Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTU PALÇIQ VULKANLARININ MONİTORİNQİ ÜZRƏ ELMİ EKSPEDİSİYA KEÇİRİB
Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ tərəfindən palçıq vulkanlarının müasir aktivlik vəziyyətinin öyrənilməsi və monitorinqinin aparılması məqsədilə oktyabr ayında Qobustan, Şamaxı və İsmayıllı rayonlarını əhatə edən elmi ekspedisiya keçirilib.
İnstitutun “Neft-qaz-mədən geologiyası” laboratoriyasının müdiri, yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasovun rəhbərlik etdiyi ekspedisiyada laboratoriyanın elmi işçiləri Elnur Baloğlanov və Ruslan Axundov, eləcə də mühəndis Orxan Mehdiyev iştirak ediblər.
Sahə tədqiqatları zamanı son dövrdə aktivləşmiş eruptiv mərkəzlərdə səthə çıxan palçıq kütlələrinin hərəkət istiqamətləri və yayılma arealları müəyyənləşdirilib. Həmçinin paroksizmal püskürmələr nəticəsində formalaşmış tektonik dislokasiyaların xüsusiyyətləri qeydə alınıb. Vulkan püskürmələri ilə bağlı yerli mənbələrdən əldə edilən məlumatlar birbaşa sahə müşahidələrinin nəticələri ilə müqayisə olunub.
Ekspedisiya çərçivəsində aktiv palçıq vulkanlarından palçıq və su nümunələri götürülüb. Hazırda toplanmış materiallar laboratoriya analizlərinin aparılması üçün hazırlanır.
Geologiya İnstitutunun təşkil etdiyi bu elmi ekspedisiya palçıq vulkanlarının aktivlik dinamikasının öyrənilməsi və əldə olunan sahə materiallarının laboratoriya tədqiqatları əsasında təhlili baxımından əhəmiyyət daşıyır.