Ana Səhifə / Fəaliyyət / Yüksək termodinamik şəraitdə süxurların elastiki xassələrinin anizotropiyası və litosferin petrofiziki modelləri

Avtoreferatlar

Yüksək termodinamik şəraitdə süxurların elastiki xassələrinin anizotropiyası və litosferin petrofiziki modelləri

Səfərov İbrahim B.

(2003)

Yüksək termodinamik şəraitdə süxur və mineralların vahid nümunəsində eyni zamanda uzununa və eninə dalğaların sürətlərini, sıxlıq xassələrini ölçməyə imkan verən bir sıra yeni aparatlar və metodlar işlənib hazırlanmışdır. Təcrübə zamanı istiqamətlənmiş anizotrop süxur və mineral nümunələrində uzununa və polyarizə olunmuş eninə dalğaların sürətlərin tədqiq etmək üçün metodlar yaradılmış və qurğular işlənib hazırlanmışdır.


Eksperimental olaraq yüksək termodinamik şəraitdə kontinental və okeanik litosferi təsfir edən süxur və mineralların, həmçinin dərinlik möhtəvilər olan partlayış borucuqların ksenolitlərinin elastiki xassəlləri, sıxlıqları, uzununa və eninə dalğaların sürətlərinin elastiki anizotropiyası öyrənilmişdir. Süxurların mineral tərkibindən, strukturundan, sıxlıq və məsaməliyindən asılı olaraq uzununa və eninə dalğaların, elastiklik modullarının və elastiki xassələrinin anizotropiyasının dəyişmə qanunauyğunluqları aşkar edilmişdir. Termodinamik şəraitdən asılı olaraq materik və okeanik litosferi təşkil edən süxurların kimyəvi tərkibinin elastiki və sıxlıq xassələrinə təsir xüsusiyyətləri təyin edilmişdir. Qeyd edilmiş metodlar vasitəsilə istiqamətlənmiş anizotrop süxur və mineral nümunələrində polyarizə olunmuş eninə dalğaların anizotropiyası təyin edilmişdir. Yüksək termodinamik şəraitdə eksperimental yolla alınmış uzununa, eninə dalğaların və sıxlıqların qiymətləri əsasında xeyli miqdarda dərinlik süxurları və ksenolitlər üçün sıxılma, həcm dekrementi, Yünq və sürüşmə modulları, Puasson  əmsalı təyin edilmişdir. Aşkar edilmişdir ki, dərinlik artdıqca süxurların sıxılması azalır. Mantiya ekloqitləri və ultrabazitlər minimum sıxılma qiymətlərilə səciyyələnirlər. Əldə olunmuş eksperimental nəticələr əsasıda diopsid mineralı üçün 2,0 Qpa təzyiqdə elastiki konstantların tam tenzoru hesablanmışdır. Geniş təzyiq və temperatur intervallarında süxurların fiziki parametrləri arasında korrelyasiya əlaqələri müəyyən edilmişdir.


Regional geoloji-geofiziki materiallar və süxurların yüksək termodinamik şəraitdə laboratoriya eksperimental nəticələri əsasında dərinlik petrofiziki modellərin tərtib edilməsi metodikası işlənib hazırlanmış və temperatur düzəlişi nəzərə alınmaqla litosferin kontinental (Sibir platforması, Pamir, Tyan-Şan, Talış zonası) və okeanik (Sakit okean, Ural, Kipr adası. K.Qafqaz, Aralıq və Yapon dənizləri) hissələri üçün maddə tərkibi dəqiqləşdirilmişdir.