Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də GƏNC ALİMLƏRİN NÖVBƏTİ SEMİNARI ZƏLZƏLƏ MÖVZUSUNA HƏSR EDİLİB
Geologiya və Geofizika İnstitutu gənc alim və mütəxəssislərinin növbəti elmi seminarı zəlzələ mövzusuna həsr edilib. Seminarda İnstitutun baş direktoru akademik Akif Əlizadə və elmi üşlər üzrə baş direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirak edib.
Tədbiri giriş sözü ilə açan İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri Emin Quliyev “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin kiçik elmi işçisi və doktorantı Tural Babayevin “Zəlzələ episentrinin təyinində innovativ yanaşmanın tətbiqi” adlı məruzə ilə çıxış edəcəyini bildirib.
Gənc mütəxəssis T.Babayev baş vermiş zəlzələnin episentrinin koordinatlarını təyin etmək məqsədilə istifadə edilən ənənəvi trianqulyasiya üsulunu yeni texnoloji imkanlarla sintez edərək üsula yenilik gətirib. T.Babayev məruzəsində təklif etdiyi metodu 2023-cü il dekabrın 7-də baş vermiş 5.6 lokal maqnitudalı Xəzər zəlzələsinin timsalına istinad edib. Üsulun tətbiq edilməsi üçün Python proqramlaşdırması vasitəsilə Xəzər zəlzələsinin 3 seysmik stansiyadan dalğa formaları əldə olunaraq emalı aparılıb, əmələ gətirilən seysmik yazılarla dalğaların yayılma zamanı və episentral uzaqlıqları hesablanıb. Üsul daha dəqiq nəticə əldə etmək məqsədilə müasir proqram təminatlarının köməyi sayəsində rəqəmsal müstəviyə inteqrə edilib.
Beləliklə, trianqulyasiya metodunun ənənəvi tətbiqində meydana çıxan qeyri-dəqiq nəticələr yeni rəqəmsal imkanların köməyilə aradan qaldırılıb. Tədqiqatın nəticəsində 07.12.2023 tarixli Xəzər zəlzələsinin episentri müəyyən olunub və mövcud koordinatlarla müqayisə edilib.
Məruzəçi tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.