Ana Səhifə / Fəaliyyət / Jetıbay yatağı timsalında mikroorqanizmlərə yoluxma səbəblərinin və dərəcəsinin tədqiqi əsasında yeni səmərəli bakterisid-inhibitorların işlənməsi

Avtoreferatlar

Jetıbay yatağı timsalında mikroorqanizmlərə yoluxma səbəblərinin və dərəcəsinin tədqiqi əsasında yeni səmərəli bakterisid-inhibitorların işlənməsi

Bisenova Miua Allaberdiyevna

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı

Neft sənayesinin yeraltı və yerüstü avadanlıqları emulsiya tipli heterogen sistemlərlə və ya faza bölgəsinin sərhədində qarışmayan mayelər sistemi ilə daim kontaktda olur. Bununla yanaşı neftin hasilat-nəql-saxlanma sisteminin korroziya aqressivliyinin əsas mənbəyi tərkibində Сl- , SO42- ,Fe3+ - ionlar, turş qazlar - H2S,CO2, depolyarizator - O2, müxtəlif növ mikroorqanizmlər olan minerallaşmış vurulan, tullantı, səmt sularıdır. Məlumdur ki, Qərbi Qazaxıstan yataqlarının, o cümlədən Jetıbay yatağının neftinin tərkibində kifayət qədər yüksək miqdarda korroziya-fəal qazları H2S, CO2 vardır. Bu da pittinq xüsusiyyətli korroziya proseslərini hədsiz dərəcədə sürətləndirir.

Avadanlıqlarda dəlik tipli zədələnmələr əmələ gəlir ki, bunlar tez-tez qəzaların baş verməsinə və ekoloji mühitin korlanmasına səbəb olur. Bununla yanaşı neft quyularında, xüsusilə nasos-kompressor borularının yiv birləşmələrində boruların qırılmasına və uçmasına səbəb ola biləcək problemlər yaranır.

Bununla əlaqədar olaraq, dissertasiyada Jetıbay yatağında mikroorqanizmlərə yoluxma səbəblərinin və dərəcəsinin tədqiqatlarının nəticələri təqdim edilir və onların əsasında bir sıra yeni bakterisid - inhibitorlar və sürtgü materialları təklif olunur.

Müəyyən edilmişdir ki, Jetıbay yatağının neft avadanlıqlarının uzunmüddətli istismarı zamanı korroziya prosesləri biogen mənşəli hidrogen sulfid mexanizmi (mikrobioloji korroziya) üzrə keçir. Ст.20 markalı poladın korroziya sürətinin qiyməti bilavasitə vurucu və hasilat quyularında əldə edilmişdir.

Aşkar edilmişdir ki, Jetıbay yatağında laya vurmaq üçün səthi sulardan uzunmüddətli istifadə onun mikroorqanizmlərə yoluxmasına, nəticə olaraq isə avadanlıqların hidrogen sulfid korroziyasına səbəb olmuşdur. Göstərilmişdir ki, Jetıbay yatağında mikroorqanizmlərin çoxalması üçün yaranmış əlverişli şəraiti aradan qaldırmaq məqsədi ilə istifadə olunan səthi suların yeraltı sularla qarışdığı zaman kation anion tərkiblərinə təsirini, konsentrasiyanı, minerallaşma dərəcəsini, anion - SO42- mövcudluğunu, qazları, səmt hasilat sularının temperaturunu daha dəqiq tədqiq etmək lazımdır.

Əlverişli, həmçinin Qazaxıstan istehsalı olan xammalın əsasında yüksək inhibitor xüsusiyyətləri olan kompozisiya tərkibləri işlənmişdir.

Göstərilmişdir vakuumlu qazoyl və soapstok Jetıbay yatağı neftinin reoloji xassələrinin tənzimlənməsi üçün əlavələr kimi istifadə oluna bilər və quyunun istismarı və məhsulun nəqli zamanı yaranan mürəkkəbləşmə hallarında müvəffəqiyyətlə tətbiq oluna bilər.

Yivli birləşmələrin hidrogen sulfid korroziyasından mühafizəsi üçün hermetikləşdirici kompozisiya işlənmişdir. Xammalın əlverişliliyini və hidrogen sulfid korroziyasına qarşı yüksək effektivliyini nəzərə alaraq onun bakterisid-inhibitor mühafizə üsulu ilə bərabər istifadə olunması tövsiyyə olunmuşdur. “Neft Daşları” yatağının qaz kəmərlərində bakterisid-inhibitor “Neftqaz-2013” müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.

“Neft Daşları” yatağının korroziya aqressivliyinin və texnoloji şəraitinin Jetıbay yatağı ilə eyniliyini nəzərə alaraq bakterisid-inhibitor “Neftqaz-2013” bu yatağın neft sənayesi avadanlıqlarının mikrobioloji korroziyadan mühafizəsi üçün məsləhət görülmüşdür.