Ana Səhifə / Xəbərlər

Xəbərlər

01 Jul 2026 Nəşrlər Nəşrlər

GEOLOQ ALİMLƏRİN TƏDQİQAT NƏTİCƏLƏRİ NÜFUZLU BEYNƏLXALQ JURNALLARDA DƏRC OLUNUB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ-nin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış iki elmi məqalə neft-qaz sənayesinin aktual texnoloji problemlərinə və ölkəmizin yeni enerji resurslarının öyrənilməsinə həsr olunaraq “Web of Science” və “Scopus” bazalarında indeksləşən Q1 kateqoriyalı nüfuzlu beynəlxalq jurnallarda dərc edilib.


Birinci məqalə multispektral spektroskopik üsulların və kvant-kimyəvi modelləşdirmənin inteqrasiyası əsasında “Qarabağ” yatağı neftinin timsalında asfalten çökməsi risklərinin molekulyar səviyyədə proqnozlaşdırılmasına həsr olunub. Tədqiqat işi “Spectrochimica Acta Part A: Molecular and Biomolecular Spectroscopy” jurnalında çap edilib.


Məqalənin müəllifləri sırasında İnstitutun əməkdaşı, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, həmçinin AR ETN akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları — akademik Vaqif Abbasov, Ayaz Məmmədov, Rəna Cəfərova, Rəvan Rəhimov və Günay Hacıyeva, eləcə də Türkiyə, Meksika və Tunisdən olan alimlər — Mustafa Demiralp, Neşe Çakmak, Eduardo Maldonado və Gassoumi Bouzid yer alıb.


İkinci elmi məqalə Azərbaycanın Kaynozoy yaşlı çöküntülərində şist nefti və qazının geoloji-geokimyəvi qiymətləndirilməsinə həsr olunub və “Journal of Mining Institute” jurnalında dərc edilib. Tədqiqat nəticəsində ölkəmiz üçün qeyri-ənənəvi karbohidrogen resursları kimi sintetik neft və qaz potensialının mövcudluğu elmi cəhətdən əsaslandırılıb, onların sənaye perspektivliyi qiymətləndirilib.


Bu məqalənin müəllifləri sırasında İnstitutun baş elmi işçisi Orxan Abbasov, elmi işçiləri Elnur Baloğlanov və Ruslan Axundov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İbrahim Quliyev, AR ETN akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Ülviyyə Yolçuyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Rauf Əliyarov, “AzerGold” QSC-dən Emil Qasımov və Rusiyanın Sankt-Peterburq Dağ-mədən Universitetindən Dmitri Mardaşov yer alıb.


Məqalələrlə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

https://www.sciencedirect.com/science/article/abs/pii/S1386142526008231

https://pmi.spmi.ru/pmi/article/view/16707?setLocale=en_US

GEOLOQ ALİMLƏRİN TƏDQİQAT NƏTİCƏLƏRİ NÜFUZLU BEYNƏLXALQ JURNALLARDA DƏRC OLUNUB
GEOLOQ ALİMLƏRİN TƏDQİQAT NƏTİCƏLƏRİ NÜFUZLU BEYNƏLXALQ JURNALLARDA DƏRC OLUNUB
next
next