Avtoreferatlar
Anomal yüksək lay təzyiqinin dəyişmə xüsusiyyətlərinin və onun neftlilik-qazlılığa təsirinin geofiziki üsullarla öyrənilməsi (Aşaği Kür çökəkliyi timsalında)
Abbasov Ceyhun Sabir oğlu
2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
(2014)
Azərbaycanda neft sənayesi inkişaf etdikcə axtarış-kəşfiyyat işləri və neft hasilatı da böyük dərinliklərdə yatan horizontları əhatə edir. Böyük dərinliklərdə yatan horizontlar anomal yüksək lay və məsamə təzyiqinə (AYLT və AYMT) malik oluğuna görə burada axtarış-kəşfiyyat və eləcə də quyu qazıma işləri bəzən çox çətinliklərlə yerinə yetirilir. Yəni, bu fiziki-təbii proses quyuda müxtəlif növ mürəkkəbləşmələrin yaranmasına (uçqunlara, yanğınlara, qazıma kəmərinin tutulmasına, sınmasına və layların hidroyarılmasına və s.) səbəb ola bilir. Anomal yüksək lay təzyiqinin və onun mütləq yüksəkliyinin neft-qaz sənayesinin texniki-iqtisadi inkişafında, yataqların aşkarlanmasında və istismar proseslərində də əhəmiyyəti böyükdür. Belə ki, anomal yüksək lay və məsamə təzyiqinin kəsiliş və sahə üzrə dəyişmə xüsusiyyətlərinin öyrənilməsi neftqaz yataqlarının axtarışı və kəşfiyyatı işlərinin düzgün istiqamətləndirilməsinə, qazıma zamanı ortaya çıxa biləcək mürəkkəbləşmələrin proqnozunu verməyə və onların qarşısının alınması üçün tədbirlər görməyə şərait yaradır. Eyni zamanda anomal yüksək lay təzyiqi mühitin tektonik xüsusiyyətlərini əsaslandırmağa və karbohidrogenlərin gərginlik şəraitində qalma mexanizmini izah etməyə elmi əsaslar verir. Ona görə də, neft-qaz yataqlarının axtarış-kəşfiyyatı və işlənməsi, o cümlədən dərin qazıma işlərinin qəzasız yerinə yetirilməsi üçün kəsilişlərdə anomal yüksək lay və məsamə təzyiqinin dəyişmə xüsusiyyətlərinin öyrənilməsi vacibdir.
Sahənin geoloji-geodinamiki şəraiti nəzərə alınmaqla anomal yüksək lay və məsamə təzyiq zonasının paylanma və dəyişmə dərinliklərinin praktiki təyinində, onların neftlilik-qazlılığa təsiri xüsusiyyətlərinin öyrənilməsində və təzyiq qradiyentinin düzgün qiymətləndirilməsində geofiziki üsulların, o cümlədən də “quyu geofiziki tədqiqat” (QGT) üsullarının rolu olduqca böyükdür. Bu baxımdan dissertasiya işində tədqiqat sahəsinin geotektonik və geodinamik şəraiti nəzərə alınmaqla kompleks QGT-nin təkmilləşdirilmiş üsulları ilə anomal yüksək lay və məsamə təzyiqinin hipsometrik kəsilişlər üzrə sahə boyu dəyişmə xüsusiyyətləri, onların neftlilikqazlılığa təsiri öyrənilmişdir.