Xəbərlər


ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

 
01 mart 2022-ci il

Geologiya və Geologiya İnstitutunda Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş (videoformat variantında) tədbir keçirilib. İnstitutun Mülki Müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev tədbirin aktuallığı barədə məlumatında bildirib ki, hazırda bütün dünyada geniş qeyd olunan Mülki Müdafiə gününün bünövrəsi 1931-ci ildə fransız tibb xidməti generalı Corc Sant-Pol tərəfindən təşkilat şəklində Parisdə qoyulub. 1958-ci ilin yanvarında “Cenevrə zonası” assosiyasiyası (qeyri dövlət təşkilatı) yeni statuslu Beynəlxalq Mülki Müdafiə təşkilatına çevrilib. Artıq təşkilat müxtəlif milli MM qurumları ilə əlaqə yaradaraq mülki vətəndaşların, qaçqınların qorunması məqsədi ilə təhlükəsiz zonaların yaradılması, vətəndaşların qorunması problemləri, fövqəladə halların qarşısının alınması və proqnozlaşdırılması, xilasetmə məqsədi ilə lazımi tədbirlərin görülməsi üçün öz təcrübələri ilə bölüşərək FH qarşısının alınması üçün bütün vasitələri səfərbər edib.

Respublikamız 1993-ci ildən bu nüfuzlu təşkilatın üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə iştirak edir.

Bu ilin mülki müdafiə üzrə aktual mövzusu “Təbii fəlakətlər və bohranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi; Könülllülərin rolu və pandemiya ilə mübarizə” qəbul edilmişdir.

Tədbirdə qeyd elilib ki, 2020-ci ildə bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan könüllüləri hökumətə dəstək fəaliyyətində iştirakları ilə xüsusi seçildilər. Belə ki, hələ pandemiyanın ilk başladığı günlərdə “Könüllü Qonşu”, “Böyüklərimizi qoruyaq” və digər aksiyalara start verildi. Aksiyalar çərçivəsində könüllülər ölkəmizin dörd bir yanında yaşlı vətəndaşlarımızın təhlükəsizliyinin qorunması məqsədilə onların evlərini tərk etməmələri üçün ərzaq və dərman kimi zəruri ehtiyaclarını operativ şəkildə həll edərək, köməklik göstərdilər.

Qeyd edək ki, dünyada baş verə biləcək təbii fəlakəti dəqiq proqnozlaşdirmaq olduqca çətin olub, bəzən isə demək olar ki mümkün deyil. Bu hadisələrin nəticələrinin aradan qaldırılmasında Mülki müdafiə qüvvələrinin rolu əvəzsizdir. Belə ki, əhalinin köməyi koordinasiya olunur, görüləcək işlər planlaşdırılır və tənzimlənir, lazım olan tədbirlər vaxtında həyata keçirilərək insanların həyati təhlükədən xilas edilr.