Avtoreferatlar
Yeni geofiziki məlumatlar əsasında Aşağı Kür çökəkliyinin seysmogeodinamik xüsusiyyətləri
Fərəcov Vüqar Əliş oğlu
2507.01-Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
Dissertasiya işi Aşağı Kür çökəkliyinin seysmogeodinamiki xüsusiyyətlərinin öyrənilməsinə həsr olunub. Məlumdur ki, Azərbaycan ərazisinin cənub-şərqində, Xəzərin qərb hissəsində yerləşən Aşağı Kür çökəkliyi geodinamiki aktiv ərazi kimi xüsusi yer tutur. Tədqiqat ərazisi palçıq vulkanları və sənaye əhəmiyyətli neft yataqları ilə zəngindir. Aşağı Kür çökəkliyi hələ XIX əsrdən başlayaraq çoxsaylı tədqiqatçıların diqqətini özünə cəlb etməyə başlamışdır. Tədqiq olunan ərazi regional geoloji-tektonik baxımdan Avrasiyanın Alp-Himalay qırışıqlıq qurşağının Qafqaz seqmentinə daxildir. Aşağı Kür çökəkliyi coğrafi baxımdan şimaldan Böyük Qafqaz meqaantiklinal qırışıqlığına aid olan Şamaxı-Qobustan zonası, cənubdan və qərbdən Talış qırışıqlıq zonası, qərbdən Orta Kür çökəkliyi, şimal-şərqdən Abşeronla, şərqdən isə Cənub-Xəzər meqaçökəkliyi seysmoaktiv zonaları ilə sərhədlənir.
Aşağı Kür çökəkliyi (meqazonası) iki zonadan: Şirvan zonası və Muğan zonalarından ibarətdir.
Şirvan zonası Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsini əhatə edərək uzanan braxiantiklinal qırışıqlıqların kəskin ifadəsi ilə xarakterizə olunur.
Muğan tektonik zonası isə Yuxarı-Şirvan və Muğan-Salyan çökəkliklərini əhatə edərək, Aşağı Kür meqazonasının cənub-qərb hissəsində yerləşir. Cənub-qərb sərhəd zonası isə Qərbi-Xəzər qırılmasıdır, amma şimal-şərqdə isə o Kəlaməddin, Kiçik Hərami və Kürovdağ-Neftçala antiklinal zonasının qanadları ilə məhdudlaşır.
Burada seysmoloji şəraiti, geostrukturu müxtəlif istiqamətlərdə kəsən və sərhədləndirən ümumqafqaz istiqamətli Alazan-Əyriçay-Ələt, eninə istiqamətli Savalan-Abşeron və Biləsuvar, ortoqonal istiqamətli Qızılağacİsmayıllı-Qəbələ, Tairalcaçay-Salyan, Yaşma-Bəndovan, Qərbi-Xəzər dərinlik qırılmaları və onların aktiv kəsimlərinin olması ilə şərtlənərək seysmogeodinamik şəraiti mürəkkəbləşdirir.
Tədqiqat ərazisində geofiziki və geoloji kəşfiyyat işlərinin aparılmasına baxmayaraq toplanmış məlumatlar lazımınca işıqlandırılma-mışdır. Bu səbəbdən mövcud materiallar əsasında araşdırma aparmağa zərurət yaranır