Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN ELMİ ŞURASINDA TƏDQİQAT LAYİHƏLƏRİNİN ARALIQ HESABATLARI MÜZAKİRƏ OLUNUB.
2026-cı il oktyabrın 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ-nin Elmi Şurasının iki gün davam edən iclasının növbəti mərhələsi keçirilib. Elmi Şuranın gündəliyinə daxil edilmiş əsas məsələlərdən biri SOCAR-ın “Elm və Təhsil Fondu”nun dəstəyi ilə həyata keçirilən tədqiqatların cari vəziyyəti və elmi nəticələrinin qiymətləndirilməsi olub.
İclası Elmi Şuranın sədri Elçin Vəliyev açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İlk olaraq akademik Akif Əlizadənin rəhbərlik etdiyi “Böyük Qafqazın cənub yamacında qeyri-struktur tələlərin paleorekonstruksiyası və geokimyəvi təhlili” layihəsi üzrə aralıq hesabat təqdim olunub. Çıxış zamanı aparılmış tədqiqatların əsas istiqamətləri və əldə olunan nəticələr barədə məlumat verilib. Hesabat ətrafında geniş elmi müzakirə aparılıb, layihənin metodoloji yanaşmaları və nəticələrinin elmi əsaslandırılması ilə bağlı fikir mübadiləsi gerçəkləşib.
Daha sonra akademik Əkbər Feyzullayevin rəhbərlik etdiyi “Abşeron yarımadası yataqlarında istismar obyektlərinin tükənmə dərəcəsinin təhlili və qalıq neft hasilatı üçün perspektiv obyektlərin müəyyənləşdirilməsi” layihəsinin aralıq hesabatı dinlənilib. Müzakirələr zamanı yataqların işlənmə vəziyyətinin qiymətləndirilməsi, qalıq neft ehtiyatlarının müəyyənləşdirilməsi və neftvermə əmsalının artırılması imkanları nəzərdən keçirilib. Elmi Şuranın sədri Elçin Vəliyev hesabatla bağlı öz elmi mülahizələrini və tövsiyələrini bölüşərək tədqiqatın ayrı-ayrı istiqamətləri üzrə fikirlərini diqqətə çatdırıb. Neftvermə əmsalına təsir göstərən geoloji və texnoloji amillər, eləcə də mövcud ehtiyatlardan səmərəli istifadə imkanları ətrafında elmi diskussiya aparılıb.
İclas çərçivəsində g.-m.e.n. Q.N. Qəhrəmanovun rəhbərlik etdiyi “Quyuların sulanmasına qarşı perspektiv mübarizə üsullarının müqayisəli təhlili və səmərəli texnoloji həllərin işlənməsi” layihəsi üzrə də aralıq hesabat təqdim edilib. Layihə çərçivəsində quyuların sulanması probleminin öyrənilməsi, mübarizə üsullarının müqayisəli qiymətləndirilməsi və səmərəli texnoloji həllərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər gündəlikdə yer alıb.
Elmi Şuranın iclası institutda həyata keçirilən elmi-tədqiqat layihələrinin gedişinin qiymətləndirilməsi, tədqiqat istiqamətləri üzrə elmi yanaşmaların müzakirəsi və əldə olunan nəticələrin praktiki əhəmiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Bu müzakirələr geoloji tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və elmi potensialın istehsalat ehtiyacları ilə əlaqələndirilməsinə xidmət edir.