Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ LABORATORİYA FƏALİYYƏTƏ BAŞLAYIB
ETN Geologiya və Geofizika İnstitutunda “İzotop – geokimyəvi tədqiqatlar” laboratoriyasının açılışı olub. Açılış mərasimində AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, ETN Coğrafiya İnstitutunun, Neft və Qaz İnstitutunun, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərləri və digər elmi təşkilatların nümayəndələri iştirak ediblər.
ETN Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə qonaqları salamlayaraq yeni laboratoriya haqqında məlumata verib. Alim bildirib ki, “İzotop – geokimyəvi tədqiqatlar” laboratoriyasında aparılan fundamental elmi araşdırmalar müasir yüksək texnologiyalı tədqiqat üsullarının tətbiqinə əsaslanır və bu da öz növbəsində alınan nəticələrə görə dünyada geologiya elmində layiqli yer tutmağa imkanlar verir.
İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov yeni laboratoriyanın funksiyası ilə bağlı geniş məlumat təqdim edib. Bildirilib ki, Geologiya və Geofizika İnstitutu geologiya elminin müxtəlif sahələrində genezis problemlərinin həlli istiqamətində izotop-geokimyəvi üsullardan istifadə etmək üçün “IsoPrime 100/elementar izotop masspektrometri və SHİMADZU GS-2030 qaz xromatoqrafı” avadanlıqları Elm və Təhsil Nazirliyinin dəstəyi ilə əldə edilib. “İzotop-geokimyəvi tədqiqatlar” laboratoriyası da həmin cihazlardan hərtərəfli və səmərəli istifadə etmək məqsədi ilə yaradılıb. Laboratoriyada yüksək həssaslığa, dəqiqliyə və ayırdedicilik qabiliyyətinə malik qurğular vasitəsilə tətqiq olunan nümunələrdə hidrogenin (δ²H), karbonun (δ¹³C), oksigenin (δ¹⁸O), azotun (δ¹⁵N) və kükürdün (δ³⁴S) stabil izotoplarının nisbətinin qiyməti təyin ediləcək. Qeyd olunan elementlərin stabil izotop nisbətlərinin qiyməti müxtəlif növ elmi məsələlərin həllində istifadə olunur. Həmçinin, laboratoriyada qaz xromatoqrafı vasitəsilə təbii qazlarda mövcud olan komponentlər və onların konsentrasiyası müəyyənləşəcək. Məsələn, təbii qazlarda metan, etan, propan, butan, izo-butan, n-butan və s. kimi komponentlərin konsentrasiyasını müəyyən etmək mümkün olacaq.
D.Hüseynov vurğulayıb ki, analitik işlərin yerinə yetirilməsi zamanı nümunə hazırlığı mərhələsi vacib hesab edilir. Bu mərhələdə müxtəlif növ qurğu, alət, istehlak materialları və kimyəvi maddələrdən istifadə olunur.
“İzotop-geokimyəvi tədqiqatlar” laboratoriyasının rəhbəri Fuad Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırarkən vurğulayıb ki, laboratoriyada ayrıca nümunə hazırlığı otağı yaradılıb və burada müasir avadanlıqlar quraşdırılıb. Məsələn, analiz olunacaq nümunələrin çəkisini müəyyən etmək üçün Polşa istehsalı olan Radwag şirkətinin analitik tərəzisindən istifadə olunur. Tərəzinin dəqiqliyi 10-6 qram təşkil edir. Beləliklə, yeni laboratoriyanın potensialı ekoloji tədqiqatlarda, tibb sahəsində, kənd təsərrüfatı işlərində, qida təhlükəsizliyində və bir çox digər uyğun sahələrdə tətbiqinə imkan yaradır.