GİA

“TÜRK DÜNYASININ COĞRAFİYASI VƏ ETNOSU” ÜÇCİLDLİYİNİN TƏQDİMATI OLUB

 
17 may 2021-ci il

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin onlayn təqdimatı olub.

Coğrafiya İnstitutunun alimlərinin ərsəyə gətirdiyi nəşrin təqdimatında müxtəlif türkdilli ölkələrdən olan tədqiqatçılar da iştirak ediblər.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək üçcildliyin yaranma tarixçəsi, hazırlanmasında əsas məqsəd, türk etnosunun dünya tarixindəki yeri və rolu, nəşrin bölmə və fəsilləri barədə iştirakçılara məlumat verib. O bildirib ki, kitabda türk dünyasının coğrafi mövqeyi və tarixi coğrafi mahiyyəti ilə yanaşı, ərazisinin geologiyası və geomorfologiyası, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, təbii zonaları, ekoloji problemləri araşdırılıb, türk dünyası dövlətlərinin, türk xalqlarının dövlət qurumlarının hər birinin fiziki və iqtisadi coğrafi problemləri ayrılıqda təhlil edilib.

Türk dünyası dövlətləri və xalqlarının Avrasiyanın və bütövlükdə dünyanın geopolitik və geoiqtisadi-sosial tarazlığının qorunmasında və inkişaf etdirilməsində önəminə toxunan alim bu məsələnin Prezident İlham Əliyevin həmişə diqqət mərkəzində olduğunu söyləyib.

R.Məmmədov institut alimlərinin ərsəyə gətirdikləri əsərin rus dilində birinci cildinin çapdan çıxdığını, qalan II və III cildlərinin də nəşrə hazır olduğunu nəzərə çatdırıb. O üçcildliyin ingilis dilində kitab halında nəşr olunması istiqamətində də institutda iş aparıldığını bildirib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Coğrafiya İnstitutunun hazırlayıb nəşr etdirdiyi “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi akademiyada, ölkəmizdə fundamental tədqiqatların mühüm nailiyyətlərindən və əsas göstəricilərindən biri sayılmağa layiqdir.

Təqdimata Qazaxıstandan qoşulan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı türk dünyası coğrafiyasının müasir dünyanın geopolitik məkanda rolunun artmasından danışıb, onun öyrənilməsində üçcildliyin əvəzolunmaz mənbə olduğunu deyib.

Mərasimdə Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Ərən, TRT-nin Türkmənistan bürosunun rəhbəri Murat Toylu və digərləri çıxış edərək nəşrin türk xalqlarının bir-birinə yaxınlaşmasındakı önəminə toxunub, kitabın xarici dillərə tərcüməsinin vacibliyini bildiriblər.

 





17.05.2021     Çap et  Çap et