Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Jun 2026 Diqər xəbərlər Diqər xəbərlər

ETN GEOLOGİYA İNSTİTUTUNUN ALİMİ PROFESSOR ELMİ ADINA LAYİQ GÖRÜLÜB

ETN Geologiya İnstitutu (Gİ) Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 15 may 2026-cı il tarixli Qərarı ilə elmi fəaliyyətə görə yer elmləri elmi sahəsinin “2507.01- Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə Professor elmi adına layiq görülüb.


Qulam Babayev 2005-ci ildə geologiya-mineralogiya elmlər namizədi elmi dərəcəsini, 2010-cu ildə Dosent elmi adını və 2018-ci ildə Yer elmləri üzrə elmlər doktoru elmi dərəcəsi qazanıb.


Alim ümumilikdə 115-ə yaxın elmi əsərin müəllifidir. Elmi əsərlərin bir hissəsi beynəlxalq elmi bazalarda indeksləşdirilmiş nüfuzlu jurnallarda çap olunmuşdur. Tədqiqatları əsasən seysmologiya, seysmik təhlükənin qiymətləndirilməsi və geodinamik proseslərin öyrənilməsi istiqamətlərini ehtiva edir.


Qulam Babayevin rəhbərliyi və iştirakı ilə Böyük Qafqazın cənub-şərq yamacı, Abşeron yarımadası və Bakı şəhəri üçün seysmik təhlükənin qiymətləndirilməsi, seysmik mikrorayonlaşdırma və güclü yer hərəkətlərinin modelləşdirilməsi istiqamətində mühüm elmi nəticələr əldə edilib. Tədqiqatlar nəticəsində potensial seysmogen strukturların seysmikliyi, zəlzələlərin təkrarlanma qanunauyğunluqları və qrunt şəraitinin seysmik intensivliyə təsiri müəyyən olunub. Həmçinin Azərbaycan və ətraf ərazilərdə gərginlik sahələrinin paylanması, seysmik proseslərin dinamikası və palçıq vulkanlarının zəlzələlərlə əlaqəsi öyrənilib.


Professor Qulam Babayev Gİ-nin alimi kimi akademik fəaliyyətə davam edən, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi kimi gənclərin yetişməsində əməyi olan elm adamıdır. Bu şərəfli elmi rütbə alimin elmə və təhsilə verdiyi dəyərli töhfələrin, zəhmətin və peşəkarlığın layiqli qiymətidir.

 

 

ETN GEOLOGİYA İNSTİTUTUNUN ALİMİ PROFESSOR ELMİ ADINA LAYİQ GÖRÜLÜB
next
next