Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Apr 2022 Diqər xəbərlər Diqər xəbərlər

UFAZ TƏLƏBƏLƏRİ GEOFİZİKA ÜZRƏ TƏCRÜBƏ KEÇİRLƏR


26 aprel 2022-ci il

Geologiya və Geofizika İnstitutunun “Seysmologiya, geomaqnetizm və petrofizika”, “Geotermiya”, “Seysmostratiqrafiya”, “Müasir geodinamika və kosmik geodeziya” şöbələrində Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin seysmologiya, geomaqnetizm, seysmostratiqrafiya, qravimetriya, geodinamika, Yerin istilik sahəsi üzrə təcrübələri davam edir.

İnstitutun “Seysmologiya, geomaqnetizm və petrofizika” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayevin rəhbərliyi altında UFAZ tələbələrindən Hamza İsmayilov və Tural Babayev, həmin şöbənin aparıcı elmi işçisi y.e.f,d., dosent Təhminə Qarayevanın rəhbərliyi altında UFAZ tələbələri Nəzrin Kərimli və Nicat Aslanov, həmin şöbənin aparıcı elmi işçisi y.e.f,d., Zöhrab Novruzovun rəhbərliyi altında UFAZ tələbəsi Ləman Məmmədova, “Geotermiya” şöbəsinin rəhbəri, elmlər doktoru Vahab Muxtarovun rəhbərliyi altında UFAZ tələbələri Emin Qardaşov və Məhəmməd Nəbizadə, “Seysmostratiqrafiya” şöbəsinin rəhbəri AMEA-nın həqiqi üzvü Pərviz Məmmədovun rəhbərliyi altında UFAZ tələbəsi Paşanur Mərdanov və “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin aparıcı elmi işçisi y.e.f.d., dosent Aynur Zamanovanın rəhbərliyi altında UFAZ tələbələri İlkin Səfərli və Gülnar Seyidli buraxılış işlərinin yerinə yetirilməsinə cəlb olunublar. H.İsmayilov “Güclü zəlzələlərin seysmik təsirini səciyyələndirən parametrlərin modelləşməsi”, T.Babayev “Deterministik seysmik təhlükənin qiymətləndirilməsi texnikası”, N. Kərimli “Böyük Dəhnə kəsilişində pliosen-pleystosen yaşlı çöküntülərin maqnitostratiqrafikası”, N.Aslanov “Kirzan kəsilişində pliosen-pleystosen yaşlı çöküntülərin maqnitostratiqrafikası”, L.Məmmədova “Paleomaqnit məlumatları üzrə Xəzər paleo-hövzəsinin transqressiyası və reqressiyası”, E.Qardaşov “Azərbaycan ərazisinin geotermal enerji potensialı”, M. Nəbizadə “Süxurların istilik xassələrinin tədqiqat üsulları (cihaz və avadanlıqlar)”, P.Mərdanov “Cənubi Xezer hovzesinin cokuntu qatinin seysmostratiqrafik tehlili”, İ.Səfərli “Cənubi Xəzər plitəsinin müasir geodinamik xüsusiyyətləri və dərinlik strukturu”, G.Seyidli “Cənubi Xəzər hövzəsinin seysmikliyinin zaman-məkan xüsusiyyətləri” mövzularda buraxılış işlərini yerinə yetirirlər.

Tələbələr təcrübə müddəti ərzində şöbələrdə cihaz və avadanlıqlarla, onların iş prinsipləri ilə tanış olmaqla yanaşı Azərbaycan ərazisinin seysmikliyi, güclü zəlzələlərin makroseysmik tədqiqatları, instrumental tədqiqatlar, Yer qabığının gərginlik vəziyyəti haqqında, seysmikliyinin zaman klasterləşməsi, zəlzələlərin təhlili, seysmik təzahür, stasionarlıq və seysmik rejimin xüsusiyyətləri barəsində biliklərə yiyələniblər. Həmçinin süxur nümunələrinin paleomaqnit xüsusiyyətini öyrənərək maqnitostratiqrafik şkala, Respublika ərazisində aparılmış termometriya tədqiqatlar, CXH-nin dərinlik quruluşu, onun konsolidə olunmuş qabığı və çöküntü qatı daxilində seysmostratiqrafik vahidləri, üsul və yanaşmalar haqqında nəzəri-təcrübi biliklər əldə ediblər. Tələbələr şöbələrdə yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzusuna uyğun metodiki yanaşmaları, hesablama pinsiplərini mənimsəyərək elmi işlərin aparılmasında yaxından iştirak ediblər.