Ana Səhifə / Fəaliyyət / Azərbaycanın Şamaxı-Qobustan rayonunun paleogen-miosen çöküntülərinin karbohidrogen potensialı və kollektorluq xüsusiyyətləri

Avtoreferatlar

Azərbaycanın Şamaxı-Qobustan rayonunun paleogen-miosen çöküntülərinin karbohidrogen potensialı və kollektorluq xüsusiyyətləri

İsmayılova Gülxar H.

(2001)

Bu işdə böyük statistik həcmə malik olan geokimyəvi materiallara əsaslanaraq Şamaxı-Qobustan rayonundakı paleogen-miosen çöküntülərinin karbohidrogen potensialının keyfiyyət və kəmiyyətcə qiymətləndirilməsi və sahə üzrə dəyişmə qanunauyğunluqları verilmişdir. Bu məsələləri həll etmək üçün həm əvvəllər yerinə yetirilmiş geokimyəvi tədqiqatların materiallarının təhlili, bu materialların əsasında kompyuterdə yeni xəritələrin tərtibi və həm də son illərdə aparılan müasir geokimyəvi tədqiqatların məlumatlarının təhlili və ümumiləşdirilməsi işləri həyata keçirilmişdir.


Maykop lay dəstəsinin daha əlverişli geokimyəvi mühitdə əmələ gəlməsi və onun əsas hissəsinin ali bitki qalıqlarına mənsub olan amorf yosunlu üzvi maddənin təşkil etməsi müəyyən edilmişdir. Tədqiq olunan stratiqrafik intervalda isə eosen çöküntülərinin ən zəif neft əmələgətirmə xüsusiyyətinə malik olduğu müəyyən edilmişdir.


Paleogen-miosen süxurlarının karbohidrogen potensialının realizə olunmasının paleotemperatur şəraiti göstərdi ki, təbii çıxışların yerləşdiyi rayonda üzvi maddənin çevrilmə dərəcəsi aşağı olduğundan  onun çoxlu miqdarda neft əmələ gətirmə xüsusiyyəti də aşağıdır. Paleo və müasir temperaturların dərinlikdən aslı olaraq dəyişməsi trendinə əsaslanaraq maykop çöküntülərində neftin generasiyasının yuxarı sərhəddi təqribən  3,5-4,5 km dərinliyi əhatə edir. Bununla əlaqədar maykop çöküntülərində intensiv neft əmələ gəlmə  zonası Ceyrankeçməz depressiyasının mərkəzinin daha dərin hissəsində proqnozlaşdırılır.


Bu işdə həmçinin Şamaxı-Qobustan rayonunun paleogen-miosen çöküntülərinin  və regional rezervuar olan məhsuldarqatın neft qaz toplama şəraiti də təhlil edilmişdir. Petrofizik parametrlərin (qranulometrik tərkib, karbonatlıq, keçiricilik, məsaməlik) dəyişməsi üçün tərtib edilmiş cədvəllər və kompyuter model-xəritələri müxtəlif stratiqrafik komplekslər üçün tutma-keçmə imkanlarını və onların sahə üzrə dəyişməsini qiymətləndirməyə imkan yaratdı.


Paleogen-miosen çöküntülərinin daha çox gilli litoloji tərkibə malik olması, maykop və çokrak çöküntülərinin özündə sənaye əhəmiyyətli  neft yığımları aumlasiyası və vermək imkanına malik horizontların olmasına baxmayaraq, bütünlükdə onların məhdud tutum-keçmə imkanlarına malik olması müəyyən edilmişdir.


Cənubi Xəzər çökəkliyində olduğu kimi Şamaxı-Qobustan rayonunda da məhsuldar qat daha əlverişli kolektorluq xüsusiyyətlərinə malik olduğundan  yeni neft yataqlarının perspektivli axtarışı da onlarla əlaqədar olmalıdır.


Oliqosen-miosen çöküntülərində neft yığımlarının axtarışı üçün daha əlverişli tutum-keşmə imkanlarına sahə Ceyrankeçməz depressiyasının cənub-şərq kənarıdır. Burada qeyriantiklinikal tipli (tektonik ekranlaşmış və depressiyanın kənar hissələrində litoloji pazlaşmış horizontlarda) neft yataqlarının müəyyənləşdirilməsi üçün əlverişli şərait vardır.