Ana Səhifə / Fəaliyyət / Palçıq vulkanlarının fəaliyyətinin neftqazlılıq proqnozu ilə əlaqədar modelləşdirilməsi

Avtoreferatlar

Palçıq vulkanlarının fəaliyyətinin neftqazlılıq proqnozu ilə əlaqədar modelləşdirilməsi

Babayev Əli-İkram Ş.

(2005)

Dissertasiya işi palçıq vulkanlarının geoloji quruluşu, morfologiyası, enerji mənbələri, püskürmə məhsulları və iş haqqında məlumatlara əssasən onların fəaliyyətinin termodinamik şəraitinin kompleks modelləşdirilməsinə həsr edilmişdir.


Palçıq vulkanlarının qazlarının alışma səbəbləri təyin edilmişdir. Azərbaycanın palçıq vulkanlarının qazlarının alışmasına səbəb alışma temperaturu 5370C-dən yüksək olan metan-hava partlayıcı qazdır.


Qaz amilinin quru və sualtı palçıq vulkanlarının formalaşmasında rolu aydınlaşdırılmış və onların qaz balansının hesablama metodikası tərtib edilmişdir. Bu metodikalara uyğun olaraq Çigil-dəniz küpəsi (4.12.1950-ci il püskürməsi) və Lökbatan (15.01.1887-ci il püskürməsi) palçıq vulkanları üçün qaz balansı hesablanmışdır.


Dərinlikdən asılı olaraq palçıq vulkanlarında suyun aqreqat hallarının təhlili aparılmışdır. Palçıq vulkanlarının enerji mənbələri təyin edilmişdir və ilk dəfə onlar miqdarca qiymətləndirilmişdir.


Palçıq vulkanlarının qaz yığılma ocaqlarının həndəsi parametrlərinin hesablama metodikası tərtib edilmişdir. Bu metodikaya uyğun olaraq Çigil-dəniz küpəsi və Lökbatan palçıq vulkanları üçün həmin ocaqların həcmləri hesablanmışdır.


Qurudakı və sualtı palçıq vulkanlarının kompleks modeli tərtib edilmişdir. Müəyyən edilmişdir ki, palçıq vulkanlarının püskürdüyü brekçiyanın miqdarı və püskürmə tipi püskürmə mexanizmi ilə təyin edilir və palçıq vulkanının boğazındakı tıxacın davamlılığından asılıdır (buna görə də sualtı vulkanlarda  bu miqdar bir qayda olaraq daha yüksəkdir).