Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

“SABAH.city” VƏ GEOLOGİYA İNSTİTUTU ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB.

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (“Texnopark”) nəzdində həyata keçirilən, müasir innovasiya, elm, təhsil və sahibkarlıq mühitini bir araya gətirməyi hədəfləyən “SABAH.city” innovasiya şəhərciyi ilə Geologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.


“SABAH.city” ölkədə yeni nəsil innovasiya ekosisteminin formalaşdırılmasına, elmi ideyaların innovativ texnoloji həllərə və praktik təşəbbüslərə çevrilməsinə, eləcə də tədqiqat institutları, ali təhsil müəssisələri və sənaye arasında səmərəli əməkdaşlıq mühitinin yaradılmasına yönəlmiş perspektivli təşəbbüslərdən biridir.


Memorandumun əsas məqsədi tərəflər arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə uzunmüddətli və səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, elmi-tədqiqat potensialının sənayenin müasir tələbləri ilə uzlaşdırılması, birgə layihələrin həyata keçirilməsi və elmi nəticələrin praktik tətbiq imkanlarının genişləndirilməsidir.


Əməkdaşlıq çərçivəsində elmi və texnoloji innovasiyaların dəstəklənməsi, tədqiqat nəticələrinin kommersiyalaşdırılması, yeni texnologiyaların tətbiqi, həmçinin elm–təhsil–sənaye əlaqələrinin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur.


İmzalanmış memorandum Geologiya İnstitutunun elmi potensialının “SABAH.city”nin formalaşdırdığı innovasiya mühitinə inteqrasiyasına, elmi biliklərin iqtisadi və texnoloji dəyərə çevrilməsinə, eləcə də müasir geologiya və əlaqəli sahələr üzrə yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək.