Ana Səhifə / Fəaliyyət / Abşeron yarımadasında müxtəlif təbii rejimli yataqların geoloji-statistik neftvermə modellərinin müqayisəli təhlili

Avtoreferatlar

Abşeron yarımadasında müxtəlif təbii rejimli yataqların geoloji-statistik neftvermə modellərinin müqayisəli təhlili

Hacıyev Ağarza Mesud oğlu

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı


Dissertasiya işi 5 fəsildən, nəticə və təkliflərdən, istifadə edilmiş 152 adda ədəbiyyat siyahısından ibarətdir.

İşin məqsədi yeni geolojı-riyazi modellərdən istifadə etməklə, Azərbaycanın quru sahəsində uzun müddət istismarda olan neft yataqlarının işlənməsinin səmərəli başa çatdırılması yollarının göstərilməsindən ibarətdir.

Birinci fəsildə baxılan yataqlarda araşdırılan problemin müasir vəziyyəti, qarşıya qoyulan tədqiqiqat məsələlərdən bəhs edilir. Bu bölmədə müasir dövrdə dünya üzrə aktual məsələ olan yataqların ehtiyatlarının mənimsənilməsinin yüksəldilməsi və işlənməyə nəzarətin optimallaşdırılması üçün yeni kompüter texnologiyasının imkanlarından istifadə etməklə, geoloji-riyazi üsulların tətbiqi məsələləri öz əksini tapmışdır.

Ehtiyatların səmərəli yollarla mənimsənilməsi üçün müxtəlif geolojitexnoloji şəraitlərlə səciyyələnən yataqlarda işlənmə nəticələrinin müqayisəsinin aparılması ilə yanaşı, tətbiq olunan geoloji-mədən tədqiqatlarının araşdırılmasının vacibliyinin ön plana çəkilir. Təcrübə göstərir ki, baxılan yataqlar üzrə ilk ehtiyatların realizasiya səviyyəsi (dərəcəsi) 35%-ə çatır. Yataqların uzun müddət işlənməsinə baxmayaraq, laylarda hələ də kifayət qədər qalıq ehtiyatlar mövcuddur. Yataqların işlənməsinin səmərəli başa çatdırılması üçün neft-mədən geologiyasının ən aktual məsələsi olan yeni üsulların tətbiqi də işdə geniş işıqlandırılmışdır.

İkinci fəsildə tədqiqata cəlb edilmiş yataqların stratiqrafiyası, tektonikası, neft-qazlılığı haqqında geniş məlumatlar verilmiş, 226 istismar obyektinin işlənməsinin cari vəziyyəti təhlil edilmişdir. Yataqların təbii rejimlərə görə təsnifatı həyata keçirilmiş, nefti-qazı quyu dibinə sıxışdıran qüvvələrin xarakterinə görə obyektlər “aktiv” və “passiv” yataqlara bölünmüşdür.

Üçünçü fəsildə yataqların ehtiyatlarının mənimsənilmə dərəcələrinə görə təsnifatı aparılmışdır. 96 istismar obyekti “aktiv”, 130 istismar obyekti isə, “passiv” yataqlara aid edilmişdir. Yeni üsulların tətbiqi məqsədilə “təsnifat ağacı”ndan istifadə etməklə, hər bir rejim üzrə ayrılıqda qruplaşdırma əməliyyatı həyata keçirilmişdir.

Dördüncü fəsildə layların neftverminin artırılması üçün yeni statistik riyazi modellərin tətbiqinə baxılmışdır. Burada korrelyasiya-reqressiya, faktor analizin tətbiqi ilə neftvermə modelləri alınmış və onların geoloji-mədən interpretasiyası aparılmışdır.

Beşinci fəsildə ehtiyatların səmərəli istifadəsi üçün yeni üsulların tətbiqinə baxılmışdır. Yeni üsullardan lay daxili yanma və buxarla təsir üsulunun tətbiqinə üstünlük verilmişdir. Bu üsulların tətbiqinə nəzarətin təkmilləşdirilməsi məsələlərinə də toxunulmuşdur.

İşin nəticə və təkliflər bölməsində Abşeron yarımadasının quru sahəsində yerləşən uzun müddət istismarda olan müxtəlif geoloji-texnoloji şəraitlərlə səciyyələnən yataqların işlənməsinin səmərəli başa çatdırılması üçün bir sıra təkliflər verilmişdir.