Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Apr 2022 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI


29 aprel 2022-ci il

İclası giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə müqəddəs Ramazan ayının məziyyətlərindən qısaca məlumat verib, bu ayın fərəhinin bütün kollektiv üzvlərinə aid olduğunu söyləyib.

Akademik sonra elmi şura iclasının elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin gedişatına aid gündəliyi elan edib.

“Kompleks biostratiqrafik, litoloji-petroqrafik, biogeokimyəvi və geofiziki tədqiqatlar əsasında Cənub-Şərqi Qafqazın miosen çöküntülərinin stratiqrafiyası və paleocoğrafiyası”(2019-2022) üzrə işlərin gedişatı haqqında y.e.f.d. Şəfəq Bayramova, “Şərqi Qafqaz və Xəzər çökəkliyi hüdudlarında struktur-maddi komplekslərin qarşılıqlı münasibətləri, dərinlik və yarılma tektonikası modellərinin işlənib hazırlanması” (2020-2022) barədə AMEA-nın müxbir üzvü Tələt Kəngərli, “Azərbaycanın Paleontoloji Müzeyi” Atlasının tərtib edilməsi (2020-2022) haqqında b.e.n. Tariel Eybatov və y.e.f.d. Ş.Bayramova, “Duruca struktur-formasiya zonasında nadir və nadir torpaq elementlərinin potensialının geokimyəvi qiymətləndirilməsi” (2021-2022) mövzusunda işin icrası ilə bağlı g.-m.e.n. Rauf Kərimov ətraflı məlumat verib.

Daha sonra “Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq yamacı və Talış zonasının geoloji komplekslərinin müxtəlif strateji xammala (nadir torpaq elementləri, titan-maqnetit qumdaşıları) perspektivliyinin elmi qiymətləndirilməsi” mövzusunda ETİ-nin icrası ilə bağlı AMEA müxbir üzvü Tələt Kəngərlinin izahı dinlənilib, çoxsaylı suallar cavablandırılıb və işin icrasının ilin sonuna kimi sona çatdırılması tövsiyə edilib. Bundan sonra “Azərbaycanın istilik sahəsinin fiziki-riyazi modelləri” (2022–2026) barədə g.-m.e.d. Abdulvahab Muxtarovun təqdimatı reallaşıb, müzakirələr aparılıb və suallar cavablandırılaraq həmin işin ETİ proqramının İnstitutun tematik planına daxil edilməsi haqqında qərar qəbul edilib.

Elmi şuranın iclasında həmçinin GGİ “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin aparıcı elmi işçisi y.e.f.d. Rafiq Səfərovun Montpellier Universitetinə (Fransa) ezam olunması haqqında qərar təsdiqlənib.