Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTU PHŞ-də KORİFEY ALİMLƏRİN YUBİLEY TƏDBİRLƏRİ PLANLAŞDIRILIB
Azərbaycan elminin, o cümlədən, geologiya, geokimya və geofizika elmlərinin, neft və qaz yataqlarının işlənilməsi sahəsinin inkişafında önəmli rol oynamış, elmi məktəblər yaratmış, dünya geologiyasına elmi töhfələr vermiş korifey neftçi geoloq, geoloq və geofizik alimlərin elmi irsinə ehtiram, bu irsi qorumaq və yaşatmaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək və onların dünyagörüşünü zənginləşdirmək məqsədilə Geologiya İnstitutu PHŞ-nin baş direktoru akademik Akif Əlizadə müvafiq əmr imzalamışdır.
Sənəddə Geologiya İnstitutu PHŞ-nin 2026-cı il üzrə “Azərbaycanın korifey neftçi geoloq, geoloq və geofizik alimlərinin yubileylərinin keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Planda Petrologiya və metallogeniya sahəsində böyük alim, yorulmaz tədqiqatçı, respublikada petrologiya elmi məktəbinin banisi, istedadlı pedaqoq, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına, regional geologiya problemlərinin həllinə sanballı töhfələr vermiş akademik Şamil Əzizbəyovun 120 illik yubileyi,müxtəlif elm sahələri üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanmasına böyük töhfələr vermiş akademik Faiq Bağırzadənin 100 illik yubileyi, ölkədə yeni neft-qaz yataqlarının aşkar edilməsi perspektivlərinin elmi istiqamətlərinin əsaslandırılmasına, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına böyük töhfələr vermiş akademik Midhət Abasovun 100 illik yubileyi, həmçinin, geologiya və geofizika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfələr vermiş akademik Həsən Əhmədovun 120 illik yubileyinə həsr edilmiş Elmi şura iclasının keçirilməsi nəzərdə tutulur. Həmçinin, 2026-cı ilin aprel ayında Azərbaycanın neftli ərazilərinin öyrənilməsi sahəsində zəngin təcrübəyə və geniş erudisiyaya malik akademik Ələşrəf Əlizadənin anadan olmasının 115 illiyinə həsr edilmiş XIV Respublika elmi konfransının reallaşacağı planlaşdırılır.
Tədbirlər planında Azərbaycanın geologiya elminin korifeylərinin yubileylərinə həsr olunmuş “Seçilmiş əsərlər” toplularının hazırlanması da yer almışdır. Belə ki, “Akademik Şamil Əzizbəyovun seçilmiş əsərləri” toplusu, “Akademik Faiq Bağırzadənin seçilmiş əsərləri” toplusu, “Akademik Midhət Abasovun seçilmiş əsərləri” toplusu cari ildə oxuculara təqdim olunacaq.
Müasir informasiya cəmiyyəti şəraitində elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsini, gənc nəslin səmərəli fəaliyyət göstərməsini dəstəkləyərək akademik Akif Əlizadə İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun rəhbərliyi altında Gənc Alim və Mütəxəssislər Şurasına bir sıra tədbirlərin təşkili və keçirilməsi tapşırığını da vermişdir. Bura Ali təhsil müəssisələrinin tələbələri və magistrantları üçün “Yer planetinin vahid sistemi: geosferlərin və təbiət proseslərinin qarşılıqlı əlaqəsi” mövzusunda V Ümumrespublika olimpiadası, ali təhsil müəssisələrində tələbələr üçün Yer elmləri sahəsində görkəmli alimlərin iştirakı ilə “Ustad dərsləri”, “Geologiya dünən və bu gün” çərçivəsində ali təhsil və ümumi təhsil müəssisələrinin tələbələri və şagirdləri üçün “Açıq qapı” günləri, Yer elmləri sahəsində gənc tədqiqatçılar və ali təhsil müəssisələrinin tələbələri üçün geologiya üzrə Birinci Azərbaycan Çempionatı və s. tədbirlərin reallaşdırmaq tapışışğı daxildir.