Ana Səhifə / Fəaliyyət / Kompleks geofiziki tədqiqatlarla Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında qeyri-antiklinal tələlərin aşkarlanması və neftlilik-qazlılığının proqnozlaşdırılması

Avtoreferatlar

Kompleks geofiziki tədqiqatlarla Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında qeyri-antiklinal tələlərin aşkarlanması və neftlilik-qazlılığının proqnozlaşdırılması

İbrahimli Mübarizə Səhrab qızı

2507.01 - Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
(2014)

Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında neft-qaz sənayesinin inkişafı xüsusi rol oynayır. Hazırda dünya bazarlarına yüksək keyfiyyətli Azərbaycan nefti çıxarılır və nəticədə ölkəyə investisiya axını təmin edilir. Bu isə, öz növbəsində, neft-qaz perspektivli sahələrdə axtarış və kəşfiyyat tempini artırmağa, yeni yataqların kəşfinə imkan yaradır.

Son vaxtlara kimi Azərbaycanda aparılan geoloji və geofiziki işlərin əsas istiqaməti antiklinal tipli neft-qaz tələlərinin axtarışı və öyrənilməsinə yönəldilmişdir. Dünya neft ehtiyatının böyük bir hissəsinin qeyri-antiklinal tipli neft-qaz tələlərinin payına düşdüyündən, onların axtarışı və öyrənilməsi Respublikamızın neft-qaz sənayesinin inkişafı baxımından günün təxirəsalınmaz məsələlərindən birinə cevrilir.

Yevlax-Ağcabədi çökəkliyi Azərbaycanın neftli-qazlı rayonları arasında perspektivliyinə görə ön sıralarda yer alır. Bu çökəklik üzrə yerinə yetirilmiş geoloji tədqiqatlar burada qeyri-antiklinal tipli tələlərin formalaşması üçün əlverişli paleotektonik və paleocoğrafi şəraitin olduğunu təsdiqləyir. Odur ki, bu sahəyə diqqətin artırılması və geoloji-geofiziki tədqiqatların bu istiqamətdə genişləndirilməsi məqsədəuyğundur.

Son illərdə geofizika sahəsində, texniki, metodiki və riyazi-proqram təminatı əsaslı dərəcədə inkişaf etdiyindən seysmik kəşfiyyat məlumatlarının həlledicilik qabiliyyəti də yüksəlmişdir. Bu da, qeyri-antiklinal tipli tələlərin aşkarlanmasına, onların neftlilik-qazlılığının proqnozlaşdırılmasına yeni imkanlar yaratmışdır. Bütün bunlar dissertasiya mövzusunun seçilməsində və yerinə yetirilməsində əsas rol oynamış və onun aktuallığını təmin etmişdir.

Yevlax-Ağcabədi çökəkliyinin cənub-qərb yamacında qeyri-antiklinal tipli tələlərin aşkarlanması, neftlilik-qazlılıq perspektivliklərinin öyrənilməsi və onların axtarış-kəşfiyyat qazımasına hazırlanması üçün gələcək geofiziki tədqiqatların aparılması barədə tövsiyələrin hazırlanması.