Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN DİREKTORU BEYNƏLXALQ ELMİ FORUMUN AÇILIŞINDA İŞTİRAK EDİB
13 noyabr 2026-cı il tarixində Ukraynanın İvano-Frankivsk Milli Texniki Neft və Qaz Universitetinin təşkilatçılığı ilə “Neft-qaz energetikası – 2026” beynəlxalq elmi forumu öz işinə başlayıb.
Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun direktoru, texnika elmləri doktoru Elçin Vəliyev forumun açılış mərasimində onlayn formatda iştirak edərək ukrayna dilində təbrik nitqi ilə iştirakçılara və təşkilatçılara müraciət edib.
Forumun proqramına əsasən, açılış mərasimində Elçin Vəliyevlə yanaşı, Ukraynanın “Naftoqaz” Milli Səhmdar Şirkətinin İdarə Heyəti sədrinin vəzifəsini icra edən Serhiy Fedorenko, İvano-Frankivsk Milli Texniki Neft və Qaz Universitetinin rektoru, professor İqor Çudık, Polşanın AGH Krakov Universitetinin professoru Mixal Bembenek, Ukrayna Energetika və Təbii Ehtiyatlar Assosiasiyasının direktor müavini, “Newfolk” Neft-Qaz Konsaltinq Mərkəzinin baş direktoru Andriy Zakrevski, həmçinin İtaliyanın “Renovua S.p.A.” şirkətinin Direktorlar Şurasının sədri Stefano Nikolussi Rossi də təbrik çıxışları üçün nəzərdə tutulmuş şəxslər sırasında yer alıblar.
Çıxışında neft-qaz sənayesinin aktual elmi-texniki problemlərinə toxunan E. Vəliyev xüsusilə uzun müddət istismarda olan yataqların işlənməsi, neftvermənin artırılması, innovativ texnologiyaların tətbiqi və elmi nəticələrin istehsalatda istifadəsinin əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə mühəndislərlə alimlərin birgə fəaliyyətinin, laboratoriya tədqiqatlarının və beynəlxalq elmi əməkdaşlığın mühüm rol oynadığını qeyd edib.
E. Vəliyev vaxtilə təhsil aldığı İvano-Frankivsk Milli Texniki Neft və Qaz Universiteti ilə bağlı xatirələrini bölüşərək elmi və peşəkar fəaliyyətinin formalaşmasında əməyi olan müəllimlərinə təşəkkürünü bildirib.
Geologiya İnstitutu ilə universitet arasında elmi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirən institut rəhbəri birgə tədqiqatların aparılması, yeni texnologiyaların laboratoriya şəraitində sınaqdan keçirilməsi, eləcə də Azərbaycan və Ukraynadan olan gənc alimlərin ortaq elmi layihələrə cəlb olunması imkanlarına diqqət çəkib.
Çıxışının sonunda E. Vəliyev ukraynalı şair Mikola Sinqayevskinin sülh və əmin-amanlıq mövzusunda şeirindən misralar səsləndirərək ukraynalı həmkarlarına və onların ailələrinə sülh, sağlamlıq və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Ətraflı məlumat üçün linke keçid edin: