Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AMEA-nın YER ELMLƏRİ BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞINDA 2025-ci İLDƏ ƏLDƏ EDİLMİŞ ELMİ NƏTİCƏLƏR MÜZAKİRƏ OLUNUB
AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) Ümumi yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev cari ildə bölmənin əhatə etdiyi elmi müəssisələrdə aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri, nüfuzlu elmi jurnallarda nəşr olunmuş məqalələr, bölmənin beynəlxalq əlaqələri və keçirilən tədbirlər haqqında danışıb.
Daha sonra bölmənin elmi katibi Sadıx Nəbiyev iştirakçılara elmi tədqiqat institutlarının bölməyə təqdim etdiyi mühüm elmi nəticələr barədə məlumat verib. Qeyd edilib ki, elmi tədqiqat müəssisələri tərəfindən bölməyə yer elmlərinin bütün sahələrini əhatə edən 40-dan çox mühüm elmi nəticə təqdim olunub, cari ildə peyk məlumatlarının, süni intellektin, İnSAr texnologiyalarının tətbiqi ilə aparılmış elmi tədqiqatların sayı xeyli artıb, Cənubi Xəzər hövzəsinin neft ehtiyatlarının, Qarabağın və Şərqi Zəngəzurun faydalı qazıntılarının, Xəzər səviyyə dəyişikliklərinin, nadir və nadir torpaq elementlərinin təzahürlərinin, alternativ enerji mənbələrinin öyrənilməsinə daha çox diqqət yetirilib.
Müzakirələrdə akademiklər İbrahim Quliyev, Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvləri Qalib Əfəndiyev, Qərib Calalov, Qurban Yetirmişli, Rauf Qardaşov, Dadaş Hüseynov, Qalib Əfəndiyev çıxış edib, təqdim edilmiş elmi nəticələrlə bağlı rəylərini bildiriblər. Təqdim edilən elmi nəticələrin qiymətləndirilməsi üçün meyarların dəqiqləşdirilməsi və konkretləşdirilməsi təklif olunub.
Daha sonra bölmənin müəssisələrində 2025-ci ildə aparılmış tədqiqat işlərinin yekunlarına dair hesabatlar yekdilliklə qəbul olunub.
İclasın sonunda AMEA-nın 80 illiyi münasibətilə hazırlanmış və yenicə çapdan çıxmış “Azərbaycanın yer elmləri 80 illik zaman kəsiyində - zəngin və şərəfli tarixin səhifələri” kitabının ilk nüsxələri bölmənin üzvlərinə təqdim edilib.