Ana Səhifə / Fəaliyyət / Geoloji-mədən və statistik analiz kompleksi əsasında Azərbaycanın dəniz yataqlarının qalıq neft ehtiyatlarının mənimsənilmə effektivliyinin yüksəldilməsi

Avtoreferatlar

Geoloji-mədən və statistik analiz kompleksi əsasında Azərbaycanın dəniz yataqlarının qalıq neft ehtiyatlarının mənimsənilmə effektivliyinin yüksəldilməsi

Abdullayeva Lalə Əkbər qızı

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı
(2013)

 

Dissertasiya işi girişdən, 6 fəsildən, nəticə və təkliflərdən, istifadə olunan 107 adda ədəbiyyat siyahısından ibarətdir. İşin məqsədi - statistik və geoloji-mədən modellərin tətbiqi ilə Azərbaycanın dəniz akvatoriyasında yerləşən neft yataqlarının işlənilməsinin effektli başa çatdırılması üçün tədbirlərin əsaslandırılmasıdır.

Birinci fəsildə Azərbaycanın dəniz yataqlarında öyrənilən problemin müasir vəziyyəti, məqsədi və vəzifələrindən bəhs edilir.

İkinci fəsil dəniz yataqlarının işlənilməsinin geolojı-texnolojı təhlilinə həsr olunmuşdur. Burada hər bir yatağın stratiqrafiyası, tektonikası, neft-qazlılığı, cari işlənilmə xüsusiyyətlərinə baxilmışdır. Tədqiqata cəlb edilmiış Abşeron arxipelaqının 13, Bakı arxıpelaqının isə 4 yatağının, o cümlədən onların kəsilişində olan 152 istismar obyektinin geolojı-istismar göstəricilərinin qısa səciyyəsi verilmişdir.

Üçüncü fəsil işlənilmənin səmərəli başa çatdırılması üçün çoxlaylı yataqların kəsilişində xüsusi metodikaya əsaslanaraq istismar obyektlərinin ayrılması məsələsi həyata keçirilmişdir. Azərbaycan yataqlarında, o cümlədən dənizdə işlənilən çoxlaylı neft mədənlərində bu məsələnin həlli subyektiv yanaşmaların təsiri ilə həyata keçirildiyindn bir sıra xətalara yol verilmişdir. Onların aradan qaldırılması isə yataqlar kəsilişində olan geoloji-texnoloji oxşarlıqları olan iki və daha çox obyektlərin birləşdirilərək birgə istismarını təmin edə bilər. Nəticədə mövcud quyu fondundan səmərəli istifadə etməklə obyektlərin işlənilmə tempini yüksəltməsinə şərait yaranır. Qoyulan məsələni korrekt həll etmək üçün professor D.A.Rodionovun üsulundan istifadə edilmiş və konkret yataqlar üçün yeni bölgü sistemləri əsaslandırılmışdır. Üsul bəzi dəniz yataqlarında yüksək səmərə ilə tətbiq olunmuşdur.


Dördüncü fəsil dəniz yataqlarının neftverməsinin modelləşdirilməsinə həsr edilmişdir. Dəniz yataqlarının geoloji-mədən məlumatlarının təhlili onların işlənilmə nəticələrinin müxtəlifliyinin (neftvermə əmsalı 0,05- 0,60 hüdudlarında dəyişir) səbəblərinin aşkar edilməsini aktual problem kimi qarşıya qoyur. Analoji tədqiqatlara istinadən burada yataqların enerji mənsubluğunu nəzərə almaqla neftvermə modellərindən istifadə edilmişdir. Tədqiqatlar aşağıdakı ardıcıllıqla həyata keçirilmişdir:
  • dəniz yataqlarının bütün obyektlərinin tədqiqatla əhatə olunma tələbatını nəzərə alaraq, geoloji-mədən və ehtimal nəzəriyyəsi (diskriminanat analizi) üsullarından istifadə etməklə onlar iki qrupda cəmləşdirilmişdir: aktiv rejimli (qarışıq rejim) və passiv rejimli (neftdə həll olmuş qaz rejimi).
  • ayrımış qruplarda korrelyasiya-reqresiya və qrafo-analitik üsullarının kompleksli tətbiqi ilə müvafiq modellər alınmışdir.
  • modellərin müqayisəli analizi həyata keçirilmişdir ki, bu da qruplara daxil edilmiş yataqların neftverminə mənfi və ya müsbət təsir edən lay parametrləri aşkar edilməsini təmin etmişdir.

Beşinci fəsildə yataqların neftçıxarma proseslərinin dinamikasının öyrənilmə üsulları verilmişdir. Təklif olunmuş yanaşma Şuxartın “nəzarət xəritələri” üsuluna istinad etməklə hər hansı bir obyekt üzrə neftcıxarma prosesinin optimal zonalarının ayırd edilməsini, baş vermiş pozulmaların vaxtını və səbəblərini etibarlı təyin edir. Nəticədə yataqlarda neftçıxarma dinamikasının optimallaşdırılması üçün tədbirlər əsaslandırılır. Üsulun yüksək həlletmə qabiliyyətini nəzərə alaraq, onun yataqların işlənilməsinin bütün mərhələlərinin analizi ilə yanaşı, hər hansı bir dövrlərini səciyyələndirmək üçün də tövsiyyə olunur.

Altıncı fəsildə dəniz yataqlarının işlənilməsində müasir texnologiyanın tətbiqinin perspektivliyinə baxılmışdır. Göstərilmişdir ki, baxılan yataqların ehtiyatlarının səmərəli istifadəsi layların son neftvermə əmsalını artıran üsulların tətbiqi ilə sıx əlaqədardır. Bu məsələnin adekvat həlli xüsusi tərtib olunmuş təsnifat modeli ilə həyata keçirilmişdir ki, bu da dəniz yataqlarında fiziki-kimyəvi, termiki və s. üsulların tətbiq miqyasını təyin etməyə imkan vermiş və effektivliyin proqnozlaşdırılmasını təmin etmişdir.

İşin nəticə və təkliflər bölməsində isə dəniz yataqlarının işlənilməsinin spesifik xüsusiyyətlərini nəzərə alaraq bir sıra məqsədyönlü geolojitexnoloji tədbirlər təklif edilmişdir.

Beləliklə, dissertasiya işində əsaslandırılan geoloji-mədən və statistik analiz kompleksi Azərbaycanın dəniz yataqlarının qalıq neft ehtiyatlarının istifadə dərəcəsini yüksəltmə yollarının təyinində önəmli hesab edilə bilər.