Ana Səhifə / Fəaliyyət / Neft yataqlarında durğun zonaların mənimsənilməsinin eksperimental tədqiqi

Avtoreferatlar

Neft yataqlarında durğun zonaların mənimsənilməsinin eksperimental tədqiqi

Musayeva Şəfa Fərhad qızı

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı

Ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında müstəsna əhəmiyyəti olan neftqaz sənayesinin intensivləşdirilməsi enerji təminatının yaxşılaşdırılmasının müasir mərhələdə ən vacib və həll edilməsi tələb olunan problemlərindən biridir. Odur ki, problemin həll edilməsi yeni perspektivli neft və qaz yataqlarının kəşf edilərək, işə salınması ilə yanaşı, hazırda işlənmədə olan yataqlardan neftqaz ehtiyatının lazımınca mənimsənilməsini nəzərdə tutur. Təqdim edilən dissertasiya işi bu mözuya həsr olunduğundan aktualdır.

Azərbaycanda neft sənayesinin inkişaf mərhələsinin hazırki vəziyyəti yataqların kiçik debitə düşərək, yüksək sulaşmış vəziyyətdə, son dövrə qədəm qoymalarıdır. Odur ki, qarşıda duran vacib məsələlərin həlli - durğun zonalara və çıxarılması çətinlik törədən ehtiyata malik yataqların neftvertiminin artırılması texnologiyasının işlənməsini tələb edir.

Suvurma üsulunun tətbiqi ilə neft yataqlarının texniki-iqtisadi göstəricilərinin müəyyən qədər yaxşılaşmasına baxmayaraq, mürəkkəb geoloji quruluşa və yüksək özlülüklü neftə malik laylara bu üsulun tətbiqi gözlənilən nəticəni vermir.

Bu istiqamətdə aparılmış nəzəri və təcrübi tədqiqatlar ən yüksək neftvermə əmsalının (50%) neftin özlülüyü 0.5 – 1.5 mPa•s olan laylarda almaq mümkün olduğunu göstərmişdir. Özlülüyün yüksək qiymətlərində suvurma üsulunun effektliliyi azalır və özlülük 25-30 mPa•s və daha çox olanda laya vurulan su özünə yol tapıb, su dilləri şəklində durğun zonalarda cəmlənmiş neftdən yan keçərək, hasilat quyularına doğru axına başlayır. Bununla da layın işçi agentlə əhatəsi azalır və neftverimi aşağı düşür.

Laylarda durğun zonalar şəklində cəmlənmiş qalıq neft ehtiyatını mənimsəməkdən ötrü elə bir təsir üsulu işlənilməlidir ki, laya vurulan işçi agent neft layının əsas hissəsini əhatə etməklə bərabər, durğun zonalarda toplanmış neftlə təması zamanı səthi gərilməni aşağı salmaqla onu lazımınca yuyub sıxışdıra bilsin.

Bu problemin həllinə dair bir çox görkəmli alimlər tərəfindən nəzəri və eksperimental elmi-tədqiqat işləri aparılmışdır: Abasov M.T., Basniyev K.S., Bağırov M.K., Calalov Q.İ., Cəlilov Q.N., Əfəndiyev Q.M., Feyzullayev X.A., Jeltov Y.P., Qorbunov A.T., Quliyev A.M., Lençenkova L.E., Mirzəcanzadə A.X., Məmməd-zadə A.M., Salavatov T.Ş., Surquçov M.L., Strekov A.S., Şahverdiyev A.X., Tahirov N.C., Vəzirov C.Ş., Zakirov S.N. və b.

Tədqiqatçıların qeyd etdiklərinə görə, laydan neftin köpük sistemi ilə sıxışdırılması zamanı sıxışdırıcı agentin hərəkətliliyinin azalması nəticəsində layın yüksək keçiriciliyə malik təbəqələrinin selektiv izolə olunmasına şərait yaranır ki, bununla da layın əhatə əmsalının artması və layda hərəkətsiz vəziyyətdə qalan neftin sıxışdırılması baş verir.

Lakin, son zamanlar istifadə edilən köpük sistemini hazırlamaqdan ötrü qiymətcə baha və çətin tapılan reagentlərdən istifadə olunur. Bu isə tətbiq nəticəsində alınan neft artımının iqtisadi cəhətdən səmərəsiz olduğunu göstərir. İşin məqsədi də yuxarıda qeyd olunanlardan irəli gəlir.