Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

OTMANBOZDAĞ PALÇIQ VULKANINDA NÖVBƏTİ PÜSKÜRMƏ QEYDƏ ALINIB.

Sentyabrın 26-da Abşeron rayonu ərazisində yerləşən Otmanbozdağ palçıq vulkanı yenidən aktivləşib. Bu, vulkanın instrumental və tarixi müşahidələr əsasında qeydə alınmış 12-ci püskürməsidir. Hadisə zamanı vulkanda güclü alovlanma müşahidə olunub. Otmanbozdağ son illərdə aktivliyi ilə seçilən palçıq vulkanlarından biridir. Vulkanın əvvəlki püskürmələri 2017, 2018 və 2025-ci illərdə qeydə alınıb. 2025-ci ildə baş vermiş püskürmə zamanı alov sütununun hündürlüyü təxminən 1000 metrə çatıb. Hadisə ilə bağlı Geologiya İnstitutunun laboratoriya müdiri, yer elmləri üzrə elmlər doktoru Orxan Abbasov Azertac-a verdiyi müsahibəsində bildirib ki, Otmanbozdağ dünyanın iri və aktiv palçıq vulkanlarından biri kimi elmi baxımdan xüsusi əhəmiyyət daşıyır. Alimin sözlərinə görə, Azərbaycanda palçıq vulkanizminin öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparan əsas elmi müəssisə kimi Geologiya İnstitutu bu cür püskürmələrin elmi cəhətdən araşdırılmasına xüsusi diqqət yetirir.
 
Aparılacaq tədqiqatların nəticələri Otmanbozdağ palçıq vulkanının son aktivliyi barədə daha ətraflı elmi məlumatların əldə edilməsinə imkan verəcək. Eyni zamanda, yeni püskürmə ilə bağlı toplanacaq materiallar palçıq vulkanizminin müxtəlif istiqamətlərinin araşdırılması məqsədilə öyrəniləcəkdir.