Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
İNSTİTUT ƏMƏKDAŞININ HƏMMÜƏLLİFİ OLDUĞU NÖVBƏTİ MƏQALƏ NÜFUZLU BEYNƏLXALQ JURNALDA DƏRC OLUNUB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ-nin əməkdaşı, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasovun həmmüəllifi olduğu yeni elmi məqalə “Springer Nature” nəşriyyatının “Journal of Molecular Modeling” jurnalında dərc olunub.
“Quantum topological modeling of asphaltene stabilization: Unraveling steric shielding effects” adlı tədqiqat neftin ağır komponentlərindən olan asfaltenlərin aqreqatlaşmasının və çökməsinin qarşısının alınmasına həsr edilib. Tədqiqatda Xəzəryanı-Quba rayonunun Zağlı yatağının neftindən ayrılmış asfaltenlərdən istifadə olunub.
Eksperimental tədqiqatlar göstərib ki, xüsusi inhibitorun tətbiqindən sonra asfalten aqreqatlarının orta ölçüsü əhəmiyyətli dərəcədə azalaraq 42,4 nanometrdən 17,7 nanometrə düşüb. Molekulyar modelləşdirmə nəticələri inhibitorun asfalten hissəciklərinin ətrafında qoruyucu maneə yaradaraq onların yenidən birləşməsini və iri aqreqatlar əmələ gətirməsini zəiflətdiyini göstərib. Bu yeniliklər ağır neftlərin hasilatı və nəqli zamanı asfalten çökməsi ilə bağlı problemlərin idarə olunması üçün daha effektiv kimyəvi reagentlərin hazırlanması baxımından əhəmiyyət daşıyır.
Məqalənin digər həmmüəllifləri sırasında AR ETN akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Ülviyyə Yolçuyeva, Rəna Cəfərova, Ayaz Məmmədov, Lala Əfəndiyeva, Nazlı Mehdiyeva və Emin Əzizbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı Elfana Qasımova, həmçinin Tunisin Monastir Universitetindən Gassoumi Bouzid, Sahbi Ayachi və Mohamed Achraf Bouicha, Meksikanın Baja California Muxtar Universitetindən Eduardo Alberto Lopez Maldonado yer alıblar.
Tədqiqat Azərbaycan, Tunis və Meksika alimlərinin beynəlxalq elmi əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Məqalənin dərc olunduğu Journal of Molecular Modeling molekulyar modelləşdirmə sahəsində ixtisaslaşan, Web of Science (IF = 2,9) və Scopus (CiteScore = 4,6) bazalarında indeksləşən beynəlxalq elmi jurnaldır.
Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://link.springer.com/article/10.1007/s00894-026-06902-5#citeas