Avtoreferatlar
Flüidlərin çoxfazalı süzülməsi şəraitində deformasiya olunan qeyri-bircins layların hidrodinamik modelinin identifikasiyası
Əliyev Ağamehdi Əlimirzə oğlu
2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı
(2014)
Hal-hazırda Azərbaycanın neftqazlılığının gələcək inkişafı əsas etibarı ilə çox dərində yerləşən neft və qaz kollektorları ilə bağlıdır. Bu nöqteyi-nəzərdən çöküntü süxurlarının qalınlığı 30 km–ə çatan Cənubi Xəzər Çökəkliyi yataqları daha perspektivli hesab edilir. Bu yataqları təşkil edən məhsuldar qatlar 6-7 km-ə qədər və daha çox dərinlikdə yerləşməklə yüksək termobarik şəraitə məruz qalırlar.
Belə yataqların işlənilməsi zamanı lay təzyiqinin aşağı düşməsi nəticəsində kollektor süxurları deformasiyaya uğrayırlar və nəticədə başlanğıc termodinamiki parametrlərin, mühitin süzülmə-tutum xassələrinin və onu doyduran flüidin faza vəziyyətlərinin dəyişməsi layın məhsuldarlığının azalmasına səbəb olur.
Bu nöqteyi-nəzərdən yataqların işlənilməsi layihələrinin texnoloji sxemlərinin tərtibi və onların işlənilməsinin analizi zamanı deformasiya proseslərinin nəzərə alınması həm təcrübi, həm də nəzəri cəhətdən əhəmiyyət kəsb edir. Hidrodinamik modellərin istifadəsi ilə alınmış nəticələrin keyfiyyəti mayeni və süxuru xarakterizə edən ilkin parametrlərin etibarlılığından kəskin şəkildə asılıdır. Bu parametrlərin təyini isə hidrodinamik tədqiqat üsullarının köməyi ilə həyata keçirilir. Təyin edilmiş parametrlərin dəqiqliyi tətbiq edilmiş üsuldan asılıdır. Lay parametrlərinin təyini üçün qoyulmuş hidrodinamik məsələlər riyazi nöqteyi-nəzərdən tərs məsələlərin həllinə gətirilir ki, bu məsələlər də korrekt deyildir.
Belə məsələlərin həlli zamanı təzyiqin bərpası əyrilərinin emalına əsaslanan üsul öz məzmununa görə birfazalı flüidin süzülməsini xarakterizə edən hidrodinamik modellərə əsaslanır. Belə yanaşma çoxfazalı flüidin süzülməsini xarakterizə edən və vacib element sayılan nisbi faza keçiriciliklərinin təyininə imkan vermir. Süxur nümunələri əsasında laboratoriya şəraitində təyin edilmiş nisbi faza keçiriciliklərinin 3D və 2D hidrodinamik modellərində istifadəsi isə bir sıra çətinliklərlə bağlıdır. Bu baxımdan nisbi faza keçiricilik funksiyalarının yatağın işlənilmə tarixi məlumatlarına görə çoxölçülü hidrodinamik modellərdə istifadəsi zamanı parametrlərə nəzərən identifikasiya üsullarının inkişafı neftqazçıxarmanın müasir nəzəri və praktiki problemləri baxımından elmi əhəmiyyət kəsb edir.
Bütün yuxarıda qeyd edilən problemlər dissertasiya işinin mövzusunun aktuallığını təşkil edir.