Ana Səhifə / Haqqımızda / Şöbələr / Yer təkində istilik-kütlə daşınma şöbəsi

Yer təkində istilik-kütlə daşınma şöbəsi

Şöbə rəhbəri: geologiya-mineralogiya elmləri doktoru Muxtarov Abdulvahab Şərif oğlu 

Telefon: (+99412) 5100141
Faks: (+99412) 4975285
E-mail: abdulvahab.mukhtarov@gmail.com

Azərbaycanda geotermik tədqiqatlara XIX əsrin sonlarından başlanılmışdır. Bu istiqamətin inkişafı Azərbaycanda geotermiyanın əsasını qoyan akademik Ş.F.Mehdiyevin və Geotermiya laboratoriyasının əsasını qoymuş və uzun müddət ona rəhbərlik etmiş geologiya-mineralogiya elmləri doktoru S.A.Əliyevin adı ilə bağlıdır.

Tədqiqatların əsas istiqamətləri:
  • quruda və dəniz akvatoriyalarında geotermik parametrlərin zaman-məkan paylanmasının tədqiqi;
  • Yerin istilik sahəsinin modelləşdirilməsi, çökmə hövzələrin istilik inkişaf modelləri;
  • palçıq vulkanlarının istilik sahəsinin tədqiqi;
  • geotermik ölçü cihazlarının işlənib hazırlanması.

Aparılan tədqiqatlar Azərbaycanın geotermik atlasının və geotermik xəritələrinin qurulmasına və tərtib olunmasına imkan yaratdı:
  • “Azərbaycan SSR-in geotermik xəritəsi”;
  • “Azərbaycan SSR-in hidrogeotermik xəritəsi”;
  • “Azərbaycan SSR-in depressiya zonalarının istilik seli xəritəsi”;
  • “Məhsuldar qatın dabanında temperaturun paylanması xəritəsi”;
  • “Məhsuldar qatın tavanında temperaturun paylanması xəritəsi”;
  • “Maykop lay dəstəsinin dabanında temperaturun paylanması xəritəsi”;
  • “6000 metrlik üfüqi kəsilişdə temperaturların paylanma xəritəsi”.
  • 13 neftli-qazlı rayon (NQR) və 2000-dən çox quyunu əhatə edən 105 struktur üzrə 10000-dən çox temperatur və istilikkeçirmə əmsalı, 7 NQR və 26 struktur üzrə 1000-ə qədər radiogen istilik generasiyası, 29 palçıq vulkanında ölçülmüş 200-dən çox nemperatur ölcüsü məlumatını özündə əksetdirən geotermik məlumat bankı yaradılmışdır.
  • Quyularda seysmik hadisələri qabaqlayan və ya müşayiət edən temperatur variasiyaları aşkarlanmışdır;
  • Saatlı dərin quyusunun lüləsi boyunca yer qabığının geotermik xüsusiyyətləri tədqiq olunmuş, Kür çökəkliyinin Saatlı sahəsinin geotermik modeli qurulmuş və istilik sahəsinin stasionar, radiogen və mantiya komponentləri qiymətləndirilmişdir.
  • Cənubi Xəzər hövzəsində neft və qazın generasiya zonalarının dərinliyini qiymətləndirməyə imkan verən hövzənin termal təkamülünün rəqəmli modeli işlənib hazırlanmış, müxtəlif dərinlik kəsilişlərində temperaturun paylanmasının sxematik xəritələri tərtib edilmiş və bunların əsasında Cənubi Xəzər çökəkliyinin istilik sahəsinin strukturu müəyyən edilmişdir.
  • Azərbaycanda quyu temperaturlarının inversiyası üzrə aparılmış tədqiqatların nəticələri göstərir ki, XIX əsrin birinci yarısından sonra bu regionda iqlim temperaturları təxminən 1-2°C artmışdır.

Laboratoriyanın kollektivi bir sıra geotermik ölçü cihazları hazırlamışdır:
  • quyuda istilik tarazlığının bərpa rejimini tədqiq etmək üçün quyu termometri (ölçmə dəqiqliyi 0,05oC, avtomatik rejimdə işləyir, nəticələr yaddaşda saxlanılır və ölçmə seansından sonra kompüterin yaddaşına ötürülür);
  • okean və dənizlərdə temperaturu, geotermal qradiyenti və dib çöküntülərinin istilikkeçirmə əmsalını ölçməklə istilik selinin sıxlığını təyin etməyə imkan verən dəniz termozondu;
  • həssaslığı 0,001oC olan dib termometri. Ölçmə dəqiqliyi - 0,02oC. Dəniz dibinin temperaturunu fasiləsiz ölçür və gəmidəki kompüterə ötürür.
  • Azərbaycanın geotermiyasının tədqiqinin nəticələri bir sıra monoqrafiyalarda öz əksini tapmışdır: “Azərbaycanın geologiyası(“Yer fizikası” cildi); “Azərbaycanda geofiziki tədqiqatlar”; “Saatlı dərin quyusu”; “Neft və qaz mədənlərində geotermik tədqiqatlar”; “Neft və qaz mədənlərinin istilik rejimi” və s.

Şöbənin əməkdaşları bir sıra beynəlxalq layihələrdə iştirak etmişlər:
  • CRDF-nin (ABŞ) NG-2285 saylı qrantı: “Palçıq vulkanlarının formalaşması və fəallaşması: qravimetrik, geotermik və geokimyavi məlumatların əsasında kəmiyyət modelləşdirilmə” (2002-2004).
  • CRDF-nin (ABŞ) AZ-G2-2607-MO-04 saylı qrantı: “Tez çökən Cənubi Xəzər hövzəsində seysmik məlumatlar əsasında çökmə süxurların geterogenliyi və qeyri-ənənəvi tələlər” (2004-2006);
  • NATO Expert Visit Ref. No. 981746 qrantı: “Global iqlim dəyişməsi ilə bağlı Azərbaycanda uzunmüddətli quyu temperaturlarının monitorinqi” (Çex Rrespublikası EA Geofizika İnstitutu ilə birgə) (2005).
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı: “Qafqaz-Xəzər regionunun paleo və müasir dinamikası: müasir cihazların tətbiqi ilə paleomaqnit və geotermal məlumat bazasının yenilənməsi” (2011-2012).
  • STCU-nun (Ukrayna) 5363 saylı qrantı: “Azərbaycanın istilik sahəsinin yeni GİS xəritə və modellərinin tərtibi və geotermal enerji resurslarının qiymətləndirilməsi” (2011-2013).
  • ARDNŞ Elm Fondunun (Azərbaycan) qrantı: “Abşeron yarımadasında neft-qaz istehsalı və emalı proseslərinin ətraf mühitin radioekoloji durumuna təsirinin qiymətləndirilməsi” (2012-2013).
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənclər qrantı: “Azərbaycanda ayrılıqda götürülmüş geotermal obyektlərin enerji potensialının qiymətləndirilməsi və istifadə perspektivlərinin araşdırılması (Carlı quyusunun timsalında)” (2014-2015).