Avtoreferatlar
Neft yataqlarının qalıq ehtiyatlarının səmərəli mənimsənilmə yollarının geoloji əsaslandırılması və risklərin qiymətləndirilməsi (Günəşli və Neft Daşları yataqlarının timsalında)
Əhmədov Elvin Hacıqulu oğlu
2521.01 - Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı
İşlənmədə olan neft yataqlarında qalıq ehtiyatların həcminin təyini və onların səmərəli mənimsənilməsi aktual problem olmaqla yanaşı, daim mütəxəssislərin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən halhazırda hasil edilən neftin 83%-ni təşkil edən Günəşli və Neft Daşları yataqları xüsusi əhəmiyyət kəsb edir. Uzun müddət işlənmədə olmasına baxmayaraq, bu yataqların dövlət balansında böyük həcmdə geoloji və çıxarılabilən ehtiyatlar mövcuddur. Yataqların kəsilişində ayrılan 30 işlənmə obyekti üzrə geniş intervalda (0,17-0,50) dəyişən ehtiyatlardan istifadə dərəcəsinin qiyməti onların geoloji quruluşu, lay parametrləri, flüidlərin fiziki-kimyəvi xüsusiyyətləri və işlənmə sistemləri ilə əlaqədardır. Yataqlarda mövcud olan ehtiyatların səmərəli mənimsənilməsi layların struktur-tektonik quruluşunun daha dəqiq öyrənilməsini və məsaməli mühitdə gedən çoxfazalı dinamik proseslərin tənzimlənməsini tələb edir. Problemin etibarlı həlli isə geniş miqyasda geoloji-riyazi üsulların tətbiqi ilə mümkün olur.
Dissertasiya işində Günəşli və Neft Daşları yataqlarının struktur-tektonik xüsusiyyətlərinin dəqiqləşdirilməsində müasir üçölçülü geoloji modellərdən və qırılmaların xarakterlərinin öyrənilməsi üçün ilk dəfə olaraq riyazi üsullardan (Klaster analizidən) istifadə edilmişdir. Yataqların qalıq ehtiyatlarının mənimsənilməsinin səmərəli yollarının təyin edilməsi məqsədi ilə ehtiyatlar dinamiki (evolusiyon və Monte-Karlo üsulu), deterministik (həcm üsulu ilə Kraykinq analizinin kompleksləşdirilməsi) modellərlə dəqiqləşdirilmiş və lay sahəsi üzrə paylanma xəritələri qurulmuşdur. Bütün bunlar tədqiq olunan yataqların ehtiyatlarının səmərəli mənimsənilməsinə, neftvermə əmsalının yüksəldilməsinə, işlənmə prosesinin geoloji-riyazi modellər əsasında təkmilləşdirilməsinə, geoloji risklərin qimətləndirilməsinə həsr edilmiş dissertasiya işinin aktuallığını və aparılmış kompleks tədqiqatların mühüm elmi-təcrübi əhəmiyyətə malik olduğunu göstərir.