılan kompleks analiz nəticələri regionda yerləşən infrastrukturlar (Bakı-Novorossiysk neft kəməri, Taxtakörpü su anbarı və Şollar su kəməri və d.) üçün geodinamiki təhlükənin öyrənilməsi və neft-qaz strukturlarının aşkar edilməsində tətbiq edilə bilər.

Tədqiqatın məqsədi və vəzifələri:
Cənub-Şərqi Qafqaz ərazisinin Buqe qravitasiya sahə məlumatlarının rəqəmsal modelləşdirilməsi və alınmış nəticələrin ərazinin geodinamik şəraitini xarakterizə edən parametrlərlə korrelyasiyasının öyrənilməsidir.
Məqsədəuyğun olaraq aşağıdakı məsələlərin həlli qarşıya qoyulmuşdur:
  • Tədqiqat ərazisinin qravitasiya sahəsinin güc spektri və sıxlıq sərhədlərinin təyin olunması;
  • Qravitasiya sahəsinin lokal anomaliyalarının ayrılması proqramının hazırlanması və tətbiqi;
  • Çökmə təbəqənin 3D rəqəmsal qravitasiya modelinin hazırlanması;
  • Samur-Bakı profilində qravitasiya sahə ölçmələrinin aparılması, dərinlik quruluşunun 2D qravitasiya modelinin tərtib edilməsi;
  • GPS məlumatları əsasında yer səthində üfüqi hərəkətlərin yaratdığı gərginliklərin hesablanması;
  • Tədqiqat ərazisinin rəqəmsal qravitasiya modelləri ilə geodinamik şəraiti xarakterizə edən parametrlər arasında qanunauyğunluqların araşdırılması;

Tədqiqatın metodları:
Dissertasiya işində aşağıdakı tədqiqat metodlarından istifadə edilmişdir:
  • Tədqiqat ərazisinin Buqe qravitasiya sahəsinin güc spektrini və lokal anomaliyaları hesablamaq məqsədi ilə Hartley çevirməsi istifadə edilmişdir;
  • Dərinlik quruluşunda əsas sıxlıq sərhədlərinin orta dərinlik qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Spektor-Qrant üsulu tətbiq edilmişdir;
  • Alçaq və yüksək tezlikli qravitasiya anomaliyalarının hesablanmasında Buttervort süzgəcindən istifadə olunmuşdur;
  • -Çökmə qatın 3D rəqəmsal qravitasiya modeli GR3DSTR proqramı ilə hazırlanmışdır;
  • Samur-Bakı profilində Yer qabığının dərinlik quruluşunun 2D qravitasiya modelinin tərtib olunması məqsədi ilə Bulaxın seçmə üsulundan istifadə edilmişdir.

Müdafiəyə çıxarılan əsas müddəalar:
  • Tədqiqat ərazisinin dərinlik quruluşunun 3D rəqəmsal qravitasiya modelləri;
  • Rəqəmsal qravitasiya modelləri ilə geodinamik şəraiti xarakterizə edən parametrlər arasındakı qanunauyğunluqlar.

Tədqiqatın elmi yeniliyi:
  • Tədqiqat ərazisinin Yer qabığında intensiv anomaliya əmələ gətirən sıxlıq sərhədlərinin orta dərinliyi (16.6 km və 1.8 km) müəyyən olunmuşdur;
  • Güc spektrinin kəsmə tezliyi (dalğa ədədi) istifadə edilərək qravitasiya sahəsinin alçaq və yüksək tezlikli anomaliyaları hesablanmışdır;
  • Qravitasiya sahəsinin lokal anomaliyalarını hesablamaq üçün kompüter proqramı hazırlanmışdır;
  • Buqe qravitasiya sahəsinin lokal anomaliyalarının neft-qaz strukturlarına uyğunluğu müəyyən edilmişdir;
  • Sıxlığın kvadratik qanunla dəyişilməsi nəzərə alınaraq ərazinin çökmə qat dərinliyinin 3D rəqəmsal qravitasiya modeli hazırlanmış, maksimum dərinliyin Güzdək və Mərəzə sahələrində (11 km), minimum dərinliyin isə Qonaqkənd, Giləzi, Qarabulaq, Dübrar bölgələrində (4 km) olduğu müəyyən edilmişdir;
  • Samur-Bakı geoloji-geofiziki profilinin dərinlik quruluşunun 2D qravitasiya modeli tərtib olunmuş və MOXO sərhədi dəqiqləşdirilmişdir;
  • Çökmə qatın dərinliyinin qravitasiya və 5 km dərinlikdəki sürət modellərinin müqayisəsi çökmə qatın dərin hissəsində kiçik seysmik dalğa sürətlərinin, az dərinliklərdə isə yüksək seysmik dalğa sürətlərinin olduğunu müəyyən etmişdir;
  • Qravitasiya sahəsinin regional anomaliyaları və 15 km dərinlikdə sürət modelinin müqayisəsi regional minimumlar zonasında seysmik dalğa sürətinin azaldığını, anomaliyaların keçid zonasında isə dalğa sürətinin yüksəldiyini göstərir;
  • Regional minimumlar zonasında deformasiya sürətinin minimum olduğu, anomaliyaların keçid zonasında isə deformasiya sürətinin yüksəldiyi müşahidə olunmuşdur.

Tədqiqatın nəzəri-praktiki əhəmiyyəti:
Dissertasiya işində hazırlanan metodika nəzəri və praktik əhəmiyyətli olub digər regionlarda da tətbiq edilə bilər. CŞQ-da aparılan kompleks analiz nəticələri regionda yerləşən infrastrukturlar (Bakı-Novorossiysk neft kəməri, Taxtakörpü su anbarı və Şollar su kəməri və digər.) üçün geodinamiki təhlükənin öyrənilməsində mühüm praktik əhəmiyyətə malikdir. Eyni zamanda çökmə qatın dərinliyinin 3D qravitasiya modelinin, lokal qravitasiya anomaliyalarının neft-qaz axtarışında və quyu yerlərinin seçilməsində praktik əhəmiyyəti vardır.