
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
04 May 2011
Diqər xəbərlər
Geoloji şöbə
Azərbaycanın geoloji quruluşundakı əsas dəyişikliklər Kaynozoy erasında Qafqaz və Qafqazətrafı ərazidə gedən Alp qırışıqlığıyla əlaqədar proseslərin məhsuludur. Tektonik hərəkətlər nəticəsində Böyük və Kiçik Qafqazın dağ silsilələri, Kür dağarası çökəklik yaranmışdır. Süxurların aşınması nəticəsində bir çox filiz yataqları yer səthinə çıxaraq, onların axtarış və kəşf olunmasına şərait yaranmışdır.
Azərbaycanin geoloji quruluşu
Azərbaycan Respublikası yerüstü və yeraltı sərvətlərinin zənginliyi, əlverişli coğrafi mövqeyinə görə qədimdən səyyahların, tarixçilərin nəzərini özünə cəlb edib. A.Məsudi, İstəhri, Marko Polo və b. əsərlərində Abşeronda, Qərbi Azərbaycanda neft yataqlarının mövcudluğu barədə məlumatlar verilir. Azərbaycan geologiyasının öyrənilməsi «Qafqaz geologiyasının atası» H.V.Abixin tədqiqatları ilə bağlıdır. Onun ilk tədqiqatları təbii hadisələrin baş verməsi, Xəzər dənizi səviyyəsinin dəyişməsi, palçıq vulkanlarının püskürməsi və s. geoloji proseslərin öyrənilməsi ilə başlanır. H.V.Abix Qafqazda, o cümlədən Azərbaycanda dərin tədqiqatları ilə paleontologiya və stratiqrafiya elmlərinin öyrənilməsinin əsasını qoymuşdur. Topladığı fauna kolleksiyası şəxsən və paleontoloq həmkarları ilə birgə təyin edilirdi. Alınan qiymətli nəticələr XIX əsrin ikinci yarısı, XX əsrdə aparılan tədqiqatların əsasını təşkil edirdi.
XX əsrin birinci yarısında Azərbaycan geologiyasının öyrənilməsində M.V.Abramoviç, K.İ.Boqdanoviç, N.İ.Andrusov və bir çoxlarının böyük xidmətləri olmuşdur. Tədqiqatçılar diqqətlərini, əsas etibarilə, Azərbaycanın neftli-qazlı regionlarının tektonika, stratiqrafiya, litologiya və b. sahələrinə yönəltmişlər. 30-cu illərdə Respublikada neft və dağmədən sənayelərinin inkişafı ilə əlaqədar olaraq geoloji tədqiqatlar genişlənir (V.P.Renqarten, V.Y.Xain, K.N.Paffenhols, A.N.Solovkin və b.). Azərbaycanda geologiya elminin inkişafında yerli geoloqların nəzərə çarpan surətdə fəaliyyəti məhz 50-ci illərə təsadüf edir. Tədqiqatlar Azərbaycanın əksər regionlarında: Abşeron yarımadası, Qobustan, Naxçıvan, Dağlıq Qarabağ, Talış və b. aparılırdı. Bu dövrdə Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli, H.İ.Kərimov, R.N.Abdullayev və b. çoxillik zəhmətləri nəticəsində geoloji, tektonik, metallogenik və b. xəritələr tərtib edilmiş və istifadəyə verilmişdir.
Azərbaycanda makropaleontoloji tədqiqatlar 20-ci illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) V.V.Boqaçovun, Azərbaycan Neft Tədqiqatı İnstitutunda (indiki Neft Sənayesinin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu) mikropaleontoloji tədqiqatlar V.E.Livental, Q.F.Şneyder, C.İ.Cəfərovun rəhbərlikləri altında aparılırdı. 1929-cu ildə Babazənən kəsilişində Ağcaqıl və Abşeron mərtəbələri çöküntülərində aşkar olunmuş ostropod faunasının təsvirinə həsr olunmuş ilk mikropaleontoloji elmi məqalə V.E.Livental tərəfindən dərc olunur.
Respublikamızda biostratiqrafik tədqiqatların əsl mənada geniş inkişafı 1950-ci ildə Azərbaycan EA Geologiya İnstitutunda akad. M.M.Əliyevin təşəbbüsü və rəhbərliyi altında müvafiq şöbənin yaranması ilə bağlıdır. Paleontologiya və stratiqrafiya şöbəsində «Mikrofauna», «Mezozoy və Kaynozoy» laboratoriyaları fəaliyyət göstərirdi. Yaranan istiqamətlərə zəmanənin görkəmli alimləri M.M.Əliyev, Q.Ə.Əlizadə, C.M.Xəlilov rəhbərlik edirdilər. Makro- və mikrofauna ilə yanaşı, H.Zərdabi adına Təbiət tarixi muzeyində qocaman bioloq R.C.Cəfərovun rəhbərliyi altında Azərbaycanın bir çox rayonlarından (Binəqədi Qır gölü, Eldar, Bozdaq, Duzdağ və s.) toplanan onurğalı heyvan qalıqları öyrənilir.
Belə ki, 50-60 -ci illərdə Respublikada onurğasız və onurğalı fauna və floranın ayrı-ayrı tip, sinif, dəstələrini öyrənən təcrübəli kadrlar - B.G.Vəkilov, D.V.Hacıyev, Ə.Y.Xəlilov, Q.M.Sultanov, T.Ə.Məmmədov, R.Ə.Xələfova və b. ixtisaslaşırlar. Sonrakı illərdə tədqiqatları ilə Respublikamızdan kənarda tanınan görkəmli paleontoloqlar nəsli yetişir: N.Ə.Ələkbərova, Q.K.Qasımova, S.M.Aslanova, X.Əliyulla, F.M.Axundov və b. Hazırda Azərbaycan MEA Geologiya İnstitutunda Respublikanın ali tədris ocaqlarında, elmi-tədqiqat institutlarında, istehsalat müəssisələrində Fanerozoyun bütün bölmələri üzrə yüksək hazırlıqlı paleontoloqlar, stratiqraflar fəaliyyət göstərirlər: Ak.A.Əlizadə, T.A.Həsənov, R.Q.Babayev, V.B.Ağayev, M.Ə.Bağmanov, A.B.Məmmədov, Ş.Ə.Babayev, Q.A.Əliyev, A.D.Babazadə və b.
Geomorfologiya. Qafqazarxasının şərq hissəsində yerləşən Azərbaycanın relyefi 28 m-dən (Xəzəryanı düzənlik) 4480 m yüksəklik (Böyük Qafqaz sıra dağları) arasında kəsgin dəyişir. Bu da öz növbəsində iqlim və landşaft qurşaqlarının müxtəlifliyinə gətirib çıxarır. Oroqrafik baxımdan dağlıq (Böyük və Kiçik Qafqaz, Talış) və düzənlik (Gəncə-Qazax, Qarabağ-Mil) relyeflərə malikdir.
Böyük Qafqazın ən yüksək zirvəsi Məlkamud və Tfan dağları arasında yerləşən Bazardüzüdür ki, hündürlüyü 4480 m-dir. Böyük Qafqaz dağları cənub-şərqə doğru tədricən alçalaraq, Beşbarmaq dağında hündürlüyü 500 m-ə enir. Kiçik Qafqazın relyefində üstün yüksəkliklərə Şahdağ, Murovdağ, Qarabağ və Daralagöz sıra dağları malikdirlər. Yüksək dağlardan Qaraarxaç (3062 m), Nialdağ (3337 m), Gəmiş (3724 m), Murov (3341 m), Kəpəz (3065 m) və b. göstərmək olar. Kiçik Qafqazda Qarabağ sıra dağları mürəkkəb oroqrafik vahid təşkil edir. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Zəngəzur sıra dağları Naxçıvandan şimal-şərq istiqamətində uzanır. Zəngəzur və Daralagöz sıra dağlarının Biçənək aşırımında birləşdiyi rayonda yüksək zirvə Gəlinqaya dağıdır (2773 m).
Azərbaycanın düzənlik relyefi Kür çayı boyunca şimal-qərbdən cənub-şərq istiqamətində uzanaraq, Gəncə-Qazax, Qarabağ və Mil sahələrini əhatə edir. Samur-Dəvəçi çökəkliyi Cənub-Şərqi Qafqazdan Xəzər dənizi istiqamətində uzanır.
Azərbaycanın ərazisi müxtəlif iqlim şəraiti ilə səciyyələnir. Kür-Araz və Xəzəryanı düzənlik, Ceyrançöl və Şərqi Qobustan yarımsəhra, mülayim isti, qışda quru iqlimə malikdir. Soyuq yarımsəhra və quru səhra iqlimi Naxçıvanın düzəngah-alçaqdağlıq qurşağında və Dibrar çökəkliyində, Talış dağlarında mövcuddur. Hacınovur dağətəyi, Kiçik Qafqazın dağətəyi və orta dağlıq hissələri mülayim iqlim, soyuq qış şəraiti ilə fərqlənirlər. Kiçik Qafqazın yüksək və orta dağlıq, Azərbaycanın şimal-şərq hissələrində iqlim soyuq, qışda isə quru olur.
Atmosfer çöküntülərinin miqdarı hidroqrafik şəbəkənin paylanmasına təsir göstərir. Azərbaycanın baş çay arteriyaları (qolları ilə birlikdə) Kür və Arazdır. Bunlardan başqa, Alazan, Əyriçay, Tərtər, Türyançay və bir çox başqa çaylar da mövcuddur. Böyük Qafqazın cənub yamacındakı Balakən, Qaraçay, Şinçay, Göyçay, Girdıman və b. çayların vadiləri dağıdıcı qüvvələr nəticəsində genişlənmişdir. Şimal yamacda Dəvəçi, Şabran, Çağacuq çaylar formalaşırlar. Kiçik Qafqazın çayları, əsas etibarilə, dağ silsiləsinin suayrıcında formalaşaraq, şimal, şərq və cənub istiqamətlərdə axır. Şahdağ və Murovdağ dağ silsiləsinin şimal-şərqindən mənbəyini götürən Tovuz, Zəyəm, Şəmkir, Qoşqar, Gəncə və bir çox çaylar Kür çayına tökülür.
Azərbaycanda bitki örtüyünün paylanmasında relyef qurşağına uyğun olaraq səhra, yarımsəhra, çöl, meşə, dağ-çəmənlik və s. bitki tiplərinə rast gəlinir. Samur-Dəvəçi çöllüyü, Abşeron yarımadasının mərkəzindən Muğan düzənliyinə qədər sahə səhra, yarımsəhra xarakteri daşıyaraq yovşan, şoranlıq otu və s. bitkilərlə örtülüdür.
Kiçik Qafqazın şimal-şərq hissəsinin dağətəyi zonasında, yəni Qazax, Xanlar, Ağdərə, Ceyrançöl və Şamaxı u1089 sahələri çöl, qismən yarımsəhra tipli bitkilərlə örtülüdür. Respublikanın orta və yüksək dağlıq yerləri (o cümlədən Naxçıvan) çəmənlik, çəmən-çöl bitkilərlə örtülüdür. Orta dağlıq, qismən yüksək dağlıq qurşaqda iriyarpaqlı ağaclardan palıd, fıstıq, vələs geniş yayılmışdır. Talış dağlarında relikt olan dəmir ağacı, ipək akasiyası kimi nadir ağaclar mövcuddur. Qarışıq yarpaqlı meşələr rütubətli Lənkəran və Qarabağ düzənliklərinin örtüyüdür. İqlim, oroqrafik, torpaq-bitki örtüyünün mürəkkəb vəhdəti Azərbaycanda müxtəlif tipli landşaftın formalaşmasına şərait yaradır (yarımsəhra, çöl, meşə, çəmənlik). Azərbaycanda aşağıdakı landşaft tipləri mövcuddur: yarımsəhraKür-Araz çökəkliyi, quru çöl - 450-500 m-dən 1200 m-ə qədər hündürlüyü, dağ-meşə - 600 m-dən 2000 m-ə qədər olan hündürlüklü dağlıq hissələri əhatə edir. 2000-3000 m hündürlüklü sahələrdə alp çəmənliyi yerləşir.
Stratiqrafiya. Azərbaycanın geoloji quruluşunda Fanerozoy eonotemin Paleozoy, Mezozoy və Kaynozoy eratemlərinin çöküntü, püskürmə və metamorfik süxurları iştirak edirlər. Qafqazın Böyük Qafqaz dağları hissəsi miogeosinklinal inkişaf mərhələsi keçmişdir. Böyük Qafqazın geoloji quruluşunda, əsas etibarilə, normal dəniz çöküntüləri iştirak edirlər. Kiçik Qafqaz evgeosinklinal inkişaf mərhələsi keçmiş və geoloji quruluşunda püskürmə, püskürmə-çökmə (piroklastik), qismən isə çökmə süxurlar iştirak edirlər.
Paleozoy eratemi çöküntüləri Naxçıvan Muxtar Respublikasında yer səthinə çıxır. Devon, Karbon və Perm sistemləri çöküntüləri əsas etibarilə dəniz fasiyalı karbonat süxurlardan təşkil edilib.
Devon sistemi H.V.Abix (1873), P.Bonne (1947), Ş.Ə.Əzizbəyov (1961), A.B.Məmmədov (1999) və b. tərəfindən öyrənilmişdir. Şərur-Culfa antiklinoriumun geoloji quruluşunda orta-üst şöbələrinin çöküntüləri iştirak edərək, karbonatlı süxurlardan ibarətdir. Orta Devondan Eyfel və Jivet, Üst Devondan Frans və Famen mərtəbələri çöküntüləri məlumdur.
Karbon sisteminin alt şöbəsinin Turne, Vize, Serpuxov mərtəbələrinin çöküntüləri müəyyən edilmişdir. Onlar dəniz fasiyalı karbonat süxurlardan təşkildir. İlk dolğun məlumat F.Frex, sonralar P.Bonne, N.N.Yakovlev, Ş.Ə.Əzizbəyov, A.M.Sadıkov və b. tərəfindən verilmişdir.
Perm sistemi Q.Q.Artqaber, Ş.Ə.Əzizbəyov, K.O.Rostovtsev, A.B.Məmmədov və b. tərəfindən öyrənilmişdir. Şərur-Culfa antiklinoriumun geoloji quruluşunda iştirak edərək, bitumlu və foraminiferli əhəngdaşlarından təşkil olunub. Kəsilişdə Alt Permdən yalnız Üst Bolor mərtəbəsi çöküntüləri məlumdur. Üst Permdən Kuberqanda, Murqab, Midiy, Culfa və Dərəşəm mərtəbələrinin süxurları kəsilişdə iştirak edirlər.
Mezozoy eratemi çöküntüləri Kiçik və Böyük Qafqaz meqantiklinoriumlarının iri tektonik strukturlarının quruluşunda iştirak edirlər. Eyni zamanda Xəzəryanı düzənliyində, Kür dağarası çökəkliyində qazılan dərin quyularda Üst Mezozoy çöküntüləri (Yura, Təbaşir) aşkar olmuşdur. Mezozoy eratemi sistemləri çökmə, püskürmə və metamorfik süxurlardan ibarətdir.
Trias sistemi çöküntüləri H.V.Abix, A.M.Sadikov, K.O.Rostovtsev, T.A.Həsənov və b. tərəfindən öyrənilmişdir. Naxçıvanda yer üzərinə çıxırlar. Sistemin alt və orta şöbələri təmsil olunur. Şərur-Culfa antiklinoriumun quruluşunda Alt Triasın İnd və Olenik, Üst Triasın Aniziy və Ladin mərtəbələrinin çöküntüləri əhəngdaşı, dolomit, dolomitləşmiş əhəngdaşıları ilə təmsil olunur.
Yura sistemi H.V.Abix, Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli, T.A.Həsənov, M.R.Əbdülqasımzadə, V.B.Ağayev, R.Q.Babayev və b.tərəfindən öyrənilmişdir. Yura çöküntüləri Kiçik və
Böyük Qafqazın iri, gömülmüş quruluşlarında iştirak edir. Alt Yura - Hettanq, Sinemyur, Plinsbax və Toar mərtəbələri terrigen, Orta Yura - Aalen, Bayos, Bat, Kellovey mərtəbələri püskürmə u1074 və piroklastik süxur-
lardan, Üst Yura - Oksford, Kimeric, Titon mərtəbələri isə karbonat, çökmə-terrigen süxurlardan ibarətdir.
Təbaşir sistemi V.P.Renharten, M.M.Əliyev, Ə.Y.Xəlilov, Ak.A.Əlizadə, R.Ə.Xələfova, X.Əliyulla və b. tərəfindən tədqiq edilmişdir. Təbaşir çöküntüləri Böyük və Kiçik Qafqazın əsas tektonik strukturların quruluşunda iştirak edir.
Alt Təbaşir Ə.Y.Xəlilov, X.Əliyulla, R.Ə.Əliyev, Q.Ə.Əliyev, Ç.Ə.Tahirov, O.A.Zeyniyev və b. tərəfindən öyrənilmişdir. Berrias, Valanjin, Hoteriv, Barrem, Apt və Alb mərtəbələri çöküntülərlə təmsil olaraq, əsas etibarilə, əhəngdaşı, mergel, gil, qumdaşı və onların növbələşməsindən ibarətdir.
Üst Təbaşir M.M.Əliyev, Ak.A.Əlizadə, X.Əliyulla, Q.A.Əliyev, O.B.Əliyev, R.N.Məmmədzadə və b. tərəfindən tədqiq olunmuşdur. Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt mərtəbələri karbonat, terrigen, püskürmə süxurları ilə səciyyələnir.
Kaynozoy eratemi Böyük və Kiçik Qafqazın, Kür çökəkliyinin əsas tektonik strukturlarının quruluşunda iştirak edir. Litologiyası çökmə, püskürmə və piroklastik süxurlardan ibarətdir. Kaynozoyun biostratiqrafiyasının öyrənilməsində Q.Ə.Əlizadə, V.V.Boqaçov, C.M.Xəlilov, D.Ə.Ağalarova və b. böyük xidmətləri olmuşdur.
Paleogen sistemi Paleosen, Eosen və Oliqosen şöbələrinə bölünür. Biostratiqrafiyasının öyrənilməsi ilə Q.Ə.Əlizadə, Ə.Ə.Əlizadə, T.Ə.Məmmədov, C.M.Xəlilov, D.Ə.Ağalarova və b. məşğul olmuşlar. Kiçik və Böyük Qafqazın, Kür çökəkliyinin əsas strukturlarının quruluşunda iştirak edirlər. Litoloji cəhətdən gil, qumdaşı, əhəngdaşı, konqlomerat və s. süxurlarla təmsil olmuşlar. Paleosen - Danimarka, Mont, Tanet, Eosen-İpr, Lyutet, Barton, Priabon və Oliqosen-Ryupel, Stampi və Hat mərtəbələrindən ibarətdir.
Neogen sistemi Miosen və Pliosen şöbələrinə bölünür. Biostratiqrafiyasının öyrənilməsində Q.Ə.Əlizadə, Ə.Ə.Əlizadə, L.İ.Əliyeva, Ə.V.Məmmədov, S.Q.Qaryağdı, E.M.Əsədullayev, A.D.Babazadə, E.Z.Atayeva və b. xidmətləri olmuşdur. Miosen şöbəsinin alt yarımşöbəsi – Maykop, Tarxan, orta – Çokrak, Karaqan, Konk və üst – Sarmat, Meotis mərtəbələrinin çöküntülərilə təmsil olunur. Pliosen şöbəsinin alt yarımşöbəsi Pont, Balaxanı (Məhsuldar qat) və üst isə Ağcagil mərtəbələrinə bölünürlər. Çöküntülər orqanogen əhəngdaşı, qumdaşı, gil, qum, qravelit və s. süxurlardan ibarətdir.
Dördüncü dövr (Antropogen) sistemi Pleystosen və Holosen şöbələrinə bölünür. Pleystosen şöbəsi - Abşeron, Bakı mərtəbələri, Türkan, Xəzər, Alt Xvalın horizontlarından; Holosen – Üst Xvalın və Yeni Xəzər horizontları çöküntülərindən təşkil edilib. Dördüncü dövr çöküntüləri Abşeron yarımadasında, Qobustanda, Xəzəryanı sahədə, Lənkəran düzənliklərində, Orta və Aşağı Kür ovalıqlarında, Bakı arxipelaqında və b. sahələrdə geniş yayılmışdır. Biostratiqrafiya tədqiqatlar B.G.Vəkilov, S.Q.Qaryağdı, T.S.Qarayev, E.M.Əsədullayev və b. tərəfindən aparılmışdır. Litoloji cəhətdən dəniz və kontinental fasiyalı çöküntülərdən, gil, qum, konqlomerat, əhəngdaşı süxurlarından ibarətdir.
Tektonika. Qafqazın tektonik quruluşunun tədqiqilə A.E. Arxengelski, V.V.Belousov, P.D.Qamkrelidze, Ş.Ə.Əzizbəyov, V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli və b. məşğul olmuşlar. Azərbaycanın geoloji quruluşunda iştirak edən əsas tektonik strukturlardan Böyük və Kiçik Qafqaz meqantiklinoriumları və onları ayıran Kür dağarası çökəkliyidir.
B.Qafqaz meqantiklinoriumun tektonikası, əsas etibarilə, V.Y.Xain, K.N.Paffenhols, Ə.Ş.Şıxəlibəyli, F.S.Əhmədbəyli, Ə.Ə.Bayramov və b. tərəfindən tədqiq edilmişdir. O, mürəkkəb quruluşa malik olub, mərkəzi hissəsi Yura yaşlı aspid, gilli, qumdaşılı şistlərdən ibarətdir. Qanadlarını təşkil edən tektonik strukturlar nisbətən cavan süxurlardan ibarətdir. Burada və yaxud örtülü hissələrdə cavan, hətta basdırılmış strukturlar yerləşir. Belə strukturlardan şimalda Qusar-Dəvəçi törəmə çökəkliyi, cənub-qərbdə müasir Alazan-Əyriçay əyilməsidir. B.Qafqaz meqantiklinoriumunda Təngi-Beşbarmaq antiklinoriumu, Şahdağ, Xızı, Şamaxı-Qobustan sinklinoriumları, Abşeron periklinal əyilmə və bir neçə başqa strukturlar mövcuddur.
K.Qafqaz meqantiklinoriumun tektonik quruluşu V.Y.Xain, Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli, Ə.İ.Məmmədov və b. tərəfindən tədqiq edilmişdir. Meqantiklinoriumun geoloji quruluşunda, əsas etibarilə, püskürmə, tuflu-çökmə, karbonat süxurlardan ibarət aşağıdakı tektonik zonalar mövcuddur: Lök-Ağdam tektonik zonası tərkibində Şəmkir, Murovdağ, Ağdam antiklinoriumları və onları ayıran Qazax, Daşkəsən, Ağdərə sinklinoriumlarıdır. Göyçə-Qarabağ tektonik zonası Lök-Ağdam zonasından cənub və cənub-qərbdə yerləşir. Onun tərkibində Turaqaçay, Xocavənd, Sarıbaba, Azıx sinklinoriumları və onları ayıran Qarabağ və Zəmzur antiklinoriumları məlumdur.
Misxan-Qafan zonası Sarıbaba sinklinoriumun cənub-qərbində yerləşir. Zona Tərtər çayının mənbəyindən şərq istiqamətində uzanaraq, Qarabağ və Zəngəzur dağlararası sahəni əhatə edir. Tərkibi - Laçın, Starotaq, Qafan antiklinoriumları və onları ayıran Kəlbəcər törəmə muldasından, Xuzabirt və Qoçaz sinklinoriumlarından ibarətdir. Araz tektonik zonası Naxçıvan ərazisində yerləşərək tərkibində Şərur-Culfa, Zəngəzur antiklinoriumları və Ordubad sinklinoriumu mövcuddur. Strukturlar Fanerozoy eratemi çöküntülərindən təşkil olunaraq, çökmə, püskürmə, karbonat və s. süxurlardan ibarətdir. Talış tektonik zonası Talış dağlıq ərazisinin böyük hissəsini əhatə edir. Litofasial cəhətdən püskürmə və çökmə mənşəli kompleks süxurlardan təşkil edilmişdir. Tərkibində Astara antiklinoriumu və Lerik sinklinoriumu ayrılır.
Xəzər çökəkliyi Şimali Xəzəryanı, Qafqaz, Xəzərarxası və Şimali İran ərazilərinin qovuşduğu yerdə əmələ gəlmişdir. Xəzər dənizinin sahəsi 400.000 km2, eni 325, uzunluğu 1200 km və dərinliyi 1010 m-dir. Xəzər dənizi iki çökəklikdən ibarətdir: Orta və Cənubi Xəzər. Onları Abşeron-Pribalxan qalxımı ayırır. Cənubi Xəzər çökəkliyi müasir dövrdə intensiv əyilmə zonasına çevrilmişdir. Burada Pliosen-Dördüncü dövr çöküntülərinin qalınlığı 7 km-dən artıqdır.
Kür dağarası çökəkliyi Alp qırışıqlıq qurşağının Qafqaz seqmentində daxili strukturdur. O, Böyük və Kiçik Qafqaz dağları, Dzirül massivi və Xəzər dənizi ilə həmsərhəddir. Uzunluğu 450, eni isə 170 km-dir. Kür dağarası çökəkliyin tektonikası ilə İ.M.Qubkin, H.Ə.Əhmədov, Ə.V.Məmmədov, F.S.Əhmədbəyli və b. məşğul olmuşlar. Əsas tektonik struktur elementləri Orta və Aşağı Kür çökəklikləridir. Orta Kür çökəkliyində Alazan-Əyriçay, Palantökən sinklinoriumu, Daşyüz, Çatma-Göyçay antiklinoriumu, Aşağı Kür sinklinoriumunda Kürdəmir-Saatlı, Mil-Muğan gömülmüş qalxımlar mövcuddur.
Palçıq vulkanları ilə Ə.Ə.Yaqubov, M.M.Zeynalov, A.A.Əliyev, F.S.Məhərrəmova və b. tərəfindən tədqiq edilmişdir. Azərbaycanda fəaliyyətdə olan, yaxud sönmüş palçıq vulkanları Abşeron yarımadası, Qobustan, Xəzər dənizində geniş yayılmışdır. Quruda və Xəzər dənizində 40-dan artıq palçıq vulkanı məlumdur. Onlar vaxtaşırı fəaliyyət göstərirlər. Bunların içərisində Böyük Kənizi, Touraqaçay, Otmanbozdağ, Keyrəki, Qalmas və b. göstərmək olar. Quruda yayılmış palçıq vulkanları morfoloji quruluşlarına görə yastı konus formasındadırlar. Fəaliyyətləri dövründə püskürmə məhsulu 300-400 m hündürlüyə atılır və 3-3,5 km2 sahəni əhatə edir. Palçıq vul-
kanlarının məhsullarında gil, vulkan brekçiyası, dərin qatlardan gələn qaymalar, qaz, su və neft axımı müşahidə olunur. Dəniz palçıq vulkanları ada və sualtı qalxım formalarda məlumdur. Bunlardan Xarazirə, Gil, Qarasu, Səngi-Muğan və b. göstərmək olar. Alimlər belə qənaətə gəlmişlər ki, palçıq vulkanlarının əmələ gəlməsi üçün müəyyən şərait olmalıdır. Onların ən mühümləri – antiklinal strukturun, qırılma-sürüşmə pozulmasının, plastik gil süxurunun, yeraltısu mənbəyinin və karbohidrogen qaz toplusunun olmasıdır.
Azərbaycanin faydali qazintilari
Azərbaycan yerüstü və yeraltı filiz, qeyri-filiz faydalı qazıntıları ilə zəngindir. Bu baxımdan ilk növbədə Respublikanın neft və qaz yataqlarını yada salmalıyıq.
Eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında qaz və neftin yer səthinə sızması məlum idi və eyni zamanda neftdən müxtəlif sahələrdə istifadə olunması qeyd olunur. Abşeron yarımadasının neftliliyi barədə ilk yazılı məlumat X əsrdə Məsudi, XIII-XIV əsrlərdə Marko Polo və b. tərəfindən verilmişdir. XVI əsrin sonunda Balaxanı kəndində Allahyar Məmməd Nuri ilk dəfə olaraq neft əldə etmək məqsədiylə dərinliyi 60 m olan əl quyusu qazdırır. Əsrin əvvəllərində Qasımbəy dünya təcrübəsində ilk dəfə olaraq Xəzər dənizində sahildən 20-30 m uzaqda neft istehsal etmək fikrinə düşür və bu məqsədlə əl quyusu qazır. 1735-ci ildə səyyah Lerxe, 1841-ci ildə Fransa yazıçısı Düma Suraxanıdaki məşhur «Atəşgah» barədə əsərlərinin birində məlumat verir.
Bakı neftinin elmi əsaslarla öyrənilməsi məşhur alman geoloqu «Qafqaz geologiyasının atası» H.V.Abixin XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda apardığı tədqiqatlarla bağlıdır. Neft quyularının rotor üsulu ilə 100-120 m dərinliyə qazılması da ilk dəfə Bakıda tətbiq olunur. Abşeronda zəngin neft yataqlarının aşkar
edilməsi daxili (H.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev və b.) və xarici (Rotşild, Nobel, Montaşev və b.) kapitalistləri bu işə sərmayə qoymağa sövq etdi.
XX əsrin başlanğıcında neft sənayesində çalışan ali savadlı azərbaycanlı mütəxəsislər yetişir. Dağ mühəndisi Qədir Əfəndiyev 1911-ci ildə Fatmayı ərazisinin geoloji xəritəsini tərtib edir. Fərruxbəy Cavanşir «Nobel qardaşları» kompaniyasında maşınqayırma sahəsində işləyərək, bir neçə ixtiranın müəllifi olur.
Layların stratiqrafik yaşlarının təyin olunmasında paleontoloji üsul mühüm rol oynayır. Bu sahədə kadrlar 1920-ci ildə yeni yaranan Azərbaycan Politexnik İnstitutunda V.V.Boqoçovun rəhbərlik etdiyi «Paleontologiya və tarixi geologiya» kafedrasında hazırlanırdı. Respublikada neft sənayesinin inkişafıyla əlaqədar 30-cu illərdə regional geologiya, xəritəalma işləri genişlənir (Ş.Ə.Əzizbəyov, Ə.Ş.Şıxəlibəyli, R.N.Abdullayev və b.). Eyni zamanda Azərbaycan Neft Elmi-Tədqiqat və Lahiyə İnstitutunda və onun tərkibində fəaliyyət göstərən mikrofauna laboratoriyası təşkil olunur (B.E.Livental, C.İ.Cəfərov və b.) və burada təcili təyinatlar aparılırdı.
XX əsrin ikinci yarısından başlayaraq Xəzər dənizində geoloji-kəşfiyyat işləri və neft istehsalı sürətlə artır. Neft daşları, Qumdaşı, Pirallahı adası və b. neftli-qazlı strukturların kəşf edilməsində geoloqlardan Ə.Ə.Yaqubov, A.T.Əliyev, F.İ.Səmədov və b. böyük rolu olmuşdur. Azərbaycanda karbohidrogen yataqlarının öyrənilib, inkişaf etdirilməsi sahəsində 1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab H.Ə.Əliyevin rəhbərliyi altında bağlanan «Əsrin müqaviləsi» mühüm iqtisadi əhəmiyyət kəsb edir. Qısa müddətdə Çıraq, Azəri, Kəpəz yataqları sınaqdan çıxaraq istismara verildi, terminallar quruldu. Hasil olan neft Bakı-Novorossiysk və Bakı-Subsa neft kəmərlərilə xarici bazara çıxarılır. Nəhəng Bakı-Ceyhan neft kəmərinin çəkilməsi üçün gərgin işlər aparılır.
Məlum olduğu kimi, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla yanaşı, bollu filiz yataqları mənbəyidir.
Azərbaycanda dəmir, mis, qurğuşun və s. filizlərin olması eramızdan əvvəlki dövrlərdə səyyah, tarixçi, coğrafiyaşünaslara məlum idi. XIV-XV əsrlərdə yunanlar uzun məsafə qət edərək, Böyük Qafqaz dağlarının cənub yamacında, Kiçik Qafqazın şimal-şərq hissəsində mis, dəmir və s. əritmək məqsədilə sobalar quraşdırmışlar. XVIII əsrin sonunda Rusiyadan gələn məmurlar, təbiətşünaslar: Musin-Puşkin, Eyxvald və b. Qazax rayonunda qızıl, Daşkəsəndə dəmir, Zəylikdə alunit filizlərinin olması barədə məlumatlar verirlər. XIX əsrin ortalarından başlayaraq H.V.Abix, F.Frex, Q.Arthaber və b. tərəfindən Respublikanın (o cümlədən Naxçıvanın) ayrı-ayrı mahallarının geoloji xəritələri tərtib olunur. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın faydalı qazıntı yataqlarının öyrənilməsində canlanma hiss olunur. Bu dövrdə əsasən Rusiyadan gələn geoloqlar fəaliyyət göstərirlər. Bunların sırasında E.S.Fedorovun (1902), N.S.Uspenskinin (1910), P.N.Çervinskinin (1914), K.N.Paffenholsun (1922-1926), İ.V.Barkanovun (1936) və bir çoxlarının, əsas etibarilə, Kiçik Qafqazda apardıqları tədqiqatlar nəzərə çarpır. Filiz yataqlarının tədqiqatında böyük irəliləmə əsrin 30-cu illərində Azərbaycan geologiya idarəsinin yaranması ilə başlanır. Belə ki, geoloqlardan Ş.Ə.Əzizbəyov, M.S.Qaşqay, S.M.Süleymanov, A.N.Solovkin, İ.A.Şirvanzadə, N.M.Səlimxanov, M.A.Mustafabəyli, H.İ.Kərimov, İ.N.Sitkovski və b. apardıqları tədqiqatlar nəticəsində Respublikamızda əlvan, qara metal yataqları, mineral su mənbələri və b. aşkar olunur. Qafqaz əyalətində Azərbaycan filiz və qeyri-filiz yataqlarının müxtəlifliyi və zənginliyinə görə ən dövlətli ölkələrdən biridir. Bunlardan Daşkəsən dəmir, xromit, Naxçıvan marqan, Gədəbəy mis, Çovdar barit və b. yataqları göstərmək olar. Respublikamız qeyri-filiz yataqları ilə də zəngindir. Bunlardan kükürd kolçedanı, daş duz, dolomit, fosforit və s. yataqları qeyd etmək olar.
Bir qrup gənc geoloq 50-ci illərdə Böyük Qafqazın cənub yamacında axtarış-kəşfiyyat işləri nəticəsində nəhəng Filizçay kolçedanpolimetal yatağını aşkar etdilər.
İnşaat materialları içərisində Qaradağ əhəngdaşı və gil, QazaxTovuz vulkan külü, pemza, Yuxarı Ağcakənd gips, Kəlbəcər, Şaxtaqı travertin, Daşkəsən mərmər, Kəlbəcər perlit, obsedian yataqları və bir çoxları qeyd olunmalıdır.
Azərbaycan eyni zamanda müalicəvi mineral su mənbəyidir. Respublikanın Kiçik Qafqaz hissəsində İstisu, Turşsu, Şirlan, Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır və b. mənbələri göstərmək olar. Respublikanın cənub rayonlarında, Masallı, Lənkəran, Astarada xlorlu-natriumlu mədən sularından, termal su mənbələrindən məişətdə geniş istifadə olunur.
Muzeyin geoloji şöbəsində yerləşən 13 vitrində Respublikamızda məlum olan filiz və qeyri-filiz yataqlarından toplanmış 83 süxur və mineral nümunələri nümayiş etdirilir. Bunların içərisində porfirit, bazalt, travertin, mərmər, perlit, dolomit, barit, hematit, mis, kvars, siderit və s. qeyd etmək olar.
![]() Dağ bülluru |
![]() Dağ bülluru |
![]() Çaxmaq daşı |
![]() Boksit |
![]() Xalkopirit |
![]() Alunit |
![]() Kvars |
![]() Brekçiya |
![]() Brekçiya |
![]() Daş duz kristalları |