GİA

GGİ-də AMEA-nın MÜXBİR ÜZVÜ T.A.HƏSƏNOVUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BİRGƏ ELMİ İCLAS KEÇİRİLİB

 
15 oktyabr 2021-ci il

AMEA-nın müxbir üzvü Tofiq Həsənovun 100 illik yubileyinə həsr olunmuş AMEA Yer Elmləri Bölməsi ilə Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şuralarının birgə iclası keçirilib.

Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq, görkəmli geoloq-alim, paleontoloq, stratiqraf, pedaqoq, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tofiq Həsənovun 100 illik yubileyinin GGİ-də qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Akademik Akif Əlizadə Azərbaycanın görkəmli geoloq-aliminin elmi fəaliyyəti haqqında danışaraq bildirib ki, o, 1951-1954-cü illərdə Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) ilk aspirantlarından biri olubdur. Onun elmi fəaliyyəti Azərbaycanın yura çöküntülərinin stratiqrafiyası və paleontologiyasının öyrənilməsi ilə bağlı olub. O, ilk dəfə Şəmkir antiklinoriyasının alt yura çöküntülərinin və Kiçik Qafqazın şərq hissəsinin orta yura yaşlı vulkanogen, piroplastik çöküntülərinin biostratiqrafik bölgüsünü verib. Kiçik Qafqazın şərq hissəsi və Naxçıvanın trias və alt-orta yura çökün-tülərinin yerli və regional stratiqrafik sxemlərinin tərtibatçısı olub. T.Həsənov Böyük Qafqazın cənub yamacında Filizçay polimetal yatağının Plinsbax yaşlı olmasını müəyyən edib, həmçinin dünya okeanının bioloji və geofiziki tədqiqi ilə məşğul olan elmi ekspedisiyalarda iştirak edibdir. O, 1979-1980-ci illərdə Saxalin Kompleks Elmi-Tədqiqat İnstitutunun proqramı ilə “Peqas” elmi tədqiqat gəmisinə dəvət olunaraq Sakit okeanda kompleks tədqiqat işləri aparıbdır. 1982-ci ildə isə Azərbaycan EA-nın “Elm” gəmisində Dünya okeanlarında apardığı elmi tədqiqatları davam etdirib, Amur çayı hövzəsində, Yapon, Şərqi və Cənubi Çin dənizlərində, Hind okeanında, Kolombo, Sinqapur və Xabarovsk şəhərləri ətrafında elmi-tədqiqat işləri apararaq mühüm nəticələr əldə edibdir.

Təbiət-Tarixi Muzeyinin baş direktoru, biologiya elmləri namizədi Tariyel Eybatovun “Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tofiq Həsənov – Geologiya və Geofizika İnstitutu və H.B.Zərdabi adına Təbiət-Tarixi Muzeyi” mövzusunda məruzəsi maraqla qarşılanıb. Məruzəçi öz çıxışında qeyd edib ki, T.Həsənov 1938-ci ildə Azərbaycan Neft Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olubdur, Böyük Vətən müharibəsi illərində Sovet Ordusu sıralarında qulluq etməsi ilə əlaqədar təhsili yarımçıq qalıbdır. 1948-ci ildə mühəndis-geoloq ixtisası üzrə həmin institutu bitiribdır. Natiq yubilyarın elmi fəaliyyətindən faktlar gətirərək qeyd edib ki, Tofiq Həsənov Azərbaycan Paleontologiya Cəmiyyətinin yaradıcılarından biri və həmin cəmiyyətin pre-zidenti olubdur. 1999-cu ildən H.B.Zərdabi adına Təbiət-Tarixi Muzeyinin direktoru olubdur.

Məruzələr ətrafında çıxışlar zamanı g.-m.e.d,, professor Adil Əliyev, g.-m.e.d,, professor Çinfiz Xəlifəzadə, g.-m.e.d,, professor Musa Məmmədov və b. yubilyarla bağlı xatirələrini səsləndiriblər.

Sonda ailə üzvləri adından alimin nəvəsi Aytac xanım öz təşəkkürünü tədbir iştirakçılarına çatdırıb.

Yubiley tədbiri Təbiət-Tarixi Muzeyinə ekskursiya ilə davam etdirilib.




















 





15.10.2021     Çap et  Çap et