Ana Səhifə / Fəaliyyət / Dərin qazkondensat yataqları şəraitində çoxkomponentli karbohidrogen sistemlərində baş verən faza çevrilmələrinin fiziki-termodinamiki əsasları

Avtoreferatlar

Dərin qazkondensat yataqları şəraitində çoxkomponentli karbohidrogen sistemlərində baş verən faza çevrilmələrinin fiziki-termodinamiki əsasları

Fətəliyev Vüqar Məhərrəm oğlu

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı
(2018)

Karbohidrogen yataqlarının istismarı zamanı termobarik şəraitin dəyişməsi ilə əlaqədar olaraq faza çevrilmələri baş verir. Bu faza çevrilmələri buxar-maye fazaları arasında kütlə mübadiləsi hesabına təzahür etdiyindən, yataqlarda gedən fiziki-termodinamiki, fizikikimyəvi və hidrodinamiki proseslərdə fəal rol oynayaraq yataqların işlənmə göstəricilərinə əsaslı şəkildə təsir göstərirlər. Bu baxımdan tükənmə rejimində istismar olunan qaz-kondensat yataqlarında fiziki təbiətinə görə mürəkkəb xüsusiyyətlərə malik olan retroqrad kondensasiya prosesinin yaratdığı fəsadları misal göstərmək olar. Belə yataqlarda istismar göstəricilərinin yaxşılaşdırılması, çökmüş kondensatın yenidən hasil edilməsi və s. kimi problemlərin həll edilməsi üçün lay sistemlərinin faza münasibətlərinin xüsusiyyətlərinin öyrənilməsi, ona təsir edən amillərin aşkar edilməsi və bu istiqamətdə nəzəri və təcrübi biliklərin, elmi əsasların inkişaf etdirilməsi əsas aktual məsələlərdən hesab edilir.

Məlumdur ki, mürəkkəb sistemlərdə yeni fazanın əmələ gəlməsı ərəfəsində ilkin olaraq həmin fazanın “rüşeymləri” yaranır və bu zaman sistemin fiziki və termodinamiki xassələri tamamilə dəyişir və fərqli xüsusiyyətlərə malik olur. Sistemin komponent tərkibindən, ayrı-ayrı fraksiyaların təbiətindən, faza çevrilməsini yaradan aparıcı parametrin dəyişmə tempindən, sistemin mövcud olduğu mühitdən və s. asılı olaraq bu keçid zonasının müddəti və xarakteri də dəyişə bilir. Bu halın karbohidrogen yataqlarının işlənilməsi və istismarı zamanı öyrənilməsi maraq doğuran termodinamiki məsələlərdəndir. Bu sahə müəyyən səviyyədə tədqiq edilsə də, qaz-kondensat yataqlarında baş verən faza çevrilmələri çox həssas və mürəkkəb prosesləri əhatə edir və eyni zamanda yataqların istismarının səmərəliliyinə əhəmiyyətli dərəcədə təsir göstərən bir amildir. Bu baxımdan qaz-kondensat yataqlarının istismarı zamanı yaranan mikrorüşeymlər halının, onun təzahür etmə qanunauyğunluğunun və nəhayət, yatağın istismar göstəricilərinə təsirinin öyrənilməsi yataqların layihələndirilməsində və istismarında əsaslı əhəmiyyətə malik olur.

Demək olar ki, bütün karbohidrogen yataqlarında neft, qaz və ya kondensatla yanaşı, lay suları da mövcud olur. Yataq şəraitindəki yerləşmə vəziyyətindən və əlaqə formalarından asılı olaraq, bu sular bir-birindən fiziki və kimyəvi tərkiblərinə görə fərqlənirlər. Bu səbəbdən yataqların istismar üsullarının təyin edilməsində, neft, qaz və ya kondensat ehtiyatlarının hesablanmasında, layda hərəkət qanunlarının və faza münasibətlərinin öyrənilməsində lay sularının, onların növünün, tərkibinin və xassələrinin nəzərə alınması vacib məsələlərdən biridir.

Yuxarıda göstərilənlər təsdiq edir ki, dissertasiya işində tədqiq edilən mövzular qaz-kondensat yataqlarının istismarında aktual məsələlərdəndir və onların həll edilməsi yataqların rasional işlənilmə üsullarının yaradılmasında böyük əhəmiyətə malikdir.

Qaz-kondensat yataqlarının istismarı zamanı baş verən mürəkkəb faza çevrilmələrinin tədqiqinə dair təqdim edilən nəticələr Azərbaycan yataqları şəraitində tətbiq edilmişdir.

"Azərbaycanın dərində yerləşən qaz-kondensat yataqları flüidlərinin termodinamiki və fiziki-kimyəvi xassələri üzrə avtomatlaşdırılmış məlumat bazasının işlənilib hazırlanması"-2/2010-2011 təsərrüfat hesablı işində "Bahar" və "Bulla-dəniz" yataqlarının termodinamiki və fiziki-kimyəvi xassələrinin təyin edilməsində istifadə edilmişdir. Faza münasibətlərinin tədqiqi sahəsində alınan bu fundamental nəticələrin qaz-kondensat yataqlarının rasional işlənilmə layihələrinin hazırlanmasında geniş prespektivlərə malik olması müəyyən edilmişdir.

Qaz-kondensat sistemlərinin kolloid və ya aerozol xassələrinin öyrənilməsi və bu fiziki-kimyəvi və termodinamiki proseslərə təsir edən amillərin qanunauyğunluqlarının təyin edilməsi istiqamətində alınan nəticələr "Günəşli yatağı Balaxanı lay dəstəsinin qaz-kondensat quyularının məhsulunun fiziki-kimyəvi, termodinamiki xassələrinin eksperimental tədqiqi"- 2/2008-2009 təsərrüfat hesablı işində uğurla istifadə edilmişdir. Alınmış nəticələrin qaz-kondensat quyusunun iş rejiminin, yerüstü avadanlıqların optimal iş rejimlərinin düzgün təyin edilməsində əhəmiyyətli olması göstərilmişdir.

Retroqrad kondensasiya təzyiqindən böyük təzyiqlərdə quyudibi zonada gedən proseslər və bu fiziki-termodinamiki hadisələrin quyunun iş rejiminə təsiri "Ümid" yatağının quyuları timsalında nəzərdən keçirilmiş və quyuağzı parametrlərin periodik dəyişmə səbəbləri izah olunmuşdur.

Tətbiq haqqındakı aktlar işə əlavə edilmişdir.