
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
15 Mar 2021
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ NƏŞRLƏR HAZIRLANIR
15 mart 2021-ci il
AMEA (GGİ) gənc nəsl tərəfindən nəzəri və tətbiqi biliklərin əldə edilməsinin, mənimsənilməsinin, gənc alim kadrları hazırlanmasının səmərəliliyini artırmaq məqsədilə müasir tələblərə cavab verən “Nəzəri və tətbiqi geologiya kursu” nəşrlərinin hazırlanmasına başlanılıb. İnstitut rəhbərliyinin ideyası və rəhbərliyi ilə reallaşan bu kitabların geologiyanın 11 istiqamətini əhatə edəcəyi planlaşdırılır. Artıq 2 nəşr - “Karbohidrogen sistemləri” və “Neft və qazın birbaşa geofiziki və geokimyəvi axtarış üsulları” çapdan çıxıb.
“Karbohidrogen sistemləri” nəşrinin müəllifi AMEA-nın həqiqi üzvü Əkpər Feyzullayevdir. Dərs vəsaitində karbohidrogen sistemlərinə daxil olan, neft və qaz yataqlarının əmələ gəlməsi, saxlanılması üçün zəruri bütün geoloji element və proseslərə qısaca baxılıb. Bu vəsait «Neft və qazın geologiya və geokimyası» tədris kursu üzrə maqistrantlar və doktorantlar üçün nəzərdə tutulub. Kursun mənimsənilməsi zamanı əldə edilən biliklər neft və qazın ontogenezi haqqında bütövlükdə təsəvvür yaradacaq, nəticədə tədqiq olunan hövzənin karbohidrogen potensialının qiymətləndirilməsi, eləcə də neft-qaz axtarışının perspektivli istiqamətlərinin müəyyən edilməsi üçün əsas yaradacaq.
“Neft və qazın birbaşa geofiziki və geokimyəvi axtarış üsulları” (müəlliflər: AMEA -nın həqiqi üzvü Əkpər Feyzullayev, g.-m.e.d. Tofiq Əhmədov və Yer elmləri üzrə fəlsəfə doktoru Səbinə Abbasova) dərs vəsaiti «Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı», «Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları», «Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları» ixtisaslarının vacib tərkib hissəsi olan «Neft və qazın birbaşa geokimyəvi və geofiziki axtarış üsulları» fənninə aiddir. Bu nəşr fənnin inkişaf tarixi, mahiyyəti, məqsədi və karbohidrogenlərin təsir zonasında geoloji mühitin geokimyəvi, geofiziki xüsusiyyətləri haqqında qısa, eyni zamanda kifayət qədər dolğun məlumatların əldə edilməsində tələbələrə kömək edəcək.
Hazırda GGİ-də “Nəzəri və tətbiqi geologiya kursu”nun digər 9 istiqaməti üzrə dərs vəsaitlərinin hazırlanması işi davam etdirilir.

