Ana Səhifə / Fəaliyyət / Quyunun quyudibi zonasının vəziyyətinin diaqnozlaşdırılması əsasında qeyri-nyuton neftinin hasilatının intensivləşdirilməsinin yeni metodlarının işlənməsi və tətbiqi

Avtoreferatlar

Quyunun quyudibi zonasının vəziyyətinin diaqnozlaşdırılması əsasında qeyri-nyuton neftinin hasilatının intensivləşdirilməsinin yeni metodlarının işlənməsi və tətbiqi

Keldibayeva Svetlana Sırlibayevna

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı

Qazaxıstanın neftçıxarma sənayesinin müasir inkişaf mərhələsində əsas məsələlərdən biri işlənmənin son mərhələsində olan və əhəmiyyətli qalıq neft ehtiyatlarına malik mənimsənilmiş və abadlaşdırılmış yataqlarda karbohidrogen hasilatının intensivləşdirilməsidir.

Dissertasiya işində neft yatağının statistik modelləşdirilməsi üsulu təklif edilmişdir. Həmin üsulun əsasında Uzen yatağının 13-cü horizontu üçün işlənmə mərhələləri və onların müddəti müəyyən edilmiş, ilkin çıxarıla bilən ehtiyatların proqnozu verilmişdir.

Qazaxıstan yataqlarında neftçıxarmanın intensivləşdirməsi üsullarının təhlili göstərdi ki, layın hidravlik yarılması (LHY) 75% müvəffəqiyyət əmsalı ilə ən səmərəli üsuldur. Müvəffəqiyyət əmsalının artırılması məqsədilə namizəd quyuların seçilməsi üçün neftin miqdar faizinin maye hasilatından asılı olaraq dəyişməsinin təhlilinə əsaslanan yeni meyar işlənmişdir. İşlənmiş meyarın tətbiqi müvəffəqiyyət əmsalını 95-98%-ə qədər yüksəltməyə imkan verir.

Aparılmış tədqiqatlar əsasında asfalt-qətran-parafin çöküntülərinin (AQPÇ) təmizlənməsi üçün özündə karbohidrogen həlledicisi və aşqar birləşdirən tərkib işlənmişdir. Alınmış tərkiblərlə müxtəlif neft yataqlarının AQPÇ-dən təmizlənmə effektliliyi 84,4-97,6% arasında dəyişir. Müəyyən edilmişdir ki, AQPÇ-nın təmizlənməsi üçün işlənmiş tərkib eyni zamanda neftin özlülüyünü effektiv şəkildə azaldır və reoloji əyrilərin modifikasiyasına imkan yaradır, bununla yanaşı tərkibin əlavə edilməsindən sonra qeyrinyuton neft nyuton neftə çevrilir.

Laya mikrobioloji təsir üsullarının effektliliyinin artırılması üçün layın neftveriminin artırılmasının yeni üsulu işlənmişdir. Burada üzvi substratın vurulmasından əvvəl məsamələrin həcminin 30%-i həcmində aşağı duzluluqlu su araqatısı yaradılır. Üzvi substrat kimi pendir və kəsmik istehsalından alınan 10-15 %-li süd zərdabının aşağı duzluluqlu suda məhlulundan 75:25 nisbətində istifadə edirlər. Bu halda neftin sıxışdırılma əmsalı 74 % təşkil edəcək.

İşlənmiş texnologiyalar Uzen yatağında müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. Təklif edilmiş meyar əsasında LHY-nın keçirilməsi üçün 12 quyu seçilmiş və 25025 ton əlavə neft hasilatı əldə edilmiş, müvəffəqiyyət əmsalı 98% təşkil etmişdir.

İşlənmiş mikrobioloji təsir üsulunun səkkiz ədəd beş- və yeddinöqtəli elementi özündə birləşdirən təcrübə sahələrində tətbiqi nəticəsində bir il ərzində əlavə neft hasilatı 47468 ton təşkil etmişdir.

Tətbiq edilmiş tədbirlər nəticəsində ümumi əlavə neft hasilatı 72493 ton təşkil etmişdir.