Ana Səhifə / Fəaliyyət / Talış struktur zonasının seysmogeodinamikası

Avtoreferatlar

Talış struktur zonasının seysmogeodinamikası

İsmayılova Səidə Sirac qızı

25.07.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Talış seysmoaktiv zonasının seysmogeodinamikasının öyrənilməsi, ərazidə müşahidə olunan geodinamik proseslərin aydınlaşdırılması, litosfer qatında endogen və ekzogen amillərin təsiri ilə yaranan seysmikliyin məkan və zaman üzrə inkişafının tədqiqi və seysmik strukturların bir-birinə təsir qanunauyğunluğunun aşkara çıxarılması günün ən aktual problemlərindən biridir.

Son illərdə Talış seysmoaktiv zonasına dair yeni məlumatlar toplanmış, zəlzələ episentrlərinin və seysmik proseslərin məkan-zaman dəyişmələrinə, qırılma şəbəkəsinin və Yer qabığının əsas sərhədlərinin strukturuna dair kifayət qədər məlumatlar əldə olunmuşdur.

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik müşahidə şəbəkəsinin çoxillik fəaliyyəti ilə əlaqədar, zəngin seysmoloji məlumatlardan əlavə geofiziki məlumatları da ümumiləşdirməklə, müasir üsullarla elmi tədqiqat işlərinin aparılmasına zəmin yaranmışdır. Məlumdur ki, zəif və güclü zəlzələlərin məkan üzrə yayılma qanunauyğunluğunun tədqiqi, məkanda və zamanda güclü zəlzələlərin miqrasiyası, sıxılma sahəsində gərginlik-deformasiya vəziyyətinin dəyişməsi ilə əlaqəsini göstərir və Talış struktur zonasının Yer qabığında gedən müasir deformasiya proseslərinin daha ətraflı öyrənilməsinə imkan verir. Zəlzələlərin ocaq mexanizmlərinin məlumatları, əsas gərginlik oxlarının və nodal müstəvilərin oriyentasiyası haqqında məlumat verir. Bununla yanaşı, Yer qabığının dərinlik quruluşunu tədqiq edərkən tətbiq olunan seysmotomoqrafiya üsulu seysmik dalğaların gəlmə vaxtının məlumatları əsasında Yer qabığının və mantiya qatının strukturu və fiziki xüsusiyyətləri barədə məlumat almağa imkan verir. Yeni hesablama sistemlərinin inkişafı, müasir qeydetmə cihazlarından istifadə olunması yerin üst qatlarının struktur quruluşunu dəqiq müəyyən etməyə şərait yaradır. Kompleks seysmoloji-geofiziki tədqiqatların məlumatları əsasında seysmotomoqrafiya üsulu geoloji-geofiziki model qurmaq imkanı yaratmışdır. Seysmotomoqrafik alqoritmlərin öyrənilməsi və onların əsasında Talış zonasının Yer qabığının üçölçülü sürət modellərinin tərtib olunması seysmoloji tədqiqatlar üçün çox əhəmiyyətlidir. Hesablanmış sürət modelləri və zəlzələlərin ocaq mexanizmləri kataloqu əsasında alınan yeni məlumatlar vasitəsilə tektonik xəritələrin tərtib olunmasına, geoloji quruluşun və həmin ərazidə baş vermiş seysmo-geodinamik proseslərin izlənməsinə imkan yaradır.

Son illər tədqiqat sahəsində seysmik aktivliyin artımı, sürüşmə proseslərinin aktivləşməsi və onların xalq təsərrüfatı, sənaye, mülki və digər obyektlərə göstərdiyi dağıdıcı təsirin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi və yeni salınacaq yaşayış məntəqələri ərazilərində kompleks mühəndisi-geoloji işlərin daha düzgün yerinə yetirilməsi problemin aktuallığını bir daha artırır.