Ana Səhifə / Xəbərlər

Xəbərlər

08 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

GÖRKƏMLİ GEOFİZİK ALİM PƏRVİZ MƏMMƏDOV VƏFAT EDİB

Pərviz Məmmədov 1937-ci il yanvarın 12-də Bakı şəhə­rində anadan olmuşdur. 1959-cu ildə Azər­bay­can Neft və Kimya İnstitutunu (indiki Azərbay­can Dövlət Neft və Sənaye Universiteti) mühəndis-geofizik ixtisası üzrə fərqlən­mə diplomu ilə bitirmişdir.


P.Məmmədov 1967-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1992-ci il­də geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, 1993-cü ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.


P.Məmmədov əmək fəaliyyətinə 1959-cu ildə Azərbaycan Neftçıxar­ma üzrə Elmi tədqiqat İnstitutunda texnik-operator vəzifəsindən başlayaraq 1965-ci ilə qədər ardıcıl olaraq böyük radiotexnik, mühəndis-geofizik, bö­yük mühəndis vəzi­fələrində işləmişdir. P.Məmmədov 1958-1966-cı illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Geo­fi­zika İnstitu­tunun Azər­bay­can filialında böyük mühəndis, elmi işci vəzifələ­rində işlə­miş­dir. O, 1968-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının Geo­fi­ziki kəşfiyyat üsul­ları kafedrasında assistent, dosent, professor, kafedra müdi­ri, elmi işlər üzrə prorektor və rektor vəzifələrində işləmişdir. O, 2017-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda əvəzçilik üzrə “Seysmostratiqrafiya” şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərmişdir.


P.Məmmədov beynəlxalq aləmdə tanınmış geofizik alimdir. O, geofizikada ilk dəfə seysmik dalğaların spektral analizinin geoloji effektliyini tədqiq etmiş, keçmiş SSRİ-də dalğaların dinamik xassələrinin geofiziki interpretasiyada səmərəsini əsas­landıran ilk tədqiqatçılardandır. 1980-1990-cı illərdə neftli-qazlı çöküntüləri aşkar­lamaq imkanı verən «Seysmostratiqrafiya» üsulunun inkişafında və Cənubi Xəzər dibinin və çöküntü qatının öyrənilməsində onun elmi nailiyyətləri istər keçmiş SSRİ məkanında, istər­sə də ABŞ və Avropa geo­fizikləri tərəfindən yüksək qiymətləndiril­mişdir. O, Cənubi Xəzər meqaçökəkli­yinin iyerarxiyasını öyrənmiş, dənizdə bir neçə qeyri-antiklinal tipli neft-qaz yatağı aşkarlamış və istehsalata tövsiyə etmiş, bir sıra xarici şirkətlərin sifari­şilə elmi tədqiqatlar aparmışdır. Bey­nəl­xalq elmi layihələr üzrə (INTAS, CRDF, MEBE-Orta Şərq hövzə­lərinin təkamülü və DARIUS) elmi tədqiqat­ların rəh­bəri və icraçısı olmuşdur.


P.Məmmədov elmi-pedaqoji fəaliyyətlə yanaşı, elmi-təşkilati və icti­mai işlərlə də fəal məşğul olmuş, bir sıra elmi jurnalın redaksiya heyət­lərinin üzvü olmuşdur. Ame­rika-Azərbaycan Elmin İnkişafı Fondunun (CRDF), ARDNŞ-nin Elm Fondunun eks­perti, AMEA Yer Elmləri Bölməsinin akade­mik-katibinin müavini, AMEA-nın Geolo­giya və Geofizika İnstitutu nəzdin­dəki dissertasiya şurasının sədr müavini, ADNA-da Magistr İxtisaslaşmış Şurasının sədri olmuşdur.


P.Məmmədov Beynəlxalq Geofizika Cəmiyyətinin (SEG), Amerika Neftçi-Geo­loq­lar Assosiasiyasının (AAPG) və Avropa Geoelmləri Mühən­dis­ləri Assosi­asi­ya­sının (EAGE) üzvü, həmçinin Beynəlxalq Mühəndislər Akademiyasının (Rusiya) müx­bir üzvü olmuşdur.

 

P.Məmmədov 240-dan artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 10 fəl­səfə doktoru hazırlanmışdır.


P.Məmmədov səmərəli elmi-pedaqoji fəaliyyətinə görə AR Elm və Təhsil Nazirliyi­nin və AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. 2005-ci ildə Avrasiya Geofiziklər Assosiasiyasının qərarı ilə geofizika elminin inkişafın­da nai­liyyətlərinə görə onun adı “Rusiyanın görkəm­li geofizikləri” ensiklopedi­yasına sa­lın­mışdır. 2010-cu ildə “Görkəmli geofi­zik S.Q.Komarov” adına medal­la təltif olun­muş ilk azərbaycanlı alimdir.


Allah rəhmət eləsin!