Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Jul 2026 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN GƏNC TƏDQİQATÇISI BÖYÜK BRİTANİYADA MARSIN GEOLOGİYASINA DAİR ELMİ İŞİNİ TƏQDİM EDİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu beynəlxalq miqyaslı elmi platformalarda fəal təmsil olunmaqda davam edir. İnstitutun "Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası" şöbəsinin kiçik elmi işçisi Telli Həmzəyeva Böyük Britaniyanın Mançester Universitetində təşkil olunmuş “Mineralogiya Cəmiyyətinin 150 illiyi: Keçmiş kəşflər və gələcək perspektivlər” ("Mineralogical Society at 150: Past Discoveries and Future Frontiers") adlı nüfuzlu beynəlxalq konfransda iştirak edib.

 

Tədbirin poster sessiyasında çıxış edən gənc alim qlobal elmi ictimaiyyətin diqqətinə planetar geologiyanın ən aktual və maraq doğuran istiqamətlərindən birini çatdırıb. O, konfrans iştirakçılarına “Marsda sulfatla zəngin duzlu sularda hetitin dəyişməsi: üzvi molekulların qorunması üçün əhəmiyyəti” (Goethite alteration in sulphate-rich brines on Mars: Implications for organic molecule preservation) mövzusunda elmi işin nəticələrini təqdim edib.

 

Qeyd olunmalıdır ki, bu innovativ tədqiqat işi yerli qurumlararası sıx əməkdaşlığın uğurlu nəticəsidir. Belə ki, tezis Geologiya İnstitutunun nümayəndəsi T. Həmzəyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədqiqatçı-müəllimi Elşən Abdullayev və Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr tələbəsi Nuru Qasımovun birgə elmi fəaliyyəti çərçivəsində ərsəyə gətirilib.

 

Kosmik tədqiqatlar və astrobiologiya ilə səsləşən bu cür qabaqcıl mövzuların Böyük Britaniya kimi dünya elminin mərkəzlərindən birində müzakirəyə çıxarılması mühüm hadisədir. Bu, həm yerli tədqiqatçıların ən müasir elmi trendlərə inteqrasiya olunduğunu göstərir, həm də müxtəlif elm və təhsil müəssisələrimiz arasındakı ortaq fəaliyyətin Azərbaycan elminin beynəlxalq nüfuzunun artırılmasındakı rolunu bir daha təsdiqləyir.

GEOLOGİYA İNSTİTUTUNUN GƏNC TƏDQİQATÇISI BÖYÜK BRİTANİYADA MARSIN GEOLOGİYASINA DAİR ELMİ İŞİNİ TƏQDİM EDİB
GEOLOGİYA İNSTİTUTUNUN GƏNC TƏDQİQATÇISI BÖYÜK BRİTANİYADA MARSIN GEOLOGİYASINA DAİR ELMİ İŞİNİ TƏQDİM EDİB
next
next