Avtoreferatlar
Quyu-yığım sistemində qaz-maye qarışığının hərəkəti zamanı optimal və etibarlı iş rejimlərinin diaqnostikası
İsmayılova Fidan Babəli qızı
2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı
Karbohidrogen yataqlarının istismar təcrübəsi göstərir ki, “quyu-yığım” sistemlərinin yataqların işlənilmə tempi və səmərəliyinə təsiri böyükdür. Çünki ətraf mühitin ekologiyasına olan neqativ təsirlər, qəza halları və mürəkkəbləşmələr, maksimal enerji xərcləri, insan və maddi resursların sərfi, əsasən bu sistemlərdə baş verir.
“Quyu-yığım” sistemlərində iki fazalı (neft-qaz, qaz-kondensat və s.) və üç komponentli (neft-qaz-su, qaz-kondensat-su) qarışıqlarının hərəkəti zamanı faza çevrilmələri (neftdən qazın ayrılması, qazdan kondensatın “düşməsi”, struktur əmələgəlmə hesabına 3-cü bərk fazanın yaranması – asfaltenqatran-parafin (AQP) çökməsi) və anomal reofiziki xüsusiyyətlərə malik suneft emulsiyalarının yaranması prosesləri baş verir. Əmələ gələn heterogen qaz-maye qarışıqları reoloji və fiziki-kimyəvi xassələrinə görə ilkin komponentlərdən kəskin və qeyri-additiv fərqlənməklə bərabər “quyu-yığım” sisteminin işinə çox ciddi təsir göstərir. Belə ki, nasos-kompressor boruları və texnoloji mədən boru kəmərlərində AQP çöküntülərinin yığılması və anomal yüksək özlülüklü emulsiyaların yaranması lay enerjisinin izafi itkilərini və yerüstü enerji xərclərini, həmçinin qəza-mürəkkəbləşmələrin baş vermə ehtimallarını xeyli artırır. Qeyd olunanlar, həmçinin çox fazalı, çox komponentli axınların forma və səciyyəvi xüsusiyyətlərinin yığım-nəql sisteminin konfiqurasiyasından da asılı olaraq dəyişməsi, eləcə də qaz-maye qarışıqlarının reofiziki xüsusiyyətləri nəzərə alınmaqla “quyu-yığım” sisteminin optimal və etibarlı iş rejimlərinin təyini üsullarının işlənməsi böyük aktuallıq kəsb edir.