Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNDA “İNSAN HÜQUQLARI AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində ETN Geologiya İnstitutunda (Gİ) “İnsan hüquqlarının və azadlığının mahiyyəti” mövzusunda tədbir reallaşıb.
Tədbirdə Geologiya İnstitutu direktorunun vəzifəsini icra edən texnika elmləri doktoru Elçin Vəliyev və Gİ-nin ümumi işlər üzrə direktor müavini Samir Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İnstitutun Gənclər Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev gənc alimlər arasında hüquq maarifçiliyinin əhəmiyyətini xatırladaraq mühazirə üşün sözü Geologiya İnstitutunun hüquqşünası Rzaqulu Hacıyevə verib.
Natiq bildirib ki, ölkəmizdə hər il 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” keçirilir. Bu təşəbbüs Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquqlarının təbliği, əhalinin hüquqi maarifləndirilməsi və hüquq mədəniyyətinin inkişafı məqsədilə elan olunur. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklər götürərək 2001-ci ildə Avropa Şurasına üzv olub və əsas beynəlxalq insan hüquqları konvensiyalarına qoşulub. Respublikamızda vətəndaş hüquqlarının təmin edilməsində ASAN xidmət və DOST Agentliyi mühüm rol oynayır. Bu qurumlar dövlət və sosial xidmətlərin vətəndaşlara daha əlçatan, şəffaf və operativ şəkildə təqdim olunmasına xidmət edir.
Mühazirəçi daha sonra vurğulayıb ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaq və qadın hüquqlarının müdafiəsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial müdafiə, rəqəmsal hüquqlar və kiber təhlükəsizlik kimi mövzular üzrə maarifləndirici tədbirlər həyata keçirilir. Bu təşəbbüs cəmiyyətdə insan hüquqlarına hörmətin və hüquqi şüurun formalaşmasına mühüm töhfə verir.
Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Müvəkkilin mövzu ilə bağlı hazırladığı qısametrajlı sənədli videolent nümayiş etdirilib.
Mühazirədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda Geologiya İnstitutu direktorunun vəzifəsini icra edən texnika elmləri doktoru Elçin Vəliyev maraqlı mühazirəyə görə Rzaqulu Hacıyevə kollektiv adından təşəkkür edib.