Ana Səhifə / Fəaliyyət / Seysmik kəşfiyyat məlumatları əsasında Yevlax-Ağcabədi çökəkliyi strukturlarında təbaşir çöküntülərinin daxili geoloji quruluşunun tədqiqi

Avtoreferatlar

Seysmik kəşfiyyat məlumatları əsasında Yevlax-Ağcabədi çökəkliyi strukturlarında təbaşir çöküntülərinin daxili geoloji quruluşunun tədqiqi

Niyazov Tarverdi Xanəli oğlu

2507.01 - Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Azərbaycanın neft sənayesinin gələcək inkişafı üçün Respublikamızda əsas axtarış-kəşfiyyat obyekti olan PaleogenNeogen çöküntüləri ilə bərabər Təbaşir çöküntülərinin də öyrənilməsi yeni neft-qaz yataqlarının aşkar edilməsi baxımından böyük maraq kəsb edir. Bu çöküntülər Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında, xüsusilə Yevlax-Ağcabədi çökəkliyində geniş yayılmış və dərində yatan strukturların geoloji quruluşunda əsas rol oynayır. Dərin qazıma məlumatlarına görə, Azərbaycanın bir sıra neftli-qazlı rayonlarında, o cümlədən Yevlax-Ağcabədi çökəkliyində Təbaşir çöküntüləri, əsas etibarilə, vulkanogen süxurlardan ibarətdir. Lakin bu çöküntülər daxilində çökmə-vulkanogen süxur qatları aşkar edilərsə və onlar əlverişli struktur-tektonik və litoloji-stratiqrafik şəraitdə, həm də pis keçiriciliklə səciyyələnən çöküntülərlə örtülmüş olarlarsa, neft-qaz yataqlarının axtarışı üçün perspektivli obyekt sayıla bilər.

Qeyd etmək lazımdır ki, dərində yatan Təbaşir çöküntülərinin struktur quruluşunun öyrənilməsi, əsas etibarilə, geofiziki və ilk növbədə seysmik kəşfiyyat üsullarının tətbiqi ilə yerinə yetirilmişdir. Lakin 1980-1990- cı illərdə Yevlax-Ağcabədi çökəkliyinin bir sıra neftli-qazlı sahələrində aparılmış seysmik kəşfiyyat işlərinin nəticəsində Təbaşir çöküntülərinin daxili quruluşu haqqında lazımi geoloji məlumat almaq mümkün olmamış, ona görə tərtib edilmiş seysmik kəsilişlərdə tədqiqat dərinliyi, əsas etibarilə, bu çöküntülərin səthi ilə eyniləşdirilən “P” seysmik horizontuna qədər alınmışdır. Yalnız 2000-ci illərin əvvəllərindən başlayaraq, seysmik kəşfiyyat işlərinin texniki-metodiki səviyyəsinin artması ilə əlaqədar Yevlax-Ağcabədi çökəkliyinin tədqiq edilmiş kəşfiyyat sahələrində 9-10 km dərinliyə qədər seysmik informasiya almaq mümkün olmuşdur. Lakin buna baxmayaraq, tərtib olunmuş seysmik kəsilişlərdə Mezozoyun səthindən dərində, bəzi hallar istisna olmaqla, mütəmadi izlənən əksetdirici seysmik sərhədlər qeyd edilməmişdir. Seysmik kəsilişlərin böyük qalınlıqlı bu hissələrində fasiləli əksolmalar alınmışdır. Ona görə Yevlax-Ağcabədi çökəkliyinin neft-qaz perspektivli sahələrində əldə edilmiş seysmik kəsilişlərin Təbaşir çöküntülərinə uyğun gələn intervallarında qeyd edilən əksolmaların mənşəyinin araşdırılması, onların bu çöküntülərlə əlaqədar olduqlarının müəyyənləşdirilməsi və Təbaşirdaxili çöküntülərin struktur quruluşunun tədqiqi mühüm praktiki əhəmiyyət və aktuallıq kəsb edir.