Avtoreferatlar
QGT kompleksi və kern tədqiqatlarına əsasən işlənmə prosesi zamanı dağ süxurlarının kollektor xassələrinin dəyişməsinin öyrənilməsi və proqnozlaşdırılması.
Ramazanov Rizvan A.
(2011)
Neft və qaz yataqlarının təbii lay təzyiqi rejimində işlənilmə prosesi yatağın ilkin vəziyyətinin pozulmasına gətirib çıxardır, bu isə nəticədə digər proseslərin, ilk növbədə deformasiya prosesinin inkişafına səbəb olur ki, bu da kollektor süxurlarının süzülmə-həcmi xassələrinə mənfi təsir göstərir. Neft və qazın ilkin və cari ehtiyatlarının hesablanması yatağın işlənilməsinin layihələndirilməsi, işlənilmə obyektinin geoloji modelləşməsi, neft və qazın hasilatı səviyyəsinin proqnozlaşdırılmasında və işlənilmənin müxtəlif mərhələlərinda analizində kollektor-laylarda baş verən dəyişikliklərin nəzərə alınması çox vacibdir. Lay təzyiqinin dəyişməsinin kollektor süxurlarının xassələrinə təsiri, adətən yüksək təzyiqli qurğularda süxur nümunələr üzərində aparılan eksperimental tədqiqatlara əsasən nəzərə alınır. Lakin süxur nümunələri yatağın işlənilməsinin ilkin mərhələlərində kəşfiyyat qurğularından götürülür və çox vaxt məhsulgar layların kəsilişini tam şəkildə təmsil etmir. Buna görə bütün quyularda aparılan geofiziki tədqiqat məlumatlarının qoyulmuş məsələlərin həllində istifadə olunması bu işdə təklif olunur.
Balaxanı-Sabunçu-Ramana, Bahar və Bulla-dəniz yataqlarında alınmış kern və geofiziki məlumatların təhlili göstərir ki, yataqların işlənilmə prosesi zamanı süzülmə-həcmi xassələri və geofiziki parametrlərinin dəyişməsi baş verir. Öyrənilən parametrlərin sahə üzrə dəyişməsinin paylanmasına kollektor süxurlarının mikromüxtəlifliyi və litoloji xüsusiyyətləri ilə kompleks şəkildə baxılması bu mürəkkəb proseslərə müxtəlif amillərin təsirinin daha dəqiq qiymətləndirilməsinə, prosesləein əsas inkişaf tendensiyasının izlənməsinə şərait yaradır.
Geofiziki parametrlərin və kollektor xassələrinin lay təzyiqinin dəyişməsindən asılılıqları müəyyən edən modellər alınmışdır ki, bu da məhsuldar layların işlənilməsi zamanı bu parametrlərin proqnoz qiymətləndirilməsinə və geofiziki məlumatların interpretasiya nəticələrinin dəqiqləşdirilməsinə imkan verir.
İşlənilmə zamanı nisbi faza keçiriciliyinin və xüsusi müqavimətin dəyişməsinin quymətləndirilməsi üçün nəzəri təhlil əsasında alınmış analitik modellər işdə təklif olunur.